Ermənistan prezidenti Armen Sarkisyana açıq məktub | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan prezidenti Armen Sarkisyana açıq məktub

14:23 - 11 / 08 / 2020
Ermənistan prezidenti Armen Sarkisyana açıq məktub

Ermənistan prezidenti Armen Sarkisyan Suriyanın “Al-Azmenah” nəşrinə müsahibəsində 100 il əvvəl imzalanmış “Sevr” müqaviləsinin bu günə qədər hüquqi və qüvvədə olan bir sənəd olaraq qaldığını qeyd edib.

Onun fikrincə, “saziş bölgənin ən çətin problemlərindən birini - erməni məsələsini birdəfəlik həll edə bilər” (“Sputnik-Ermənistan”dan sitat).

““Sevr” müqaviləsi beynəlxalq hüquqi və faktiki olaraq qüvvədə olan bir sənəddir. Məhz onun əsasında Birinci Dünya Müharibəsi illərində və ya ondan sonrakı dövrdə bir sıra Yaxın Şərq ölkələrinin, habelə bir sıra müasir dövlətlərin - Suriya (indiki Suriya-Livan) və Mesopotamiya (indiki İraq-Küveyt), Fələstin (indiki İsrail və Fələstin hakimiyyəti), Hicaz (indiki Səudiyyə Ərəbistanı), Misir, Sudan, Kipr, Mərakeş, Tunis və Liviyanın statusları müəyyənləşdirildi.

[...] “Sevr” müqaviləsi bu gün də erməni məsələsinin ədalətli həllində erməni xalqı üçün vacib sənəd olaraq qalır. 1923-cü ildə imzalanan “Lozanna” müqaviləsi “Sevr” müqaviləsini ləğv etmir, çünki orada son sənəd barədə xatırlatma belə yoxdur.

Bundan əlavə, Ermənistan ona imza atmayıb, buna görə də onun tərəfi deyil və heç bir öhdəliyi yoxdur “ deyə Sputnik-Ermənistan Sarkisyanın “Al-Azmenah”-a verdiyi müsahibəsindən sitat gətirir.

Bu bəyanatla əlaqədar olaraq First News Medianın baş redaktoru Rəhman Hacıyev Ermənistan prezidentinə açıq məktubla müraciət edib.

Dəyişiklik etmədən həmin müraciətin mətnini təqdim edirik.

* * *

Armen Vardanoviç,

Müsahibənizdə verdiyiniz bəzi açıqlamalarla əlaqədar olaraq “Sevr” müqaviləsi ilə bağlı aşağıdakı məqamları diqqətinizi çatdırmaq istərdim.

Birincisi, siz Ermənistan prezidenti olaraq bilməlisiniz ki, 1920-ci il avqustun 10-da imzalanan “Sevr” müqaviləsi əslində qüvvəyə minmədi.

443-cü maddəyə görə, onun bütün tərəflər tərəfindən – bir tərəfdən Osmanlı İmperiyası, digər tərəfdən isə müttəfiq güclər tərəfindən təsdiqlənməsi müqavilənin qüvvəyə minməsi üçün vacib şərt idi.

Ermənistan Respublikası nümayəndə heyətinin rəhbəri Avetis Aqaronyan da sazişi bu şərt daxilində imzaladı.

Məlum olduğu kimi, həmin dövrdə müstəmləkəçilərdən müstəqillik əldə etmək uğrunda mübarizə aparan Türkiyə hökuməti Antantanı bu müqavilənin ratifikasiya olunmasının mümkün olmadığı barədə məlumatlandırdı.

Bu əsarət müqaviləsinin şərtləri ilə razılaşmayan türklər bir neçə cəbhədə müstəqillikləri uğrunda mübarizəni davam etdirdilər. O cümlədən şərqdə Türkiyəyə ərazi iddiaları irəli sürən Birinci Ermənistan Respublikası ilə. Müharibə erməni qüvvələrinin darmadağın edilməsi və əvvəlcə “Aleksandropol”, daha sonra “Qars” müqavilələrinin imzalanması ilə başa çatdı.

“Aleksandropol” müqaviləsinə gəldikdə, bilməlisiniz ki, gözlənilməz hadisə baş verdi - onu xarici işlər naziri vəzifəsində imzalayan Aleksandr Xatisyan, artıq həmin vəzifəni daşımırdı. Belə ki, müqavilənin imzalanmasından bir gün əvvəl Ermənistan Respublikası hökuməti istefa verərək idarəetməni bolşeviklərə təhvil vermişdi. Beləliklə, bu müqavilə lap əvvəldən texniki cəhətdən etibarsız idi. Bununla yanaşı, saziş Ermənistan Respublikası parlamenti tərəfindən də təsdiqlənmədi (bolşeviklər hakimiyyəti ələ keçirdiyindən o, sadəcə mövcud deyildi).

Ərazi iddiaları ilə bağlı dastan bununla bitmədi - amma həmin andan etibarən bu tarixin əsas personajları Türkiyə Cümhuriyyəti və bolşeviklər idi.

Bütün bunlar 13 oktyabr 1921-ci ildə bir tərəfdən Türkiyə və RSFSR, digər tərəfdən isə Ermənistan SSR, Gürcüstan SSR və Azərbaycan SSR arasında “Qars” müqaviləsinin imzalanması ilə başa çatdı. Xüsusi olaraq sizin üçün qeyd edim ki, Ermənistan tərəfini Xarici İşlər Nazirliyinin rəhbəri Askanaz Mravyan təmsil edib.

Özü özlüyündə “Qars” müqaviləsi erməni tərəfinin qıcıqlanmasına səbəb olan ayrı bir hekayə və ayrı müzakirə mövzusudur.

Burada qeyd etmək istərdim ki, istinad etdiyiniz “Sevr” müqaviləsinin (dəqiq desək, onun 92-ci maddəsi) qüvvəyə minəcəyi təqdirdə Ermənistan, Gürcüstan və Azərbaycan arasındakı sərhədlərin müəyyənləşdirilməsi məsələsində tərəflər özləri müzakirə aparıb razılığa gəlməli idilər. Tərəflərin belə bir razılığa gələ bilməyəəyi halda isə, sizin də yaxşı başa düşdüyünüz kimi, müttəfiqlər tərəfindən qərar verilməli idi və siz də yaxşı bilirsiniz ki, bu, baş vermədi.

Fotoda: “Sevr” müqaviləsinə əsasən təklif edilən dəyişikliklərə görə Türkiyənin xəritəsi

Başqa sözlə, “Sevr” müqaviləsinin yazılmış olduğu bir kağıza dəymədiyi halda ona istinad etmək ilk növbədə Ermənistanın özü üçün sərfəli deyil - bu sənədin yenidən işlənməsi Yerevan və Zəngəzurun Ermənistana aid olması məsələsini aktuallaşdıra bilər. Ancaq bu da başqa bir müzakirə mövzusudur və sizi inandırım ki, bu sizə heç lazım deyil. Pandoranın qutusunu açmayın.

Armen Vardanoviç, deyirlər ki, siz təkcə siyasətdə deyil, həm də biznes sahəsində uğurlar qazanmış, uzun illərini (məcburi də olsa) diplomatik xidmətdə keçirmiş savadlı bir insansınız. Əgər belədirsə, onda xarici siyasət fəaliyyətinin belə təhlükəli vasitəsinə - tarixi təftişə niyə müraciət etdiyiniz sirr olaraq qalır.

Dünyanın siyasi xəritəsi min illiklər ərzində formalaşıb.

Eyni zamanda, müasir sərhədlər, demək olar ki, qanlı müharibələrdə ölən milyonlarla insanın qanı ilə çəkilib. Müasir Yaxın Şərqin xəritəsi də 1915-ci ildə Osmanlı İmperiyasının parçalanması və Orta Şərq irsinin bölünməsi ilə bağlı gizli danışıqlara başlayan Qərb güclərinin sui-qəsdinin nəticələrindən başqa bir şey deyil (“Sayks-Piko” müqaviləsini oxuyaraq yaddaşınızı təzələməyi məsləhət görürəm).

Təklif etdiyiniz üsul hamıya qarşı hamının ümumi müharibəsi yoludur. Axı, müharibədə məğlub olan ölkələrin hər biri imzalanmış müqavilələrə etiraz etsə və ya daha da pis olsa, bəzi mif və əfsanələrə istinad edərsə (sizin və həmkarlarınızın etdiyi kimi), dünya ərazilərin yenidən bölüşdürülməsi üçün daimi olaraq müharibə vəziyyətində olacaq.

Şübhə edirəm ki, kiçik Ermənistan qonşuları ilə belə geniş miqyaslı qarşıdurmaya hazır olsun. Axı, “Sevr” müqaviləsi mövzusunu qaldırmaqla Türkiyəyə meydan oxumuş olursunuz. Artıq Azərbaycanla münaqişədə olan və Samtsxe-Cavaxetiyə daim iddia irəli sürməsi səbəbindən Gürcüstanla o qədər də yaxşı münasibəti olmayan kiçik bir ölkə üçün bu çox deyilmi?

Bu mesajımın sonunda diqqətinizi daha bir fakta yönəltmək istərdim.

Siz inadkarcasına 1923-cü ildə imzalanan “Lozanna” müqaviləsinin “Sevr” müqaviləsini ləğv etmədiyini və Ermənistan üçün heç bir əhəmiyyət kəsb etmədiyini iddia edirsiniz. Fikrinizi isə Ermənistanın onu imzalamaması ilə əsaslandırırsınız.

Ancaq eyni zamanda, həmin müqaviləni “Sevr” müqaviləsi çərçivəsində Türkiyənin Ermənistanın xeyrinə torpaqlarından imtina etməsinə çalışan böyük güclərin - Fransa, Böyük Britaniya, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya və serb, xorvat və sloven Krallığının imzaladığı faktını görmürsünüz...

Məhz “Lozanna” müqaviləsi Türkiyə Respublikasının Avropa qonşuları ilə sərhədləri müəyyən edən və onun suverenliyini tanıyan yekun sənəd kimi qəbul olunur və sizdən başqa heç kim bu məsələdə mübahisə etmir.

Hətta İosif Stalinin vaxtında ermənilərin xeyrinə “Qars” müqaviləsinin şərtlərinə yenidən baxmağa çalışan Sovet İttifaqı da bundan imtina etdi.

1920-ci illərdə Türkiyə ərazisində bir erməni dövlətinin yaradılması ideyasını dəstəkləyən (hətta Vilsonian Ermənistanı termini var idi) ABŞ isə çox tezliklə Ankaranın tərəfini tutdu - Prezident Harri Trumen Sovet İttifaqından gələn hər hansı bir iddiaya qarşı çıxaraq və Vilsonun ideyalarının bütün gücünü itirmiş hesab edərək ərazi bütövlüyü məsələsində Türkiyəni dəstəklədi.

Başqa sözlə, siz, Armen Vardanoviç, indi bu məsələdə təksiniz və mesajlarınız bir daha Türkiyəyə qarşı erməni kartı oynamaq istəyənlərin axtarışına bənzəyir.

Bu təxribat deyilsə bəs nədir? Siz təxribatçı deyilsinizsə belə ən yaxşı halda “rogue state”-ə rəhbərlik edən və müasir siyasətdən təcrid edilənlərlə eyni sırada dayanan bir avantüristsiniz.

Rəhman Hacıyev

Baş redaktor

First News Media (1news.az)

Paylaş:
906

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər