Kür quruyur: Azərbaycan yeni problemlə üzləşib - su çatışmazlığı - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kür quruyur: Azərbaycan yeni problemlə üzləşib - su çatışmazlığı - FOTO - VİDEO

13:30 - 03 / 07 / 2020
Kür quruyur: Azərbaycan yeni problemlə üzləşib - su çatışmazlığı - FOTO - VİDEO

Yay fəsli başlayandan bəri ölkənin mərkəzi hissəsindəki bir sıra ərazilərdə yaşayan insanlar su təchizatı problemi ilə üzləşdilər, paytaxtda da su verilişində fasilələr baş verdi.

Əsas səbəblərdən biri Azərbaycanın əsas su arteriyası olan Kür çayında suyun miqdarının kəskin azalması, bunun nəticəsində Xəzər dənizinin suyunun Xıllı və Neftçala istiqamətində Kürün mənsəbinə doğru 35 kilometrə yaxın irərliləməsidir. Bu isə ciddi problemlərə - su qıtlığına, məhsulun məhv olmasına, mal-qaranın ölümünə və bütövlükdə çay yatağşnda ekoloji tarazlığın dəyişməsinə səbəb ola bilər

İyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlamışdı ki, əvvəl Kürün eni Xallı ilə Salyan şəhəri arasında 100-150 metrə çatıbsa, indi çayın bəzi yerlərdə eni 4-5 metrə enib. Çayın axarı boyunca uzunsov adalar meydana gəlib.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı saytımıza açıqlamasında bir sıra şəhər və rayonlarında əhalinin içməli su problemi ilə üzləşdiyini təsdiqləyib:

“Bəzi ərazilərdə Kürün suyundan içmək məqsədilə istifadə edirik. Kürdə emal edilən suyun bir hissəsi Bakı şəhərinə, bir hissəsi Saatlı, Sabirabad şəhərlərinə və ətraf kəndlərə, bir hissəsi isə Hacıqabul, Şirvan Salyan, Biləsuvar şəhərinə və marşrut boyu bəzi kəndlərə  ötürülür.

İyun ayının əvvəllərində müəyyən problemlərimiz olmuşdu, suyun azalması ilə bağlı oradakı üzən nasos stansiyalarımız quma, lilə oturmuşdu. Bu problemi aradan qaldırdıq və suyun normal verilişini bərpa etdik. Lakin Neftçala şəhərində. Eləcə də bəzi kənd və qəsəbələrdə Xəzərin suyunun Kürə qarışması nəticəsində suyun keyfiyyətində problemlər yaranıb. Ondan artıq sudaşıyan maşınla inanlara su veririk”.

Qeyd edək ki, Kür Cənubi Qafqazın uzunluğu 1515 km olan ən böyük çaydır. Türkiyənin şimal-şərqində yaranır, lakin əksər hissəsi içməli su təchizatı, suvarma və elektrik enerjisi istehsalının əsas mənbəyi olduğu Azərbaycan ərazisinə düşür.

Kürdə suyun kəskin azalması sosial şəbəkə istifadəçiləri arasında da geniş müzakirələrə səbəb olub. Bir çoxları bundan narahatlıqlarını dilə gətirirlər.

Gənc siyasi fəal Bəxtiyar Hacıyev də bu mövzuya toxunaraq bunun səbəbinin kanalın kənarındakı bəzi təsərrüfatlar tərəfindən çayın suyundan suvarma kimi istifadə olunmasını qeyd etdi. Bəziləri isə problemi İranın Kürə axan Araz çayı üzərində su anbarları tikməsi ilə əlaqələndirərək məsələyə siyasi rəng verirlər.

Problemin əsl səbəblərini öyrənmək və bunun qarşısının alınması yollarını öyrənməyə çalışdıq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində problemin kifayət qədər ciddi olduğunu deyirlər. Kürün suyunun azlmasının başlıca səbəbləri kimi isə iqlim dəyişikliyi, yağıntıların miqdarının azalması, quraq günlərin sayının artması ilə əlaqələndiirlər.

Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, son dövrlərdə iqlim dəyişmələri şəraitində yağıntıların miqdarının nəzərəçarpacaq dərəcədə azalması, ilin isti aylarında quraqlıq dövrünün davamiyyətinin artması nəticəsində ölkə çaylarında sululuğun azalması müşahidə edilir:

“Bu ilin may və iyun aylarında ölkə ərazisinə düşən yağıntının miqdarının normadan az olması, iyun ayının əvvəlində anomal istilərin müşahidə olunması ilə əlaqədar Kür çayında, həmçinin, Kür çayına tökülən çaylarda sululuq azalıb.

Bunun nəticəsində may ayının 15-dən başlayaraq 31-dək Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsi 108 sm azalıb, eyni zamanda, Kür çayının Mingəçevir su anbarından aşağıda Yevlax məntəqəsində suyun səviyyəsi 47 sm, Zərdabda 127 sm, Surrada 165 sm, Şirvanda 190 sm, Salyanda 154 sm, Araz çayının Novruzlu məntəqəsində isə 122 sm azalma müşahidə olunub.

İyun ayında Kür çayının yuxarı axınında (Qıraqkəsəmən məntəqəsində) suyun səviyyəsinin azalması davam etsə də, Mingəçevir su anbarından buraxılan suyun miqdarının bir qədər artırılması ilə əlaqədar aşağı axımda suyun səviyyəsinin tərəddüdü müşahidə edilib.

Ümumiyyətlə, çoxillik müşahidələrə görə, Kür çayının aşağı axımında yay dövründə hava şəraitinin yağmursuz və isti keçməsi, eyni zamanda, suya olan tələbatla əlaqədar ayrı-ayrı illərdə səviyyənin azalması müşahidə edilib”.

Fotoda: Kür çayının iyunun ortalarında vəziyyəti. Mənbə: Oxu.az

A.Verdiyev bildirib ki, builki azalma isə ötən illərlə müqayisədə, bir qədər çox olsa da, buna yaxın və oxşar vəziyyət 2001-ci ildə də qeydə alınıb:

“Suya olan  tələbatın ödənilməsi üçün çoxlu miqdarda su ehtiyatlarından həm qonşu Gürcüstan və Türkiyədə, həm də Azərbaycanda istifadə olunması, Kür çayından daha çox su götürülməsinə səbəb olur ki, bu da mövcud vəziyyətə təsir göstərir. Təəssüf ki, biz hər yerdə şirin sudan texniki məqsədlər üçün istifadə olunması mənzərəsinin şahidi oluruq.

Kürün suyu azalır. Bu da su defisiti kimi kompleks problemlərlə səciyyələnir. Belə ki, Kürün suyunun səviyyəsinin azalması, onun axarının sürətinin azalmasına da səbəb olur ki, bu da öz növbəsində xüsusilə şimai-şərq küləyi gücləndiyi zaman dəniz suyunun çayın məcrasına daxil olmasına səbəb olur. Kür çayı Türkiyə və Gürcüstanın ərazisindən axaraq çirklənməyə məruz qalır.

Su ehtiyatlarından istifadə olunması ilə bağlı problemin həll olunması üçün hər bir region dövləti tərəfindən beynəlxalq tələblərə cavab verən su təmizləyici qurğular tikilməli, su qoruyucu texnologiyaların tətbiqi ilə bağlı tədbirlərinin görülməsi vacibdir”.

“Ölkə Prezidentinin sərəncamına əsasən, su ehtiyatlarının idarə olunması üzrə dövlət komissiyası yaradılıb. Bu, su ehtiyatları ilə bağlı məsələnin ciddiliyini göstərməklə bərabər, su ehtiyatlarından qənaətlə və səmərəli istifadə olunmasına təkan yaradacaq.

Bu gün biz çaylarımızın suyunun azalmasını qeyd edirik ki, bu da sudan qənaətlə və səmərəli  istifadə olunmasına bir siqnal olmalıdır”, - deyə o qeyd edib.

Məsələ ilə bağlı 1news.az-a danışan AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, Kürün suyunun kəskin azalması əvvəllər də müşahidə olunub. Lakin indiki səviyyədə azalma olmayıb.

“Ümumiyyətlə, Azərbaycan su ehtiyatı az olan ölkələrdəndir. İqlim dəyişmələri də su ehtiyatlarının yaranmasında müəyyən təsirə malikdir. Belə ki, bəzi ölkələrdə suyun miqdarını azaldır, bəzilərində isə əksinə, çoxaldır. Ərazisi quraq olan ölkələrdə yağıntının miqdarı bir az da azalır. Azərbaycanın ərazisinin isə 60 faizi quraq və yarımquraq ərazilərdir. Hələ 20 il bundan əvvəl belə bir proqnoz verildi ki, belə ərazilərdə suyun miqdarı azalacaq. Ölkəmizin müxtəlif ərazilərində yerləşdirilmiş müşahidə məntəqələri göstərir ki, Abşeron yarımadasından başqa digər ərazilərdə yağıntının miqdarı, o cümlədən qar örtüyü və buzlaqların sahəsi azalıb. Bütün bunlar isə çayların suyunun azalmasına səbəb olub. May ayından çaylarda, o cümlədən Kür çayında suların quruduğunu müşahidə edirik. Su azalanda isə orda olan biomüxtəliflik də məhv olur.

Digər tərəfdən çaylarda suyun azlığı əhalinin, xüsusən də Kürün aşağı axarında məskunlaşmış insanların su təchizatında da ciddi problemlər yaradır”.

R.Məmmədov çaylarda suyun azalmasının həm də antropogen amillərlə bağlı olduğunu söyləyib:

“ Neftçala rayonunda apardığımız müşahidələr zamanı gördük ki, hər 100-200 metrdən bir xüsusi nasoslar vasitəsilə Kürdən həyətlərə su vurulur. Eyni zamanda çox yaxın məsafələrdə çoxlu balıq təsərrüfatları üçün gölməçələr yaradılıb. Bütün bunlar çay suyundan istehlakın xeyli artmasına səbəb olub.

Beləliklə, həm təbii, həm də antropogen amillər Kürdə suyun kəskin azalmasına, hətta yatağında adaların əmələ gəlməsinə səbəb olub. Gələcəkdə bu proses getdikcə dərinləşə bilər. Buna görə də kənd təsərrüfatında, energetikada və digər sahələrdə suyun idarə olunmasında və istifadəsində mütləq səmərəli üsullardan istifadə olunmalı, israfçılığa yol verilməməlidir. Adi vətəndaşlarımız da sudan qənaətlə istifadə etməlidirlər”.

Gələcək üçün proqnozların elə də ürəkaçan olmadığını deyən akademikin sözlərinə görə, çıxış yolu kimi hazırkı vəziyyətə adaptasiya olunmalıyıq:

“Təəssüf ki, gələcək üçün proqnozlar elə də ürəkaçan deyil. Baş verən proseslərin qarşısını almaq demək olar ki, qeyri-mümkündür, çıxış yolu kimi hazırkı vəziyyətə adaptasiya olunmalıyıq. Adaptasiya dedikdə su mövcud ehtiyatlarının səmərəli idarə olunmasını və qənaətlə istifadəsini nəzərdə tuturam”.

AMEA Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, doktor Məhəmməd Abduyev kənd təsərrüfatında əhəmiyyətli su itkisi problemini qeyd edir.

“Hər il Azərbaycanın kənd təsərrüfatı 14-15 milyard kubmetr su istehlak edir. Zərərlər çox böyükdür, çünki suvarma üçün beton deyil, torpaq kanallardan istifadə olunur.

Suvarma prosesində su itkisi bəzən 40% -ə çatır. Qabaqcıl suvarma sistemlərinin tətbiqi, habelə əhali tərəfindən suyun daha səmərəli istifadəsi sayəsində çox miqdarda su ehtiyatına qənaət edilə bilər”.

May ayının ortalarında Azərbaycan Prezidenti İlham Əliyev yüksək texnologiyalar sahəsində ixtisaslaşmış CISCO şirkətinin nümayəndələri ilə keçirdiyi video konfransda kənd təsərrüfatında su itkisi problemindən danışdı.

“Bəzən Azərbaycanda su itkisi 40, hətta 50 faiz təşkil edir. Biz nəinki su itiririk, həm də torpağa zərər veririk, çünki yuyulur və kənd təsərrüfatına yararsız hala gəlir” deyən Prezident, şirkətin təcrübəsini ölkədə məhsuldarlığı artırmaq üçün istifadə etmək niyyətini qeyd edib.

Ətraf mühit məsələləri üzrə müstəqil ekspert Telman Zeynalov əmindir ki, Kürün dayazlıq problemi birbaşa Mingəçevir Su Elektrik Stansiyasının fəaliyyəti ilə əlaqəlidir.

“Mingəçevir su anbarı Kürdən həddindən artıq çox su götürür, lakin az keçir. Bu, dövlətdən ticari strukturlara satılan əlavə elektrik enerjisinin istehsalı üçün edilir ”- deyə, T.Zeynalov 1news.az-a müsahibəsində bildirib.

“Kür təbii səbəblərdən yalnız o zaman quruyar ki, Azərbaycanda onilliklər quraqlıq olsun və Gürcüstanda Kürə axan çoxsaylı kiçik çaylar da qurusun. Bəli, o zaman Azərbaycan susız qalacaq”.

AMEA-nın coğrafiya elmləri doktoru Məhəmməd Abduyev də Kürdə suyun həcminin tənzimlənməsində Mingəçevir su anbarının böyük rol oynadıını düşünür. Bununla yanaşı, o, su elektrik stansiyasının Kürün dayazlaşma prosesinə təsirini istisna edir:

“Əlbəttə ki, Mingəçevir Su Elektrik Stansiyası Kürün sürətini aşağı salır, bu isə çayda buxarlanmanı artırır. Lakin hesablamalar bunun çayda suyun azalmasına ciddi təsir etmədiyini göstərir. Su elektrik stansiyası 1953-cü ildən bəri mövcuddur və heç vaxt Kürün suyunun bu qədər azalmasına səbəb olmayıb.

Bundan əlavə, hazırda vəziyyət belədir ki, tam doldurulduqda 16 milyard kubmetr su saxlayan Mingəçevir su anbarında suyun səviyyəsi 2/3-ə düşüb. Yəni orta hündürlüyü 24 metr olan bu ərazidə indi cəmi 8 metr su var”.

Fotoda: Kür çayının iyunun ortalarında vəziyyəti. Mənbə: Oxu.az

Xudafərin körpüsünün yaxınlığında yeni tikilmiş su anbarının Kürdə suyun azalmasına təsirinə gəlincə, Coğrafiya İnstitutunun direktoru, akademik R.Məmədov bildirib ki, sözügedən su anbarının da təsiri olsa da bir o qədər də böyük deyil. Burada digər amillər də nəzərə alınmalıdır. Çünki su anbarının tikintisi Azərbaycan hökuməti ilə razılaşdırılır, bütün məsələlər nəzərə alınır.

“Azərsu” və “Azərbaycanın Meliorasiya və Su Təsərrüfatı” ASC-dən Mingəçevir su anbarının onların səlahiyyətinə aid olmadığını qeyd etdilər. Məqalənin dərc olunduğu dövrdə “Azərenerji”dən bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

B.Cahandarov

Paylaş:
2521

Son xəbərlər

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21
Bütün xəbərlər