Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumu keçirilir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumu keçirilir – FOTO

14:18 - 25 / 04 / 2016
Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Gənclər Forumu keçirilir – FOTO

“İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” şüarı altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 25-də Bakı Konqres Mərkəzində Gənclər Forumu işə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Gənclər Forumunda beynəlxalq təşkilatların nümayəndələri, gənc liderlər, xarici və yerli gənclər təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak edirlər.

Tədbirdə əvvəlcə “Gənc olmayan tədbir” (Not a youth event) mövzusunda təqdimat olub. Təqdimatda qeyd edilib ki, bu Forumda qarşıda duran məqsədlərə nail olunması, gənclərin beynəlxalq əməkdaşlığının güclənməsi, yaşadığımız planeti daha yaxşı məkana çevirmək imkanları və s. məsələlər müzakirə ediləcək. Bildirilib ki, Forumda BMT-yə müraciət edən gənclər arasından iki aylıq seçim prosesindən sonra müəyyənləşdirilən 100 nəfər iştirak edir. Məqsəd dünyanın müxtəlif ölkələrindən çoxlu sayda gənci bir araya toplayaraq qarşıda duran məqsədlərə nail olmaq üçün onların fikir və düşüncələrini öyrənməkdir. Həmçinin bu Forumun mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi, bu baxımdan yeni mənbələrin müəyyənləşdirilməsi və s. məsələlərin müzakirəsi üçün mühüm imkan olduğu vurğulanıb.

Sonra Gənclər Forumunun açılışı olub.

Forumun moderatoru qeyd edib ki, son on ildə dünyada gənclər təşkilatlarının fəallığı xeyli güclənib. Hazırda dünyada zorakılıqlara qarşı, münaqişələrdə uşaqların üzləşdiyi problemlərin aradan qaldırılması və digər istiqamətlərdə gənclərin fəallığı daha da artıb. O, Bakıda keçirilən tədbirdə sülh şəraitində və inklüziv cəmiyyətlərdə yaşamağın üstünlükləri, gənclərin liderlik bacarıqlarını göstərməsi, onların mədəniyyətlərarası dialoqa verə biləcəkləri töhfələr baxımından çox önəmli məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.

Sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov açılış nitqləri söyləyiblər.

BMT-nin Sivilizasiyalar Alyansı (UNAC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Forumun keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək onun nəticələrinin müsbət olacağına əminliyini bildirib. Qeyd edib ki, gənclər bizim fəaliyyətimizin əsas dayaqlarından biridir. Biz Bakıda toplaşaraq inklüziv cəmiyyətlər qurmaq istiqamətində gənclərin fikir və düşüncələrini, təkliflərini eşitmək üçün müzakirələr aparırıq. Bu mühüm platformaya şərait yaratdığına görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm.

Nasir Əbdüləziz Əl-Nasir VII Qlobal Forumun qarşıda duran məqsədlərə çatmaq yolunda qətiyyətli addım olduğunu vurğulayaraq, Gənclər Forumunun mədəniyyətlərarası dialoq, təhsil, əməkdaşlıq və s. kimi konkret hədəflərə istiqamətləndiyini bildirib. Vurğulayıb ki, biz inklüziv cəmiyyətlər olmadan qarşıya qoyulan məqsədlərə nail ola bilmərik. Biz məhz gənclərin düşüncələri, fəaliyyətləri və təşəbbüsləri nəticəsində dünyanı daha yaxşı məkana çevirə bilərik.

“Gənclər dəyişikliyin əsas katalizatorlarıdır”, - deyən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi təmsil etdiyi təşkilatın həyata keçirdiyi müxtəlif proqramlar çərçivəsində hər il gənclərin müxtəlif düşüncələrinin öyrənilməsi, habelə onların dünyanın fərqli bölgələrinin mədəniyyətlərini öyrənmələri baxımından mühüm imkanlar əldə etdiyini bildirib. O deyib ki, məhz bu mübadilə proqramları çərçivəsində gənclər dünyanın müxtəlif bölgələrində baş verən hadisələri, problemləri bilavasitə müşahidə edir, onları qiymətləndirir və həll olunması üçün daha artıq səy göstərməyə çalışırlar.

Nasir Əbdüləziz Əl-Nasir UNAC-ın Maliyyə Fondu tərəfindən gənclərin təşəbbüs və layihələrinin maliyyələşdirilməsinin onların daha səmərəli fəaliyyət göstərmələrinə imkan yaratdığını vurğulayıb. Qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının dünyada mövcud problemlərin həlli ilə bağlı bəzi qətnamələrində gənclərin düşüncələri də nəzərə alınır. Biz bilirik ki, gənclərin təşəbbüslərini dəstəkləməsək, onların fəaliyyəti üçün əlverişli şərait yaratmasaq inklüziv cəmiyyət formalaşdırmaq mümkün deyil. Məhz bu baxımdan belə forumlar, tədbirlər, təqdimatlar mühüm əhəmiyyət kəsb edir.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi çıxışının sonunda Forumun işinə uğurlar arzulayaraq, səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva dünyanın müxtəlif ölkələrindən olan gəncləri ölkəmizdə salamlayaraq, Bakı Forumunun qarşılılıqlı anlaşmanın və əməkdaşlığın beynəlxalq miqyasda təşviqində mühüm rol oynayacağına əminliyini bildirib.

Zəngin tarixə malik Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynadığını qeyd edən Leyla Əliyeva bildirib ki, Azərbaycan tarixi İpək Yolu üzərində yerləşən vacib məkanlardan biridir. Bu, bizim mədəniyyətimizə güclü təsir göstərib və ölkəmizi tolerant, yeni ideyalara açıq, dialoqa meyilli məkana çevirib. Azərbaycan bununla yanaşı, zəngin biomüxtəlifliyə malik olan bir ölkədir. Biz Azərbaycanı zəngin tarixinə, biomüxtəlifliyinə və mədəni müxtəlifliyinə görə sevirik. Əminəm ki, siz də Azərbaycanda olduğunuz zaman ölkəmizi sevəcəksiniz.

FAO-nun xoşməramlı səfiri kimi dünyada aclıq və digər mühüm problemlərə dair statistik məlumatları diqqətə çatdıran Leyla Əliyeva bildirib ki, hər saniyə dünyada aclıq üzündən bir nəfər həlak olur. Onların arasında uşaqlar daha çoxdur. FAO dünyada aclığın aradan qaldırılmasına çalışır və bu istiqamətdə fasiləsiz fəaliyyət göstərir. Biz hamımız çalışmalıyıq ki, aclıqdan heç bir uşaq ölməsin.

Qeyd olunub ki, qida bizim mədəni identikliyimizin bir hissəsidir və mədəniyyətlərarası əlaqələrin, tolerantlığın və qarşılıqlı anlaşmanın vacib şərtlərindən biridir. Buna görə də uzunmüddətli sabitliyə və sülhə nail olmaq üçün ərzaq təhlükəsizliyinin həlli çox mühüm əhəmiyyət daşıyır. Bu baxımımdan FAO və UNAC sıx əlaqədə çalışaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq miqyasda bu məsələni daha da qabartmalıdır.

2011-ci ildə IDEA - ətraf mühitin qorunması naminə beynəlxalq kampaniyaya başlandığını vurğulayan Leyla Əliyeva bildirib ki, bizim əsas məqsədimiz enerji və biliklərimizi güclü alətə çevirərək ətraf mühit məsələsini həll etməyə çalışmaqdır. Biz gələcək nəsillər üçün yaşıl, təhlükəsiz və təminatlı cəmiyyət yaratmağa çalışırıq. Bizim şüarımız “bir söz, bir gələcək”dir. Planetin mühafizəsində gənclər artıq daha mütəşəkkil qaydada, könüllü olaraq kütləvi şəkildə təbiətə sevgi və məhəbbətlərini göstərmək üçün səylə çalışırlar.

Son beş ildə IDEA kampaniyası çərçivəsində Azərbaycanda görülən işlərdən daşınan Heydər Əliyev Fondunun vitse-prezidenti bu müddətdə beş milyondan çox ağac əkildiyini bildirib. Bu yaxınlarda yerli icmalarla birgə fəaliyyətə başlandığı, ağacların kəsilməsinin qarşısının alınması üçün məlumatlandırma fəaliyyətinin, digər tədbirlərin görüldüyü, müxtəlif sənət sahələrindən tanınmış şəxslərin bu prosesə cəlb edildiyi, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulduğu diqqətə çatdırılıb.

Son illər IDEA-nın nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanların qorunması istiqamətində də mühüm işlər həyata keçirdiyini qeyd edən Leyla Əliyeva xüsusən zebra, bəbir, ceyran və qartalların qorunması ilə bağlı tədbirlərin görüldüyünü bildirib. Mənim üçün xüsusi önəm daşıyan məsələlərdən biri də Qafqaz bəbirinin qorunmasıdır. Biz Xəzər regionunda Azərbaycanın inkişafına çalışırıq. Ümid edirik ki, Xəzər tayqası layihəsi də həyata keçiriləcək və bütün arzularımız reallaşacaq.

Müasir cəmiyyətin ciddi sınaqlar qarşısında olduğunu diqqətə çatdıran FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva bildirib ki, bizim taleyimiz hətta dəqiqələrlə ölçülür. Dünyada hər 15 dəqiqədə bir fil ölür. İnsanlar tərəfindən köpək balıqları öldürülür. Biz elə bir dövrə yaxınlaşırıq ki, insanlar tərəfindən heyvanların nəsli kəsilməkdədir. Məhz buna görə siz hamınız öz fəaliyyətinizlə ətraf mühitin qorunmasında mühüm rol oynaya bilərsiniz. Bu baxımdan bu tədbir çox mühüm əhəmiyyət daşıyır. Artıq fəaliyyət göstərməyin vaxtı çatıb və mən istərdim ki, biz təbiəti qoruyaq, gələcəyimizi daha yaxşı, daha şəffaf və daha yaşıl edək.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov dünyanın müxtəlif ölkələrindən parlaq zəkalı gənclərin Bakıda toplaşmasının qarşıda duran problemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Nazir deyib ki, BMT Sivilizasiyalar Alyansının forumları artıq ənənəvi hal alıb və bu, gənclərin iştirakının ən yüksək səviyyədə təmin olunduğu mühüm platformadır.

Azərbaycanda gənclər sahəsində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edən Azad Rəhimov bildirib ki, ölkəmiz gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəkləyir.

Bu il Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin Avropa Gənclər Paytaxtı olduğunu deyən Azad Rəhimov ölkəmizdə, həmçinin digər beynəlxalq tədbirlərin, o cümlədən skautların forumunun da təşkil edildiyini diqqətə çatdırıb. O bildirib ki, bütün bunlar Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi tədbirlərin göstəricisidir.

Nazir deyib ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Bu Fond gənclərin fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm fəaliyyəti təmin edir.

Hazırda bəşəriyyətin İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün problemləri ilə üzləşdiyini deyən Azad Rəhimov dünyada yaranan münaqişə ocaqlarına xeyli sayda gənclərin qoşulmasının sülh çağırışlarına zidd olmaqla yanaşı, sabitliyə də ciddi təhdid olduğunu bildirib. Qeyd edib ki, dünyada davamlı inkişaf üçün heç kimi geridə qoymayaraq bərabər inkişafa nail olmalıyıq.

Müasir dövrdə terrorçu qruplaşmaların fəaliyyətinin gücləndiyini və onların ciddi təhlükəyə çevrildiklərini deyən Azad Rəhimov bildirib ki, beynəlxalq ictimaiyyət bu problemlərin qarşısını almaq üçün səmərəli tədbir görə bilmir. İyirmi ildən artıqdır ki, Azərbaycanın da ərazilərinin 20 faizi işğal altındadır.

Azad Rəhimov tədbir iştirakçılarına müraciət edərək deyib ki, siz ölkəmizdə olduğunuz müddətdə Azərbaycanın zəngin mədəniyyəti, qədim tolerantlıq ənənələri, multikultural dəyərləri ilə tanış olacaqsınız. Nazir Forumda səmərəli müzakirələrin aparıldığını vurğulayaraq, gənclərin irəli sürdüyü təşəbbüs və təkliflərin dünyada mövcud problemlərin həllinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Açılış nitqlərindən sonra tədbirdə iştirak edən gənclər xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, dini və irqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən mənfi halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu, mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformadır. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

1news.az

 

Paylaş:
981

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər