Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaşayış məntəqələrinə və mülki əhaliyə ciddi ziyan dəyib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaşayış məntəqələrinə və mülki əhaliyə ciddi ziyan dəyib – FOTO

17:39 - 27 / 04 / 2016
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaşayış məntəqələrinə və mülki əhaliyə ciddi ziyan dəyib – FOTO

Aprelin 5-də Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-27-də erməni silahlı birləşmələri iri çaplı silahlardan, “Qrad” qurğusu, top və tanklardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini, habelə qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini intensiv atəşə tutublar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri aprelin 26-da saat 01.15-dən saat 04.45-dək Tərtər rayonunun Qapanlı və Şıxarx istiqamətində yaşayış məntəqələrini şiddətli atəşə tutub, nəticədə Tərtər şəhərində 4, Qazyanda 6, Qapanlıda 2, Həsənqayada 5, Qarağacıda 2, Qaynaqda 2 ev olmaqla, 6 yaşayış məntəqəsində 21 evə qismən ziyan dəyib, Həsənqaya kəndində 1 ev tamamilə dağıdılıb.

Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 110 kilovoltluq İsmayılbəyli, 110 kilovoltluq Goranboy-Naftalan-Tərtər, 35 kilovoltluq Tərtər-Şıxarx yüksək gərginlikli elektrik xətlərinə, Seydimlidə 160 kilovoltluq transformator yarımstansiyasına ciddi ziyan dəyib. Nəticədə 11 yaşayış məntəqəsinin elektrik enerjisi ilə təminatında problem yaranıb.

Aprelin 26-da gecə 22.00-dan 23.40-dək Tərtər rayonunun Yuxarı Qapanlı istiqamətində erməni silahlı qüvvələrinin atəşi nəticəsində Yuxarı Qapanlı kəndində 1 ev ciddi zədələnib, Əskipara kəndində 3, Seydimli kəndində 1 evə ziyan dəyib.

Aprelin 2-dən başlayaraq Ermənistan silahlı birləşmələrinin iri çaplı silahlardan intensiv atəşləri nəticəsində çoxlu sayda yaşayış məntəqəsinə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan vurulub, dinc sakinlər həlak olub və ya yaralanıb. Ümumilikdə, Tərtər rayonunda 3, Ağdamda 1 mülki şəxs öldürülüb, 26 nəfər isə xəsarət alıb. Onların 10-nu Ağdam, 8-i Tərtər, 6-sı Goranboy, 1-i Füzuli, 1-i isə Ağcabədi rayonlarının sakinləridir.

Ağdamda 98, Tərtərdə 198, Goranboyda 85 olmaqla, cəmi 381 tikiliyə ziyan dəyib ki, onlardan da 341-i evdir. Ziyan dəymiş evlərin 72-si Ağdam, 190-ı Tərtər, 79-u isə Goranboy rayonu ərazində yerləşir. Onlardan 300-ü zədələnib, 26-na ciddi ziyan dəyib, 15-i isə tamamilə dağıdılıb. O cümlədən atəşkəsdən sonra 27 evə ziyan vurulub. Onlardan 1-i tamamilə dağıdılıb, 1-i ciddi şəkildə zədələnib, 25-nə isə ziyan dəyib.

Müəyyən edilib ki, ermənilərin atəşləri nəticəsində məktəblər, səhiyyə müəssisələri, uşaq bağçaları, mədəniyyət evləri və s. daxil olmaqla, 14 qeyri-yaşayış obyektinə, həmçinin 26 yardımçı tikiliyə ciddi ziyan vurulub. Həmçinin əhaliyə məxsus 290 baş mal-qara tələf olub.

Bundan başqa, Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının qoşunların təmas xəttində yerləşən yaşayış məntəqələri istiqamətində əkin sahələrinə, həmçinin kommunal obyektlərə - elektrik, su, yol, rabitə təsərrüfatına, qaz xətlərinə ciddi zərər vurulub.

1news.az

Paylaş:
2671

Son xəbərlər

Bütün xəbərlər