Oleq Kuznetsov: “Spitakda zəlzələ zamanı Metsamor AES-in heyəti dağılışmışdı” | 1news.az | Xəbərlər
Siyasət

Oleq Kuznetsov: “Spitakda zəlzələ zamanı Metsamor AES-in heyəti dağılışmışdı”

22:08 - 13 / 05 / 2016
Oleq Kuznetsov: “Spitakda zəlzələ zamanı Metsamor AES-in heyəti dağılışmışdı”

“Metsamor atom elektrik stansiyasının (AES) hazırda işləyən 2-ci enerji blokunun texniki vəziyyəti təhlükəlidir. Bu blokun nəzərdə tutulan istismar resursu artıq tam tükənib və elektrik enerjisi hasilatında bundan sonra da istifadə edilməsi stansiyanı Çernobıl AES-də, yaxud “Fukusima-1” AES-də baş vermiş qəzalara bənzər texnogen fəlakət həddinə sürükləyir”.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri tarixçi və siyasi şərhçi Oleq Kuznetsov söyləyib.

Bir neçə ay əvvəl Cənubi Qafqaz ölkələrinin ictimaiyyətinin diqqətini bu problemə cəlb edən ilk adamlardan biri olan ekspert Metsamor AES-in vəziyyəti ilə bağlı onun narahatlığını getdikcə daha çox insanın bölüşdüyündən razı qaldığını bildirib.

Ekspert deyib: “Əlbəttə, Çernobıl AES-in partlamış enerji bloku ilə müqayisədə bu aqreqatın texniki parametrləri iki dəfə kiçikdir, amma indiki durumda bu cəhəti Cənubi Qafqazın Ermənistanla həmsərhəd ölkələri üçün onun təhlükəsini azaltmır. Ola bilsin, əsaslı təmir və yenidənqurma işləri Metsamor AES-in bu enerji blokunun gücünün istismar müddətini daha bir neçə il və hətta on il uzatmağa imkan verəcək, amma Ermənistan Respublikasının öz energetika təsərrüfatına münasibətini təhlil etsək, yenidənqurma imkanları haqqında söhbət artıq bir o qədər də aktual olmaya bilər.

Spitakda baş vermiş zəlzələdən sonra elektrik stansiyasının bərpa olunması tarixini xatırlayan Oleq Kuznetsov deyib:

“1988-ci ilin dekabrında Spitak zəlzələsi zamanı Metsamor AES-in heyətinin stansiyadan qaçıb getdiyini xatırlamaq kifayətdir. Yalnız özünün konstruksiya xüsusiyyətlərinə görə Metsamor AES ilə eyniyyət təşkil edən Kola AES-dən texniki heyətin tələm-tələsik bura göndərilməsi sayəsində onda labüd görünən təbii-texnogen fəlakətin qarşısını almaq mümkün oldu. Bu hadisədən sonra AES dayandırıldı, talan edildi, 1-ci enerji bloku isə əslində məhv edildi. Yalnız indi işləyən 2-ci enerji bloku bərpa edildi və işə salındı. Özü də bu addım sırf Dağlıq Qarabağ müharibəsinin yaratdığı iqtisadi şəraitdən irəli gəlirdi.

Analitik onu da bildirib ki, Metsamor AES-in istismarının dayandırılması haqqında petisiya vacib təşəbbüsdür. Bu təşəbbüs Ermənistanın hakimiyyət orqanlarının diqqətini təkcə stansiyanın ağır texniki vəziyyətinə cəlb etməməlidir, həm də stansiyanın yenidən qurulması, yaxud sonradan konservasiya etməkdən ötrü dayandırılması üçün pul tapmaq barədə düşündürməlidir. Onun fikrincə, Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyasının imzalanması kampaniyası Cənubi Qafqaz regionunda ekoloji təhlükəsizliyin səviyyəsinin yüksəldilməsinə yönəldilib. O.Kuznetsov deyib: “Buna görə də petisiyanı alqışlayıram. Nüvə energetikasında belə məsuliyyətsiz münasibət sözün həqiqi mənasında yolverilməzdir”.

1news.az

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər