“Cənab Prezident, bu çətin günlərdə hər bir vətəndaşa qayğı göstərir, yardımlar edirsiniz” – Vətəndaş məktubları
Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.
Nəzrin Əhmədovadan, Ağcabədi, Azərbaycan
“Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının yayılmasından bir müddət sonra dünyada çox şey dəyişdi. Dünya bu xəstəlik qarşısında əlacsız qaldı.
Lakin Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanda koronavirusun geniş yayılması nəzarət altına alındı. Bununla yanaşı, ölkədə heç bir sosial layihə dayandırılmadı. Bu dönəmdə qəbul etdiyiniz qərarlarla həm xalqın yanında olduğunuzu bildirdiniz, həm də sübut etdiniz.
Görülən işlərə görə Sizə minnətdarlığımı bildirir, şərəfli işinizdə yeni uğurlar arzulayıram.
Biz birlikdə və Sizinlə güclüyük”.
Söylü Xəlilovadan, Qazax, Azərbaycan
“Hörmətli cənab Prezident.
Qoşulmama Hərəkatının sədri kimi Sizin BMT-nin Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünüzə dünyanın 130-dan çox dövlətinin dəstəyi ölkəmizə olan böyük etimadın və hörmətin təzahürü kimi bizim, Qazax rayonu A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin kollektivinin qüruruna çevrildi. COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçılarının bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac vardır.
Dünyanı cənginə alan koronovirusun yayılmasının qarşısının alınması üçün Sizin müdrik rəhbərliyinizlə bizlərin, ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində gördüyünüz tədbirləri biz ziyalılar dəstəkləyir, ölkə vətəndaşı olaraq epidemiyanın yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqları layiqincə yerinə yetirməyə, əhalinin pandemiya ilə mübarizədə maarifləndirmə işində yaxından kömək göstərməyə daim hazır olduğumuzu bildiririk.
Biz məktəb kollektivi olaraq inanırıq ki, Sizin uzaqgörən siyasətiniz və rəhbərliyinizlə tezliklə bu bəladan xilas olacaq və az zərərlə qurtulacağıq.
Biz Sizinlə fəxr edirik. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük”.
Vəfa Qəmbərlidən, Biləsuvar, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Mən sizi Biləsuvar gəncləri adından salamlayıram. Sizin xalqımızın parlaq gələcəyinə hesablanmış müdrik islahatlarınız, çevik, qətiyyətli və cəsarətli siyasətiniz nəticəsində bu gün Azərbaycan Respublikası Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Biz bilirik ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutaraq, Azərbaycan gəncliyinin Liderinin-Sizin rəhbərliyiniz altında ölkəmizin müstəqilliyinin əbədi olması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir. Çox təəssüf ki, bu gün yer kürəsi dünyamızı dəyişən koronavirus bəlası ilə mübarizə aparır. Sizin xüsusi həssaslıqla həyata keçirdiyiniz önləyici tədbirlər, diqqət və qayğınız heç şübhəsiz ki, xalqımızı bu qlobal bəladan qoruyacaqdır. Bu dövrdə Sizinlə xalq arasında sarsılmaz birlik həlledici rol oynayır. Xalqımız Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz nəticəsində bu ağır sınaqdan üzüağ çıxacağına əmindir. Biz buna inanır və Sizə təşəkkür edirik”.
Ziba Məmmədovadan, Ağsu, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Son vaxtlar hamımızı narahat edən koronovirus pandemiyası ölkəmizdən də yan keçməmişdir. Koronavirus kimi qlobal məsələnin fonunda əhalinin sosial rifahı üçün atdığınız addımlar Sizin nə qədər güclü və qayğıkeş olduğunuzun təcəssümüdür. Həyata keçirilən tədbirlərlə bağlı tapşırıqlarınızın hər birində biz vətəndaşların sağlamlığı əsas məqsəd olmuşdur.
Bütün dünyanın qarşılaşdığı vəziyyətlə əlaqədar ölkəmizdə mart ayından etibarən tədris prosesi dayandırılsa da, biz müəllimlər virtual təhsili davam etdirməyə, məsuliyyətimizi bilərək, üzərimizə düşən vəzifələrimizi icra etməyə çalışmışıq. Çətin məqamlarda da təhsil sahəsinə diqqət və qayğınızı göstərməkdə davam edirsiniz. İnanırıq ki, bundan sonra da Sizin təhsilə göstərdiyiniz qayğı nəticəsində bu sahədə inkişaf qabarıq şəkildə özünü büruzə verəcəkdir.
Möhtərəm cənab Prezident, bizim rifah halımızın yaxşılaşdırılması istiqamətində vaxtaşırı görülən işlərə, yaradılmış şəffaf və demokratik mühitə və əldə etdiyimiz uğurlara görə Sizə dərin minnətdarlığımı bildiririk”.
Günel Əsədovadan, Şamaxı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizin koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün gördüyünüz işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Siz hər zaman xalqın yanındasız və həyata keçirdiyiniz sosial siyasət bizlərin yaxşı yaşaması üçündür.
Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi davam etdiyi bir vaxtda müraciətim və ailə vəziyyətim nəzərə alınaraq mənə yardım verildiyinə görə minnətdaram.
Çox sağ olun, cənab Prezident. Bu çətin günlərdə hər bir vətəndaşa qayğı göstərir, yardımlar edirsiniz.
Əhaliyə göstərilən qayğıya görə bir daha Sizə təşəkkürümü bildirirəm”.
Aidə Abasovadan, Salyan, Azərbaycan
“Hörmətli cənab Prezident.
İnsanlığa təhlükə olan koronavirus infeksiyası ölkəmizdən də yan keçmədi.
Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar, diqqət və qayğınız sayəsində biz sadə vətəndaşlar pandemiyadan daha az zərər gördük.
Mən də bu qayğıdan yararlandım. Xüsusi karantin rejimi dövründə ictimai işə cəlb olunmağım mənim və ailəmin böyük sevincinə səbəb oldu.
Siz hər zaman Azərbaycan vətəndaşını qorumusunuz, hər birimizə dayaq olmusunuz, Bu dəstəyə görə, Sizə minnətdarlığımı bildirir, Azərbaycanın davamlı inkişafı yolunda yeni uğurlar, ən əsası isə möhkəm cansağlığı arzulayıram”.
Mövzu ilə əlaqədar oxuyun:
“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar
“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar
S.Xankişiyeva