British Council-un Azərbaycandakı filialı gənclər arasında ən yaxşı startap ideyasının müəllifini Oksfordda keçirilən konfransa göndərir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

British Council-un Azərbaycandakı filialı gənclər arasında ən yaxşı startap ideyasının müəllifini Oksfordda keçirilən konfransa göndərir – FOTO – VİDEO

15:45 - 30 / 07 / 2019
British Council-un Azərbaycandakı filialı gənclər arasında ən yaxşı startap ideyasının müəllifini Oksfordda keçirilən konfransa göndərir – FOTO – VİDEO

Azərbaycanlı tələbələr və gənc məzunlar arasında startap ideyaların video-təqdimatından ibarət olan irimiqyaslı "Big Idea Challenge" müsabiqəsi iyulun sonlarında dörd ən yaxşı tələbə komandasının mükafatlandırılması ilə sona çatdı.

Qaliblər üç kateqoriyaya görə müəyyən edildi - rəqəmsal texnologiya, sosial təsir və yaradıcılıq.

Onlar tərkibinə yaradıcı sahibkarlıq sahəsinin həm yerli, həm də beynəlxalq mütəxəssislərinin daxil olduğu münsiflər heyəti tərəfindən seçildi. Bundan başqa, xalq səsverməsi kateqoriyasında da qalib müəyyən edildi.

"Big Idea Challenge" müsabiqəsi British Council tərəfindən "Creative Spark" layihəsi çərçivəsində Cənub Qafqaz, Mərkəzi Asiya ölkələrində və Ukraynada keçirilir. Yeddi iştirakçı ölkələrdə eyni zamanda keçirilən mükafatlandırma mərasiminin onlayn yayımını minlərlə tamaşaçı izləyirdi.

Bakıda tədbirin ən gözlənilən məqamı ölkə üzrə əsas qalibin elan edilməsi oldu. Onun biznes ideyası inkişaf etməsi üçün 3 min funt-sterlinqdən çox maliyyə dəstəyi alacaq. İdeya müəllifi isə Birləşmiş Krallığa bir həftəlik səfər edərək Oksford şəhərində startap konfransında iştirak edəcək, habelə yeddi iştirakçı ölkənin qalibləri arasında birincilik qazanmaq üçün mübarizə aparacaq.

Müsabiqənin əsas qalibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ikinci kurs tələbəsi Sevan Məhəmmədpur olub. O, bir dəqiqəlik video-müraciətində yağış sularının texniki ehtiyaclar üçün təkrar istifadə məqsədilə toplanması və süzülməsi ilə bağlı ekoloji layihə ideyasını təklif edib.

"Hər gün dünyada iki milyard litr içməli su boş yerə sərf edilir. Biz bu problemi aradan qaldırmaq məqsədilə evlərin altına toplanmış yağış sularının təkrar istifadəsi üçün rezervuar və süzgəcdən istifadə etməyi tövsiyə edirik. Bu süzgəclər həm mövcud, həm də yeni rezervuarlara quraşdırıla bilər." - deyə Sevan qısa video-müraciətində bildirir.

Sevanin təklif etdiyi "Boom Filter and Tank" ideyasının kommersiya əsası süzgəclərin satışından ibarətdir. O, ətraf-mühitin müdafiəsinin qızğın tərəfdarı kimi əsas məqsədinin ölkədə ekoloji yükün, habelə əhalinin ödədiyi su pulunun azaldılmasından ibarət olduğunu qeyd edir.

"Birləşmiş Krallığa olmağı həmişə arzu etmişəm, amma heç vaxt bunun reallaşa biləcəyini düşünməmişəm - deyə Sevan 1news.az saytına verdiyi müsahibədə həyəcanla qeyd edir. - Çox şadam ki, bu layihə mənə sahibkarlıq keyfiyyətlərimi üzə çıxarmaq imkanı verdi. Oksforda getmək üçün sentyabr ayını səbirsizliklə gözləyirəm".

Sevan Məhəmmədpurun startap ideyası sosial təsir kateqoriyasının da qalibi olub. O, gələcəkdə sahibkarlıqla ciddi şəkildə məşğul ola biləcəyini düşünür.

"Big Idea Challenge" innovasiya və sahibkarlıq müsabiqəsi aprel ayının əvvəlindən başlayaraq dörd ay müraciətçilər üçün açıq olub. O, dünyanın ən sürətlə inkişaf edən sahələrindən biri olan yaradıcı iqtisadiyyatın inkişaf etməsi üçün gənclərin Birləşmiş Krallığın tərəfdaş ölkələrində sahibkarlıq fəaliyyətinin əsaslarını öyrənməsinə istiqamətlənmiş "Creative Spark" beynəlxalq əməkdaşlıq proqramının əsas hissəsini təşkil edir.

Müsabiqəyə təqdim edilən startap ideyalar üçün əsas tələb onların, sözün əsl mənasında, vacib problemləri həll etməsi və istifadəçilərini innovativ həllərlə heyrətə salmasıdır.

British Council "Creative Spark" proqramının koordinatoru Sevinc Ağazadənin sözlərinə görə London Metropoliten Universiteti tərəfindən hazırlanmış "Big Idea Challenge" müsabiqəsinin əsas məqsədi tələbələrə müştərək layihələrdə iştirak etmək, həmçinin innovasiya və sahibkarlığın inkişafı ilə bağlı qabaqcıl beynəlxalq təcrübə ilə tanış olmaq imkanı verməkdir.

"Bu il proqram sosial layihələrə həsr edilib. İştirakçılar sosial sferada müsbət dəyişikliklərə, cəmiyyətimizin sosial və ekoloji problemlərinin həllinə istiqamətlənmiş ideyalarını təqdim ediblər" - deyə o bildirib.

Sevinc Ağazadənin sözlərinə görə, yeddi iştirakçı ölkədən müsabiqəyə yüzlərlə müraciət olunub və münsiflər onların arasında ən yaxşısını seçərkən çox böyük çətinliklə qarşılaşıb. Nəticədə 9-u Azərbaycandan olmaqla, 63 finalist komanda seçilib.

Bu mövzuda oxuyun:

"Big Idea Challenge": British Council dəstək göstərmək üçün Azərbaycanda güclü yaradıcı startap axtarışındadır - FOTO - VİDEO

Azərbaycanın yaradıcılıq kateqoriyasında ən yaxşı startap ideyası "Edible Bouquets" layihəsi olub. Layihənin müəllifləri - YARAT Müasir İncəsənət Mərkəzindən olan Zəhra Qarayeva və Minirə Musayeva ənənəvi gül buketlərinin əvəzinə, "yeməli buketlər"in yaradılması xidmətlərini təklif edir.

Məqsəd hədiyyənin eyni zamanda gözəl və faydalı olması, habelə bütün dünyada hər gün tonlarla solmuş çiçəklərin zibilliyə atılaraq karbon qazı buraxdığını nəzərə alsaq, ətraf-mühitə təsirin azaldılmasıdır.

Rəqəmsal texnologiya kateqoriyasında ən yaxşı startap ideya Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Cavid Bağırzadə və Solmaz Fətullayevanın təklif etdiyi "Smart Parking" olub.

Startapın ideyası avtomobillərin xaotik şəkildə dayandırılması nəticəsində yollarda yaranan "tıxaclar"la mübarizə aparmağa yönəlmiş xüsusi rəqəmsal cihazların istifadə edilməsindən ibarətdir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Cabbar Paşazadə, Elvin Quliyev və İsmayıl Cəmillinin təklif etdiyi "Music is Life" layihəsi xalq səsverməsi kateqoriyasında qələbə çalıb. Müsabiqənin saytında bu layihəyə yeddi iştirakçı ölkədən ümumilikdə 50 min nəfər, o cümlədən Azərbaycandan 11 min nəfər səs verib.

İdeya 3D printerin köməyi ilə milli Azərbaycan musiqi aləti tarın yaradılmasından ibarətdir. O, ənənəvi alətdən daha yüngül olacağından, gənc tələbələrin belinə düşən yükü azaldacaq. Bundan başqa, bu müasir metod heyvan və bitkilərin həyatını qoruyacaq, çünki ənənəvi tar ağacdan və heyvani mənşəli materiallardan hazırlanır.

Bütün qaliblər bir il ərzində "British Council"dan biznes ideyalarının reallaşdırılması üçün maliyyə və ekspert dəstəyi alacaq. Habelə, onlar bazara yeni atılan sahibkarların biznes-ideyalarını qoruya bilməsi üçün əqli mülkiyyət mövzusunda distant təlim kursu keçmək imkanı qazanacaq.

Bu kurs Creative Spark layihəsinin tərəfdaşı, dünyanın bu sahədə fəaliyyət göstərən ən qocaman təşkilatı Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təşkil edilir. Son 45 ildə ÜƏMT BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı funksiyasını yerinə yetirir.

Bundan başqa, mükafatlandırma mərasimində bütün finalistlərə lazım olan məlumatı düzgün təqdim etmək, ideya ilə müsahibi və ya potensial investoru/işəgötürəni maraqlandırmaq qabiliyyətinə həsr edilmiş, sahibkarlıq mövzusunda "Story Telling" təlim sessiyasında iştirak etmək imkanı verildi. Bu təlim Youth Inc. təşkilatının təmsilçisi, sosial sahibkar Leyla Seyidzadə tərəfindən keçirildi.

Şəkildə: "Big Idea Challenge" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi

Azərbaycanda "Big Idea Challenge" startap ideyalar müsabiqəsinin keçirilməsini təmin edən "Creative Spark" beynəlxalq layihəsi Böyük Britaniyanın mədəni əlaqələr və təhsil imkanları üzrə təşkilatı olan British Council tərəfindən reallaşdırılır. British Council Azərbaycanda təhsil və gənclərin inkişafı sahəsində ən qabaqcıl tendensiyaları tətbiq edərək 1993-cü ildən fəaliyyət göstərir.

"Creative Spark" layihəsi yaradıcı iqtisadiyyatın inkişafına istiqamətlənmişdir. Yaradıcı iqtisadiyyat BMT tərəfindən dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biri hesab edilir. Onun illik artımı orta hesabla 8,7% təşkil edir.

Bu iqtisadi modeldə ən dəyərli və gəlirli məhsul ideya və innovasiyalardır. Post-sənaye inkişafının bu yeni tendensiyası dünyanın inkişaf etmiş ölkələrində XXI əsrin əvvəllərindən başlayaraq aktiv şəkildə yayılır.

Avropa ölkələrində mədəniyyət sektoru ÜDM-nin təqribən 5%-ni istehsal edir. Sektorun proqnozlaşdırılan illik artımı 10% təşkil edir. Bu sektor hər il təxminən 558 milyard avro gəlirlə Avropa İttifaqının ərazisində iş yeri yaradan üçüncü böyük sahədir.

Böyük Britaniya bu sahədə möhtəşəm nəticələri ilə öyünə biləcək ölkələrdən biridir. Burada yaradıcılıq sektoru iqtisadiyyatın digər sahələrindən iki dəfə sürətlə inkişaf edir, ali təhsil sektorundan birbaşa dəstək alır və 92 milyard funt (121,6 milyard dollar) dəyərində qiymətləndirilir.

Şəkildə: "Story Telling" təlim sessiyası

"British Council"ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şahın sözlərinə görə (Summer Xia), yaradıcılıq sahəsinin Azərbaycan hökumətinin ölkə iqtisadiyyatını diversifikasiya etmək niyyətində oynadığı rolu danmaq çətindir.

"Biz bütün diqqətimizi gənc nəslin potensialının artırılmasına veririk, çünki Azərbaycanın gələcəyi onların əlindədir. Ümid edirik, ali təhsil məktəblərini bitirdikdə qazandıqları bacarıqlar bu gənclərin qarşısında böyük imkanlar açacaq və onlar biznes-ideyalarını həyata keçirə biləcəklər. Bu, sadəcə onların karyera imkanlarını artırmayacaq, həm də ölkənin yaradıcılıq sahələrinin sayəsində inkişaf etməsinə kömək edəcək" - deyə o, 1news.az saytına verdiyi müsahibədə qeyd edib.

Şəkildə: "Big Idea Challenge" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi

Samr Şah vurğulayıb - "Mən "Creative Spark" layihəsi çərçivəsində Birləşmiş Krallıq ilə Azərbaycan arasında qurduğumuz tərəfdaşlıq bağlarında çox böyük potensial görürəm. Mən tamamilə əminəm ki, gördüyümüz işlərin davamı insanların dünyagörüşünü dəyişərək və gənc nəslə yeni imkanlar verərək Azərbaycan cəmiyyətinə köklü dəyişikliklər gətirəcək."

Şəkildə: "Big Idea Challenge" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi

Bu mövzuda oxuyun:

Biznes bacarıqlar dövrün tələbi kimi: Azərbaycan Gəncləri "British Council"ın Creative Spark layihəsində - FOTO - VİDEO

Creative Spark: Azərbaycanda gəlirli yenilikçi iqtisadiyyatın inkişafına doğru atılan addım - FOTO - VİDEO

Mədəniyyət iqtisadiyyatın gəlir gətirən sahəsi kimi: British Council Azərbaycanda yeni tendensiya formalaşdırır - FOTO - VİDEO

Yelena Ostapenko

Fotolar British Council tərəfindən təqdim edilmişdir

Paylaş:
1760

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər