ru

Cəmiyyət

16 İyul saat 09:55

Bakıda yeni layihə uğurla həyata keçirilir – FOTO

Bakıda yeni layihə uğurla həyata keçirilir – FOTO

Xəbər verildiyi kimi iyul ayının 10-dan etibarən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nərimanov rayonunda yeni pilot layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, layihə Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti ilə birgə hazırlanıb və həyata keçirilir.

Hazırlıq dövründə Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər, könüllülər fəal iştirakı ilə məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirilib, yeni layihə barədə vətəndaşlara ətraflı məlumat verilib.

İşlər çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici reklamlar yapışdırılıb. Əraziyə cavabdehlər təyin olunub, könüllülər gündəlik marifləndirmə işlərini davam etdirir. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

Layihənin həyata keçirilməsinin ilk günləri öz müsbət nəticələrini verib. Artıq rayondakı çeşidləmə mərkəzinə daxil olan təkrar emal  tullantıların həcmində artım müşahidə olunur. Bunu konsepsiyanı hazırlayan “Mott MacDonald” şirkətinin məsul nümayəndəsi də xüsusi qeyd edib. Bildirilib ki, bəzi ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, Gürcüstanda buna nail oluna bilinmədi:

“Lakin sürətlə inkişaf edən ölkəmizdə biz bi işlərə də nail olacağıq və sakinlərimizə eksperimentin ilk günlərində fəal olduqları, bu işlərdə bizə dəstək olduqları üçün öz minnətdarlığımızı bildiririk və Nərimanov rayon sakinlərini layihənin həyata keçirilməsində daha fəal olmağa çağırırıq”- deyə, nümayəndə qeyd edib.

Bildirilib ki, konsepsiyanın həyata keçirilməsi sürətlə davam edir, gələcəkdə onun digər rayonlarda da tətbiq olunacağı nəzərdə tutulub.

Layihə şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına  və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur