XİN: Ümidvar olmaq istərdik ki, rəsmi Yerevan Roma Papasının sülh çağırışından nəticə çıxaracaq
“Roma Papası Fransiskin Yerevanda Birgə bəyanat vasitəsilə Dağlıq Qarabağda sülhə çağırışı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyması, Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxarılması, qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi və bununla da regionda sülhün və ədalətin bərqərar olunmasına çağırışdır”.
Bu haqda 1news.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
“Roma Papası Fransiskin sülh çağırışı Ermənistanda edildiyi üçün bu çağırışın ünvan sahibi rəsmi Yerevandır. Ümidvar olmaq istərdik ki, rəsmi Yerevan Roma Papasının bu sülh çağırışından nəticə çıxaracaq və Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətinə tezliklə son qoyacaqdır”.
1news.az