Azərbaycan XİN Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini kəskin şəkildə pisləyir
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Türkiyədəki səfirinin öldürülməsini kəskin şəkildə pisləyir.
1news.az xəbər verir ki, XİN bəyanatında aşağıdakılar qeyd olunur:
“Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyirik. Bu faciə ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və Rusiya Xarici İşlər Nazirliyindəki bütün həmkarlarımıza dərin hüznlə başsağlığı veririk.
Bu terror aktının hərtərəfli araşdırılacağına və günahkarların öz layiqli cəzalarını alacaqlarına əminliyimizi bildiririk.
Azərbaycan tam şəkildə inanır ki, səfir Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiya və Türkiyənin terrorizmə qarşı mübarizədə əzmini, əməkdaşlığını və birgə səylərini daha da gücləndirəcək.
Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Heç bir halda terrorizmə bəraət qazandırıla bilməz”.