Xocalı soyqırımı - unudulmaz qan yaddaşımız - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalı soyqırımı - unudulmaz qan yaddaşımız - FOTO

09:10 - 26 / 02 / 2020
Xocalı soyqırımı - unudulmaz qan yaddaşımız - FOTO

Bu gün bəşər tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının 28-ci ildönümüdür.

Bu soyqırımı Xatın, Srebrenitsa, Ruanda, Sonqmi faciələri ilə birgə XX  əsrin ən dəhşətli soyqırımlarından biri hesab olunur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalının hədəf seçilməsinin əsas səbəblərindən biri Dağlıq Qarabağda yeganə aeroportun burada yerləşməsi idi.

Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər. Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetiriblər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriliblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verilməklə öldürülüb.

Hücum zamanı dinc əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz işgəncələr verilib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilmiş, gözləri çıxarılıb. Habelə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb, meyitlər zorakılığa məruz qalıb. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin qaçıb qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər.

Cinayətlərini ört-basdır etmək məqsədilə erməni silahlıları kütləvi qətliamın baş verdiyi yerə jurnalistləri gətirən helikopterləri atəşə tutublar. Buna baxmayaraq, televiziya müxbiri, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dünyanı sarsıdan görüntüləri lentə almağı bacarıb.

Helikopterin pilotu Leonid Kravetsin Xocalıda şahidi olduğu hadisələrlə bağlı söylədikləri insanı dəhşətə gətirir:

“Çingiz Mustafayev və onunla birlikdə gələn insanlar vertolyota bir neçə uşağın meyitini gətirə bildi. Ağdamda götürdüyümüz bir milis kapitanı burada 3 ya 4 yaşlı oğlunun meyitini tapdı.

Uşağın meyiti tanınmaz hala salınmışdı. Bütün güllə darağı onun bədəninə boşaldılmışdı. Kapitan uşağı təyyarəyə qoydu, amma özünün qalxmağa artıq halı yox idi. Onu havaya qalxan vertolyota güclə salmaq mümkün oldu. Biz Ağdama uçana qədər bu kişi meyiti sinəsinə sıxıb ağladı. Şəhərə çatanda bilindi ki, qəmdən özünü itirən ata ağlını da itirib. O, Ağdamda vertolyotdan düşməyi də bacarmadı”.

Soyqırımdan bir neçə il sonra, o zaman  özünü “Dağlıq Qarabağ Respublikasının müdafiə naziri” adlandıran, Ermənistan keçmiş prezidenti Serj Sarkisyan britaniyalı jurnalist və yazıçı Tomas de Vaala müsahibəsində Xocalıda soyqırımı törətdiklərini etiraf edib:

“Xocalıya qədər azərbaycanlılar elə düşünürdü ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz həmin stereotipi dağıtdıq. Və nə baş verdiyini gördünüz”.

“Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi?” sualına cavab olaraq Serj Sarkisyan kinlə deyib: “Heç bir peşmanlığım yoxdur. Bu cür sarsıntılar minlərlə insanın həyatı bahasına başa gəlsə də, zəruridir”.

İngilis publisisti Xocalıda cinayəti kimin törətdiyinə şübhə qoymayan bütün bu etirafları sonradan “Qara bağ” kitabına daxil etdi.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində dərin hüznlə qeyd edilir. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2009-cu ilin fevralından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir.

Hazırda Xocalı faciəsi dünyanın bir sıra ölkələri və təşkilatları tərəfindən soyqırımı kimi tanınıb.

Bütün bunlara baxmayaraq Xocalı qətliamını törədənlər bu günə qədər layiqli cəzalarını almayıblar.

Bu cür dəhşətli cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən kəskin şəkildə qınanmalıdır. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Əks halda Xocalı kimi soyqırımları yenə baş verəcək və yenə günahsız insanlar amansızlıqla qətlə yetiriləcək. Çünki Xocalı soyqırımı tək azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayətdir.

Babək Cahandarov

Paylaş:
1223

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər