Milli Məclisin İntizam Komissiyası deputat Astan Şahverdiyevin məsələsinə baxıb
Bu gün Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
1news.az-ın Milli Məclisin saytına istinadla verdiyi xəbərə görə, iclası açan komissiya sədri Ağacan Abıyev deputat Astan Şahverdiyevin dekabrın 23-də “Azadlıq” radiosuna verdiyi müsahibənin kütləvi informasiya vasitələrində və ictimaiyyətdə geniş rezonans doğurduğunu söyləyib.
“Deputatın məlum çıxışı cəmiyyətin əksər üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Müsahibədə işlədilən bir sıra ifadələr onların heysiyyatına toxunub”.
Komissiyanın sədri qeyd etdi ki, “Deputatın statusu haqqında” qanuna görə, millət vəkilləri söylədikləri fikirlərə görə məsuliyyət daşımasa da, amma hər bir insanın daxili məsuliyyəti də vardır. Millətin ayrı-ayrı üzvləri, o cümlədən xaricdə yaşayan nümayəndələri barədə qeyri-etik ifadələrdən istifadə olunması qətiyyən yolverilməzdir.
İclasda çıxış edən Astan Şahverdiyev bu məsələ ilə əlaqədar mətbuata açıqlama verərək, səhvini başa düşdüyünü, ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqdan üzr istədiyini söylədi.
İntizam komissiyasının bütün üzvləri çıxış edərək deputat Astan Şahverdiyevin adı çəkilən müsahibəsi ilə əlaqədar son vaxtlar mətbu orqanlarda gedən yazılara öz fikirlərini açıqlayaraq, millət vəkilinin müsahibəsində işlətdiyi ifadələrin qəbuledilməz olduğunu bildirdilər.
İclasın sonunda İntizam komissiyasının adından deputata tövsiyə olundu ki, o, gələcəkdə belə məsələlərlə əlaqədar fikir bildirdikdə, məsuliyyətli olsun və müsahibəsində işlətdiyi ifadələrə görə xalqdan üzr istəsin.
Astan Şahverdiyev deputatlar tərəfindən səslənən irad və fikirləri, İntizam komissiyasının qərarını qəbul edərək bu hərəkətinə görə ölkə daxilində və xaricində yaşayan azərbaycanlılardan, xalqdan bir daha üzr istədiyini ifadə etdi və gələcəkdə belə hərəkətlərə yol verməyəcəyini vurğulayıb.
Qeyd edək ki, deputat Astan Şahverdiyev Biləsuvarda məskunlaşan köçkünlər və Rusiyaya işləməyə gedən azərbaycanlılarla bağlı təhqiramiz ifadələr işlədib, onları “otxod” adlandırıb.
Mövzu ilə əlaqədar oxuyun:
Deputat istifadə etdiyi “Azərbaycan cəmiyyətinin “otxod”ları” ifadəsinə aydınlıq gətirib
Deputat “otxod” sözünə görə bütün azərbaycanlılardan üzr istədi – AÇIQLAMA
1news.az