36 ildən sonra Xankəndiyə qayıdış | 1news.az | Xəbərlər
Futbol

36 ildən sonra Xankəndiyə qayıdış

14:34 - 25 / 12 / 2023
36 ildən sonra Xankəndiyə qayıdış

2023-cü il həm də Azərbaycan futbolunun Xankəndiyə qayıdışı ilə əlamətdar oldu.

Əvvəlcə tarixə ekskursla başlayıb qeyd edək ki, sovet dövründə burada da “Qarabağ” adlı komanda fəaliyyət göstərib, SSRİ çempionatının 2-ci liqasında çıxış edib.

Ən böyük uğuruna 1979-cu ildə öz zonasında üçüncü yeri tutmaqla imza atıb, özü də azərbaycanlı məşqçi Əli Əbilzadənin rəhbərliyilə: 1-ci liqaya yüksələn Gürcüstan “Quriya”sından da cəmi üç xal geri qalıb.

1988-ci ildən o komandanın de-fakto Azərbaycanla bütün əlaqələri kəsilib. Bizim komandalarla qarşılaşmasın deyə, əsasən, Qafqaz təmsilçilərinin yer aldığı 9-cu zonadan uzaqlaşdırılıb, hətta 1990-1991-ci illərdə ikinci liqanın Ermənistan zonasında yarışıb. Ermənilərin Qarabağda qanunsuz ərazi iddiaları ilə başlayan məlum hadisələrdən əvvəl 1987-ci ildə isə Xankəndidə Azərbaycanın digər komandalarından Gəncə “Kəpəz”i, Sumqayıt “Şəfəq”i, Mingəçevir “Avtomobilçi”si və son olaraq sentyabrın 15-də Qazax “Göyəzən”i çıxış edib…

Nəhayət, Azərbaycan futbolçularının yenidən Xankəndi stadionunun meydanına çıxmaları 36 ildən çox çəkən fasilədən sonra reallaşdı.

Ölkə Prezidenti İlham Əliyevin də izlədiyi və topa ilk zərbəni vurduğu oyunda Ağdam “Qarabağ”ı 90+5-ci dəqiqədə Nəriman Axundzadənin qolu ilə aşağı liqa təmsilçisi MOİK-ə 1:0 hesabı ilə qalib gələrək Azərbaycan kubokunda 1/4 finala yüksəldi...

Bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Xankəndi işğaldan azad olunduqdan sonra artıq oktyabrda “Qarabağ”ın hazırkı futbol mövsümündə bəzi ev oyunlarını bu şəhərdə keçirə biləcəyi ilə bağlı xəbərlər yayılmağa başladı. Elə o vaxtdan Xankəndi şəhər stadionunda təmir-bərpa işlərinə start verildi. Noyabrın 15-də isə “Qarabağ”ın ölkə kubokunda oyununu sözügedən arenada keçirəcəyi barədə məlumat yayıldı. Nəhayət, dekabrın 21-də Gənclər və İdman Nazirliyi, PFL və Bakı Şəhər Halqasının təşkilatçılığı ilə tarixi hadisə reallaşdı. Maraqlıdır ki, rəsmi məlumata əsasən, 4590 tamaşaçının canlı izlədiyi bu qarşılaşmanın hakim-inspektoru da tarixi sima – Xankəndi “Qarabağ”ında oynamış sonuncu azərbaycanlı Munis Abdullayev idi. 1987-ci ildə iyirmi iki yaşı olan həmyerlimiz o vaxt komandanın 30 oyununun hamısında çıxış edib, iki qol da vurmuş, Xankəndidə sonuncu dəfə 1987-ci il oktyabrın 5-də meydana çıxmışdı...

2024-cü ildə Xankəndinin futbol və digər idman yarışlarına daha tez-tez ev sahibliyi edəcəyi gözlənilir. Azərbaycan kubokunun dörddəbir və yarımfinal mərhələlərində komandalar artıq iki dəfə - evdə və səfərdə qarşılaşacaqlar. “Qarabağ”ın gələn il kubokda növbəti ev oyunlarının (fevralın 6 və ya 7-də “Sabah”la qarşılaşmalıdır), həmçinin iyunun 2-nə təyin edilən final qarşılaşmasının Xankəndidə keçiriləcəyi də istisna edilmir. Azərbaycan ordusunu təmsil edən MOİK komandası da Premyer Liqaya yüksələcəyi təqdirdə 2024/25 mövsümündən Xankəndiyə köçərək ev oyunlarını orada keçirə bilər. 2024-cü ilin fevralında ilk dəfə UEFA Avropa Liqasında qrupdan sonrakı pley-off mərhələsində çıxış edəcək “Qarabağ” – eləcə də Azərbaycan futbolu – üçün növbəti tarixi hadisə isə sonuncu dəfə 12 may 1993-cü ildə oynadığı dogma Ağdamda yenidən inşa ediləcək “İmarət”ə qayıdış olacaq.

Rasim Mövsümzadə

Paylaş:
1969

Son xəbərlər

Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlanıbBu gün, 12:28İsmayıllıda 17 yaşlı oğlan itkin düşübBu gün, 12:09Son 5 ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlanıbBu gün, 11:19FHN-dən taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə MÜRACİƏT - VİDEOBu gün, 10:52Azərbaycan neftinin qiyməti bahalaşıbBu gün, 10:34Ölkə ərazisində 39 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 10:14Qusarda qəbirləri dağıtmaqda şübhəli bilinən şəxs həbs olunubBu gün, 09:43Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıbBu gün, 09:37Hacıqabulda altı fermadan oğurluq edilib - Şübhəli bilinənlər saxlanılıbBu gün, 09:00Bakıda Üçüncü Piano Festivalının açılışı olub17 / 06 / 2024, 17:49Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir17 / 06 / 2024, 17:28Macar parlamentarilər Milli Məclisdə olublar17 / 06 / 2024, 17:06Ceyhun Bayramov Hakan Fidanla TDT-nin Şuşa sammitinə hazırlığı müzakirə edib17 / 06 / 2024, 16:34Milli Məclisin sabiq deputatı vəfat edib17 / 06 / 2024, 16:14Bakının iki rayonunda su kəsiləcək17 / 06 / 2024, 15:51Çaylardan daşqın, sel keçəcək - XƏBƏRDARLIQ17 / 06 / 2024, 14:52Ağdamda 10 tüfəng polisə təhvil verilib17 / 06 / 2024, 14:31Qəbələdə yol qəzasına düşən xarici vətəndaşların son durumu açıqlanıb17 / 06 / 2024, 13:25Sabah 39 dərəcə isti olacaq - Proqnoz17 / 06 / 2024, 13:03Macar parlamentarilər Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər17 / 06 / 2024, 12:48
Bütün xəbərlər