XİN sübutlar təqdim edib: 2 apreldə hücum edən tərəf Ermənistandır
“Dağlıq Qarabağda son hərbi əməliyyatların bilavasitə Ermənistan tərəfindən başladıldığını sübut edən dəlillər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən müfəssəl şəkildə təqdim olunub”.
Bu haqda 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın 2 aprel tarixindən etibarən başlanan hərbi əməliyyatlara görə məsuliyyəti Azərbaycanın üzərinə atmasına münasibət bildirərkən deyib.
H.Hacıyev bır sıra məqamlara toxunaraq bunu əsaslandırıb:
“Birincisi, 2015-ci ilin əvvəllərindən etibarən Ermənistanın hərbi doktrinasında əsaslı dəyişikliklərin edilməsi prosesi başlamışdı. Ermənistan müdafiə nazirinin müavini David Tonoyan bu ilin fevralında KİV-ə verdiyi açıqlamada ölkəsinin “statik müdafiə” konsepsiyasından “deterrence” (daşındırmaq və ya çəkindirmək) adlanan hücum xarakterli hərbi doktrinaya keçdiyini bildirmişdi.
O əlavə etmişdi ki, Azərbaycanın malik olduğu atəş vasitələrinin fonunda hal-hazırda işğal altında olan ərazilərin təhlükəsizliyini təmin etmək mümkün deyil və ona görə də Ermənistan yeni ərazilər işğal etməklə Azərbaycanı “çəkindirməli” və mövcud işğal olunmuş ərazilər ətrafında “təhlükəsizlik zonası”nı genişləndirməlidir.
Hərbi terminologiya dili ilə yanaşsaq, “deterrence” doktrinası əsasən önləyici hücumları nəzərdə tutur ki, 2 aprel tarixində Ermənistan silahlı qüvvələri uğursuz şəkildə buna cəhd etdi. Hərbi doktrinanın hücum xəttinə köklənməsi çox ciddi məqamdır və müvafiq dövlətlər buna xüsusi diqqət yetirməlidirlər”.
H.Hacıyevin sözlərinə görə, bununla Ermənistanın 1993-cü ildə reallaşdıra bilmədiyi hərbi avantüranın yenidən icrasını nəzərdə tutduğu istisna deyil. Hələ o zaman Ermənistan Tərtər və Bərdəni işğal etmək və Yevlax yoluna çıxmağı qarşısına məqsəd qoymuşdu.
Hücumlara Ermənistanın başlamasına ikinci sübut kimi XİN rəsmisi onu qeyd edib ki, 2 aprel tarixindən hələ əvvəl qoşunların təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin kütləvi konsentrasiyası aparılıb:
“İşğal olunmuş ərazilərdəki Ermənistan qoşunlarına əlavə olaraq, Ermənistanın içərisindəki hərbi hissələrdən əlavə qoşun birləşmələri işğal olunmuş ərazilərə göndərilib.
Qoşunların kütləvi konsentrasiyası, arxa təminat və rezerv hissələrin yaradılması və logistik planlaşdırma hərbi əməliyyatlara başlamağın ən bariz nümunəsidir. Ermənistanın onlarla ağır texnikası məhv edilib. Sual olunur: əgər plan hücum deyilsə, adi vaxtda ön xətdə bu qədər texnikanın nə işi var? Əminik ki, müşahidə peyk imkanları olan dövlətlər Ermənistan qoşunlarının konsentrasiyasını görməmiş deyillər”.
H.Hacıyev qeyd edib ki, hərbi əməliyyata başlamazdan əvvəl qarşı tərəfin canlı qüvvə və texnikasını sıradan çıxarmaq və güclü psixoloji təsir yaratmaq üçün artilleriya hücumları həyata keçirilir:
“Aprelin 1-dən 2-nə keçən gecə qoşunların bütün təmas xətti boyunca Azərbaycanın ordusunun mövqeləri və ona çox yaxın yerləşən mülki əhali və obyektlər ağır artilleriyadan intensiv atəşə tutulub. Ermənistan mülki Azərbaycan əhalisini hədəfə almaqla, Xocalı əməliyyatının ssenarisinə uyğun qırğın törətmək, təşviş və xaos yaratmaq kimi məqsəd də güdürdü. Nəzərə almaq lazımdır ki, Ermənistanın indiki müdafiə naziri və siyasi rəhbərliyində olan şəxslər Xocalı əməliyyatını planlaşdıran və icra edənlərdir”.
XİN mətbuat katibinin sözlərinə görə, Ermənistan tərəfinin daha çox itki verməsi bir tərəfdən Azərbaycan ordusunun peşəkarlığının göstəricisi olduğu halda, digər tərəfdən Ermənistanın hücumda olmasının göstəricisidir:
“Sadə məntiq budur ki, hücumda olan silahlı qüvvələr daha çox itki verir.
Azərbaycan ordusu yüksək peşəkarlıq və yalnız birinci eşelondakı məhdud qüvvələrlə qarşı tərəfin həmləsinin qarşısını alıb və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün atəş məntəqələrini susdurub və bu təyinatla istifadə edilən yüksəklikləri işğaldan azad edib.
Ermənistanın cəzasızlıq sindromu Azərbaycan ordusu tərəfindən sındırıldı və rəsmi Yerevan atəşkəsə vadar edildi. Ona görə də 2-5 aprel tarixlərində qoşunların təmas xəttində yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Bu hərbi avantüranın və Ermənistanın ordusunun itkilərinin məsuliyyətini Ermənistan xalqı indiki kriminal rejimdən tələb etməlidir”.
1news.az