Azərbaycan – multikulturalizm və tolerantlıq məkanı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan – multikulturalizm və tolerantlıq məkanı

13:54 - 19 / 09 / 2020
Azərbaycan – multikulturalizm və tolerantlıq məkanı

Azərbaycanda bütün millətlərin, mehriban və bir-birlərinin adət-ənənələrinə hörmət ruhunda yaşaması həm tarixən, həm də bu gün malik olduğumuz ən böyük mənəvi dəyərlərdən biridir. Bu dəyər həm də ölkəmizin inkişafının və ictimai-siyasi sabitliyinin mühüm şərtləri sırasında yer alır.

Ölkəmizi digər ölkələrdən fərqləndirən cəhət ilk növbədə ondan ibarətdir ki, tarix boyu bu coğrafiyada yaşayan bütün dinlərin və etnosların təmsilçiləri bir-birlərinin mədəni və mənəvi baxışlarına sayğı göstəriblər. Çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu müxtəlif xalqların və dinlərin nümayəndələri bir ailə kimi sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıb.

Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir. Bu torpaqlarda tarixin heç bir dönəmində dini və ya milli zəmində qarşıdurmalar, azacıq da olsa ziddiyyətlər meydana çıxmayıb. Yəni, Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub. Azərbaycan tarixin ilkin dönəmlərindən başlayaraq hər zaman başqa xalqlara və dinlərə sayğı ilə yanaşıb.

Bu münasibət müasir zamanda da nəinki dəyişməyib, əksinə, daha da dərinləşib. Beləliklə, tarixdən süzülüb gələrək milli və dini tolerantlığın Azərbaycan modeli formalaşıb. Azərbaycanın dövlət müstəqilliyindən sonra xalqımızın əsrlər boyu yaşatdığı bu dəyər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ictimai-siyasi sabitliyin bərpa olunması bütün xalqların və dinlərin nümayəndələrinin əvvəlki tək mehriban şəkildə birgə yaşayışını təmin etdi. Ölkə ərazisində milli və dini zəmində separatçılıq toxumu səpən bütün zərərli cərəyanların, qruplaşmaların fəaliyyətinin qarşısı qətiyyətlə alındı. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası ölkəmizdə yaşayan bütün azsaylı xalqların və dinlərin nümayəndələrinin hüquqlarını, vicdan azadlığını təsbit etdi.

Azərbaycanda yaşayan xalqların və dinlərin nümayəndələrinə öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradılıb. Azərbaycanda yaşayan xalqların və dinlərin nümayəndələri ölkədə gedən böyük inkişaf və quruculuq prosesinin fəal iştirakçılarıdır, onlar Azərbaycan dövlətinin ərazi bütövlüyü və müstəqilliyi uğrunda fədakarlıqlar göstərib. Azərbaycanda yaşayan xalqların və dinlərin nümayəndələri Azərbaycan dövlətinin daha da güclənməsi üçün daim həmrəylik və mütəşəkkillik nümayiş etdirir.

Bu gün də Azərbaycan dövləti demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verir. Tolerantlıq ənənələrinin qorunub saxlanılmasına, multikultural dəyərlərə söykənən ictimai münasibətlərin təbliği  Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biridir.

Son illərdə Azərbaycanın bir dövlət kimi keçdiyi sürətli inkişaf yolu hər birimizdə qürur və fəxarət hissi doğurur. Bu dövrdə ölkəmizin özünəməxsus sürətli yüksəlişindən yaranan inkişafın Azərbaycan modeli bir sıra dövlətlərin marağına səbəb olub. Doğma vətənimizi dünyaya tanıdan həm də tolerantlığın Azərbaycan nümunəsi olub. Çünki bu dövrdə Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədəki mövcud tolerantlıq mühitini daha da dərinləşdirib, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, Azərbaycanda tolerantlığın tam təmin olunması faktı dəfələrlə müxtəlif beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb.

Azərbaycan üçün son illərin ən böyük tarixi reallıqlarından biri də ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Bu tədbirlərin bir qisminin mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunması xüsusilə diqqəti çəkir. Bu da təsadüfi deyil. Çünki bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır və ölkəmizdə bu sahədə mövcud olan ənənələri nümunə kimi qəbul edir.

Azərbaycandakı tolerantlığın ən gözəl nümunələrindən biri də tez-tez bütün dini icmaların nümayəndələrinin burada bir araya gəlməsidir. Məsələn, müsəlmanların Ramazan ayında təşkil olunan iftar məclislərində Azərbaycanda yaşayan xristianların, iudaistlərin və digər dini icmaların nümayəndələri də iştirak edirlər. Üç əsas səmavi dinin nümayəndəsinin mehriban şəkildə bir araya gəlməsi olduqca nadir hadisədir və sevindirici haldır ki, bu, məhz Azərbaycanda baş verir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin alternativi yoxdur: “Bu gün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, Beynəlxalq Tolerantlıq Gününün böyük məmnuniyyət hissi ilə ayrı-ayrı konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd olunması, bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Bu gün bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur”.

Dövlət başçısı Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlərin həm ölkəmiz, həm daxildə gedən proseslər, həm də dünya üçün böyük məna daşıdığını vurğulayıb:

“Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində yaşayır. Biz bir ailə kimi yaşayırıq və bizim gücümüz birliyimizdədir. Bu tədbirlərin dünya üçün də böyük əhəmiyyəti var. Çünki bu gün dünyada dinlərarası münasibətlərlə bağlı fərqli fikirlər var, yəni, birmənalı yanaşma yoxdur. Bəzi hallarda çox təhlükəli fikirlər səslənir, çox böyük fəsadlara gətirib çıxara biləcək addımlar atılır. Ona görə bizim təşəbbüslərimiz dünya üçün böyük əhəmiyyət daşıyır”.

“Azərbaycanın Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadə 1news.az-a bildirib ki, Azərbaycan Respublikası ən tolerant ölkələrdən biri və dünya üçün bir yerdə yaşamaq nümunəsi sayılır. Onun sözlərinə örə, ölkədə bir-birindən 150 metr məsafədə məscid, kilsə və sinaqoqların yerləşməsi müxtəlif dinlərə və inanclara heç bir ayrı-seçkiliyin olunmadığını göstərir. Bir neçə il əvvəl Qubada avropalılar, hətta Avropa Şurasının prezidenti 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini görəndə heyrətlənmişdilər:

“Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənib və bu gün də fərqlənir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilib. Bunun bariz nümunəsi 2002-ci ilin mayında Roma katolik kilsəsinin keçmiş başçısı, mərhum II İoann Pavelin Azərbaycana tarixi səfəridir. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar”.

F.Hüseynzadə Azərbaycan hökumətinin tarixi-dini abidələrin bərpasına xüsusi diqqət yetirdiyini də vurğulayıb:

“Dözümlülük ənənələrini və dinlərarası əməkdaşlığı formalaşdıran bir nümunə olaraq, həm bərpa, həm də yeni ibadət evlərinin tikilməsinə dövlət dəstəyi göstərilir. Məsələn, 2011-ci ildə Bakıdakı “Qriqori Lusavoriç” erməni kilsəsi dövlətin mühafizəsinə götürülərək bərpa edilib. Həmçinin Katolik kilsəsinin inşası, Rus Pravoslav Katedralının, Müqəddəs Məryəm katolik kilsəsinin, Kiş məbədinin və Qafqaz Albaniyasının bütün mədəni-tarixi irsinin bərpası da məhz dövlət tərəfindən həyata keçirilib. Dözümlülük ənənələri sağlam və güclü münasibət qurmaq üçün həssaslığa yanaşma kimi fundamental dəyərlərə əsaslanır”.

Birlik sədri qeyd edib ki, Azərbaycanın dünyəvi dövlət olmasına baxmayaraq, dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Hər il dövlət başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maddi vəsait ayrılır. Bütün bunlar bir daha göstərir ki, tolerantlıq və multikulturalizm ənənələri ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəlib.

B.Cahandarov

Paylaş:
2464

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər