ru

Cəmiyyət

22 İyul saat 17:12

Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb – FOTO

Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb – FOTO

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında istedadlı gənclərin üzə çıxarılması və işə qəbulu ilə bağlı müsabiqənin ilk seçim turu keçirilib.

Teatrın mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərliyi ilə iki gün davam edən bu müsabiqədə 60-dək iddiaçı öz vokal imkanlarını və artistlik məharətlərini nümayiş etdirməyə çalışıb.

Teatrın xor, balet, orkestr və aktyor heyətinə yeni istedadların cəlb olunması məqsədilə aparılan seçimin yekununda Şəfiqə Məmmədova nəticələri elan edərək yeni istedadların üzə çıxarılmasında belə müsabiqələrin əhəmiyyətini vurğulayıb və bununla yanaşı, onu narahat edən bəzi məsələlərə də ciddi iradlarını bildirib: “Təəssüf edirəm ki, müsabiqəyə qatılan gənclər hələ də Akademik Musiqili Teatrın bu gözəl təşəbbüsünün əhəmiyyətini və gənclər üçün yaratdığı şəraiti yetərincə dəyərləndirmək iqtidarında deyillər. Əslində bu müsabiqənin məqsəd və tələblərinə uyğun olaraq teatra yeni, istedadlı, gözəl vokal imkanları, xoşagələn görkəmi və təbii ki, ilk növbədə səlis danışıq qabiliyyəti olan gənclər müraciət etməli idi.

Lakin cavanların əksəriyyəti seçdikləri ixtisası layiqincə dəyərləndirmirlər. İki gün ardıcıl davam edən bu turda 60-a yaxın iştirakçı arasından cəmi iki nəfər bu müsabiqənin tələblərinə az da olsa cavab verdilər. Əminəm ki, onlar gələcəkdə bu teatrın səhnəsində maraqlı rolları ilə tamaşaçıların diqqətini cəlb edə biləcəklər. Xor truppasına Orxan Mirzəyev və Tural Məsimov, orkestr heyətinə - Səid Seyidov, Hüseyn Həsənov (qaboy ifaçıları) və Bahadur Rzayev və Turanə Novruzova (skripka ifaçıları) seçildilər. Mən bu müsabiqəni növbəti illərin seçimləri üçün yaxşı bir başlanğıc hesab edirəm. Biz “akademik” teatr statusu almış, gələn il 110 yaşını qeyd edəcəyimiz qocaman, zəngin və maraqlı yaradıcılıq bioqrafiyası, həyat tarixçəsi olan bir sənət məbədində işləmək üçün daha çevik, daha maraqlı, güclü səsi, vokal imkanları, artistlik qabiliyyəti olan gənclərin sorağındayıq”.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev də Şəfiqə Məmmədovanın səsləndirdiyi təklif və iradlarla həmrəy olduğunu bildirərək deyib: “Biz artıq 5-ci ildir ki, bu müsabiqəni keçiririk. Sənəd verən gənclərin çoxu nəinki bizim, heç digər teatrların da işinə yaramır. Ümidvaram ki, budəfəki seçimimizdə də yanılmadıq. Belə müsabiqələr təkcə teatr aləminə deyil, mədəniyyət və incəsənətimizin gələcək inkişafına çox böyük təkan verəcək”.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur