Əli Həsənov. Radikal müxalifətin ikinci oktyabr iflası | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov. Radikal müxalifətin ikinci oktyabr iflası

18:58 - 19 / 10 / 2019
Əli Həsənov. Radikal müxalifətin ikinci oktyabr iflası

Bu gün Azərbaycanda iqtidarın bütün prosesləri nəzarət altında saxladığı və hökumətin iradəsindən kənar hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyü bir daha öz təsdiqini tapdı.

1news.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda yer alıb.

Statusda deyilir: Hörmətli oxucularım yəqin ki, 2003-cü ildə Azərbaycanda keçirilən növbəti prezident seçkilərindən sonra İlham Əliyevin möhtəşəm qələbəsi ilə barışmayan radikal müxalifətin şəhərin mərkəzi küçələrində törətdiyi dağıntıları, meydanları əsl döyüş səhnəsinə çevirmək cəhdlərini yaxşı xatırlayır. O zaman qanun keşikçilərinin həyata keçirdiyi ciddi tədbirlər və öz səsini qorumağa qalxan vətəndaşların dəstəyi ilə bütün antidemokratik hərəkətlərin qarşısı alındı, təşkilatçılar qanun qarşısında cavab verdi və radikal ovqatlı müxalif düşərgə ciddi iflasa uğradı. O hadisədən 16 il keçsə də, nə bəhs etdiyimiz həmin radikal müxalifətin siması, nə də ki, onların təşkil etdiyi aksiyaların xarakteri qətiyyən dəyişməyib.

Bəllidir ki, Bakı Şəhər İcra Hakimiyyəti “milli şura” adlanan bu antidövlət qurumunun və AXCP-nin oktyabrın 19-da mitinq keçirmək haqqındakı müraciətinə razılıq verdi və müvafiq olaraq yer ayırdı. Təəssüf ki, təşkilatçılar icazəli mitinqdən imtina edərək qarşıdurma yolu tutdular və şəhərin mərkəzində ictimai asayişi pozmağa cəhd göstərdilər. Onların belə destruktiv hərəkətlərinin nəticəsi olaraq, bu gün bir neçə saat ərzində şəhərin mərkəzi hissəsində əhalinin sabit və ritmik həyatı, nəqliyyatın hərəkəti, insanların rahatlığı pozuldu. Bircə onu qeyd etmək yerinə düşər ki, Bakı Nəqliyyat Agentliyi 14 marşrutun istiqamətini dəyişdirməyə məcbur oldu ki, bu da təxminən 200 min vətəndaşın rahatlığının pozulması deməkdir. Bakı Metropoliteninin “28 May” stansiyasının fəaliyyətinin dayandırılması nəticəsində yüz minlərlə insan vaxtında nəzərdə tutulan məntəqələrə çata bilmədi və diskomfort yaşamağa məcbur oldu. Avtomobil nəqliyyatının hərəkətində yaranmış problemlər, həmin ərazidə yaşayan insanların istirahətinin tam pozulması və radikal qrupların digər qeyri-qanuni əməlləri nəticəsində yaranmış başqa problemlər vətəndaşlarımıza həm fiziki, həm də mənəvi cəhətdən ciddi problemlər yaşatdı. Bəs bunun hesabını kim ödəməlidir? Bu qanunsuzluğa, özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?

Xatırlatmaq istərdim ki, aksiyadan bir neçə gün qabaq təşkilatçılar və potensial iştirakçılar müvafiq qurumlara dəvət olunaraq xəbərdar edilmişlər. Lakin həmin insanlar polis şöbələrindən çıxan kimi sevincək halda sosial şəbəkələrdə statuslar paylaşır, barələrində heç bir ölçü götürülmədiyini qeyd edir və oktyabrın 19-na təyin etdikləri qeyri-qanuni aksiyaya qoşulacaqlarını bildirirdilər. Təəssüf ki, onlar başa düşmədilər və təşkilatçılar da belələrinə başa salmadılar ki, müvafiq xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi artıq birbaşa cinayət məsuliyyəti doğuran haldır və buna görə cavab vermək lazım gələcək.

Beləliklə, oktyabrın 19-da “milli şura” və AXCP-nin hakimiyyətə “diş qıcayaraq” “əzələ nümayiş etdirmək istəyi”, ən əsası, israrla tez-tez təkrarlanan “xalq bizimlədir” tezisini rəhbər tutaraq Bakı şəhərində inqilabi ssenari reallaşdırmaq cəhdi yuxarıda qeyd etdiyim fəsadlardan əlavə, həm də onunla nəticələndi ki:

1. Əli Kərimlinin o zaman əsas rəhbərlərdən biri olduğu Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin səriştəsizliyi və antimilli siyasi ambisiyaları ucbatından 1992-1993-cü illərdə Azərbaycanın uçurumun kənarına necə gətirildiyini və yalnız ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində fəlakətdən necə xilas edildiyini yaxşı xatırlayan xalqımız 2003-cü və 2019-cu ilin oktyabr aylarında bu dağıdıcı ünsürlərin yenidən ölkədə sabitliyi pozaraq aranı qarışdırmaq və öz antimilli ambisiyalarını reallaşdırmaq istiqamətindəki cəhdlərini birmənalı şəkildə boykot etdi və ona layiq olduğu yerini göstərdi.

2. Xalqımızın dağıdıcı müxalifətin ölkəni yenidən qarışdırmaq cəhdlərinə qarşı nümayiş etdirdiyi münasibət bir daha təsdiq etdi ki, bu xalq 2003-cü ilin oktyabrında olduğu kimi, 2019-cu ilin oktyabrında da Prezident İlham Əliyevi Azərbaycan dövlətçiliyinin əsas qarantı, milli maraqlarımızı yüksək səviyyədə ifadə edən və xalqın iradəsini hər şeydən üstün tutan lider kimi ciddi dəstəkləyir, ona alternativ görmür, dövlət başçısına etimad və güvəni hədsizdir, öz rəhbərinin arxasında sona qədər dayanmağa hazırdır.

3. Vətəndaşlarımızın dağıdıcı müxalifətin bugünkü aksiya cəhdinə münasibəti nümayiş etdirdi ki, bu xalq Prezident İlham Əliyevin başdan-başa yenilədiyi və qüdrətli dövlətə çevirdiyi Azərbaycanın yenidən 1990-cı illərin təhlükəli riskləri və eksperimentləri ilə üz-üzə qoyulmasına heç zaman imkan verməyəcək.

4. Bugünkü aksiyanın digər maraqlı tərəfi ondan ibarət oldu ki, uzun müddətdir sosial şəbəkələrdə reklam aparılması, əhalinin israrla küçə və meydanlara dəvət olunması, mitinqə yüz minlərin qoşulacağı barədə boğazdan yuxarı iddialara baxmayaraq, radikal qruplar müxtəlif nöqtələrdən 10-15 nəfərlik lokal qrupları səfərbər edərək Mərkəzi Bankın qabağına cəmi 100-150 nəfər çıxara bildi. Qeyri-qanuni aksiya cəhdi sosial şəbəkələrdə “xalq iqtidardan bezib”, “bu xalqın mitinqidir”, “xalq haqqını tələb etmək üçün meydanlarda olacaq” hayqıran Əli Kərimli və tərəfdarlarının, əslində, heç bir ictimai dəstəyə malik olmadıqlarını və dediklərinin yalnız ucuz piar xarakteri daşıdığını əyani şəkildə təsdiqlədi.

5. Müxalifətin qeyri-qanuni 19 oktyabr aksiyasının qarşısının qətiyyətlə alınması həm də Azərbaycan iqtidarının nə qədər güclü, monolit olduğunu, xalq tərəfindən birmənalı şəkildə necə dəstəkləndiyini, dövlət orqanlarının funksionallığının yüksək səviyyəsini, xüsusən hüquq mühafizə orqanlarının, polisin peşəkarlığını, hakimiyyətin bütün hadisələri, prosesləri nəzarət altında saxladığını və idarə etdiyini, onun iradəsindən kənar, xalqın maraqlarına uyğun olmayan hər hansı bir məsələnin baş tutmasının mümkünsüzlüyünü nümayiş etdirdi.

6. Bu aksiyanın nəticəsi bir daha göstərdi ki, “milli şura” adlanan quruma və AXCP adlı partiyaya rəhbərlik edən şəxslər və onların ətrafındakı bir ovuc radikallar 25 ildən artıq bir dövrdə xarici anti-Azərbaycan dairələrin təhriki ilə antimilli fəaliyyət sürdürmüş, Azərbaycanın siyasi tarixində yalnız qeyri-etik qalmaqlallarla, daxili didişmələrlə, qopma və parçalanmalarla yadda qalmış və qeyri-konstruktiv müxalifət imici qazanaraq özü-özünü fəlakətin bir addımlığına gətirmişdir. Bu da onu göstərir ki, cəmiyyətimiz davamlı şəkildə onun sabit, təhlükəsiz və inkişafda olan həyatını pozmağa çalışan belə müxalifətçilərlə gələcəyə doğru birgə addımlaya bilməz. Deməli, hakimiyyət uğrunda sivil mübarizə apara bilməyən belə radikal, dağıdıcı müxalifətlə nə iqtidar-müxalifət dialoqu aparmaq mümkündür, nə də onların bundan sonrakı dövrdə ölkənin siyasi səhnəsində qalması Azərbaycanın gələcək siyasi palitrası üçün yaxşı heç nə vəd etmir.

P.S. Diqqətə çatdırmaq istərdim ki, mənim aksiya ilə bağlı paylaşdığım bu yazıda gəldiyim qənaətlər heç də iş yerimdə oturaraq hasil etdiyim nəticə deyil, bilavasitə 3 saatını sərf edərək hadisə yerində prosesləri yaxından izləyən insanların verdiyi məlumatlar əsasında formalaşmış mülahizələrdir.

1news.az

Paylaş:
476

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər