Azərbaycan və İspaniya müdafiə nazirlərinin görüşü olub - FOTO
İspaniya Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 25-də ispaniyalı həmkarı Pedro Morenes Alvaro de Eulate ilə görüşüb.
1news.az-ın nazirliyin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə,İspaniyanın Müdafiə Nazirliyində Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda general-polkovnik Z.Həsənovun şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Azərbaycanın və İspaniyanın dövlət himnləri səsləndirilib.
Sonra nazirlərin təkbətək görüşü keçirilib. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edən İspaniyanın müdafiə naziri vurğulayıb ki, bu cür səfərlər intensiv şəkildə həyata keçirilməlidir.
İspaniyalı nazir bildirib ki, Azərbaycanın müdafiə nazirinin də İspaniyaya səfəri ölkələrimiz arasında əlaqələrin, o cümlədən hərbi sahədə əməkdaşlığımızın perspektivlərinin səmərəli müzakirəsi üçün yaxşı imkan yaradır. Bunun ümumi işimizin inkişafına xidmət edəcəyinə ümidvaram.
General-polkovnik Z.Həsənov Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, cəbhə bölgəsində yaşanan son hadisələr, ölkəmizin Avropa və Avratlantik qurumlarla əlaqələri barədə ətraflı məlumat verib.
“Biz Azərbaycan ilə İspaniya arasında əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət veririk. Ümummilli lider Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində olmuş Azərbaycan-İspaniya əlaqələri bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir”, - deyə Azərbaycanın müdafiə naziri bildirib.
Azərbaycan-İspaniya əməkdaşlığının bütün istiqamətlərdə, o cümlədən hərbi sahə üzrə müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi qeyd edildiyi görüşdə aparılan danışıqların ölkələrimizin silahlı qüvvələri arasında əlaqələrin inkişafına, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfəsini verəcəyinə əminlik ifadə olunub.
1news.az