ru

Cəmiyyət

24 İyul saat 11:02

Sosial şəbəkələr, yoxsa KİV?

Sosial şəbəkələr, yoxsa KİV?

Bir neçə gün bundan öncə Bakı Gənclər Mərkəzində “Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondu və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə televiziya və radio aparıcısı Rahib Azəri, ASAN Radionun direktoru Emin Musəvi və mən – 1news.az informasiya agentliyinin baş redaktoru Rəhman Hacı çıxış edərək milli mətbuatımızın keçdiyi yoldan və müasir dövrdə mətbuatımızın fəaliyyəti, sosial media və onun yaratdığı imkanlar və yeniliklərdən bəhs etdik.

İcazənilə, həmin görüşdə paylaşdığım bəzi fikirlərimlə sizinlə bölüşmək istərdim:

Tezis #1

Bir neçə il bundan öncə BBC kimi böyük medianın Twitter sosial şəbəkəsində qeydiyyatdan keçməsini, və ya CNN tərəfindən Youtube-dan götürülən sadə bir istifadəçinin videosunun praym taymda nümayiş olunmasını sözsüz ki təsəvvür edə bilməzdik.

Yəqin ki mənimlə razılaşacaqsınız ki, Facebook və Youtube da kütləvi informasiya vasitələrinin üzərində indiki kimi bu qədər təsirə də malik deyildi.

Ya da başqa bir nümunə - bəzi bloggerlərin insanlara təsiri hətta tanınmış peşəkar ekspertlərin təsirindən belə güclüdür.

Bütün bunlar nəyə görə mümkün oldu?

Çünki yeni texnologiyaların inkişafı media və kommunikasiya sahəsində çox ciddi dəyişikliklərə gətirib çıxarıb.

Artıq bu, bir faktdır.

Lakin burada bir sual yaranır – bu proses bizi haraya gətirib çıxaracaq?

Tezis #2

Oxucularını (izləyicilərini) itirən ənənəvi KİV-lərdən fərqli olaraq, yeni mediaların vəziyyəti daha yaxşıdır.

Rəqəmsal dünya onlar üçün fantastik imkanlar yaratmaqdadır.

Misal üçün – gələcəkdə nəinki telefon, planşet və bu kimi digər cihazlar, hətta boş pəncərələr, güzgülər, Google glass və ya istənilən digər boş sahə məlumatın bizə çatdırılması üçün bir vasitəyə çevriləcək.

Medianın qarşısında duran əsas məqsəd isə – izləyici üçün ən rahat və əlverişli vasitəni taparaq maraqlı kontentin bizə çatdırılması olacaq.

İmkanlar demək olar ki hədsizdir. Nə dərəcədə? Baxın...

Dünyanın ən böyük çap kitabxanalarından biri Rusiya Elmlər Akademiyasının Kitabxanasıdır. O 26 milyon kitabdan ibarətdir və kifayət qədər yer tutur.

Bu kitabxana virtual olsaydı, bu, təxminən 26 terabayt və ya real məkanda təxminən bir kubmetr yer tutacaqdı.

Tezis #3

Bir sözlə, məhz bizim nəsil Gutenberq dövründən sonra media sahəsinin ən radikal dəyişikliklərə məruz qalmasının şahididir.

Söhbət artıq qeyd etdiyim kimi, informasiya mübadiləsinin vasitələri və üsullarından gedir.

Vaxtilə kağız bu sahədə inqilabi bir kəşf sayılırdı...

Lakin bu gün, ola bilsin ki, məhz bizim nəsil kağızla (və kağız mətbuatı) ilə vidalaşmalı olacaq.

Lakin bu keçid də ağıllı və təmkinli şəkildə baş verməlidir ki, faciə halına çevrilməsin.

Tezis #4

Bu gün hər birimiz artıq uzun mətnləri oxumaqda çətinlik çəkirik.

İnternet vasitəsi ilə bizə hədəflənən kontent həcmi o qədər böyükdür ki, bu digər media kanallarının yerini almaqdadır. Artıq kitab, jurnal və hətta bəzən TV-yə belə vaxt qalmır.

Elmi araşdırmalar bunu təsdiqləyir:

Misal üçün İngiltərədə aparılan bir araşdırma onu göstərdi ki, tələbələrin 67 faizi uzun məqalələri yalnız sürətli şəkildə nəzərdən keçirir və yalnız ilk bəndi diqqətlə oxuyur. Bəziləri linkləri yaddaşda saxlayır ki, gələcəkdə onları daha diqqətlə oxusun. Amma bunu etmir.

Bəzi tədqiqatçılar dəyişikliklərin yalnız düşünmə tərzində deyil, hətta fiziki səviyyədə göründüyünü qeyd edirlər.

Carnegie Fondunun eksperti Vasili Gatov bu barədə belə bir fikir söyləyib:  “Müasir insanların xırda motorika bacarıqları əhəmiyyətli dərəcədə inkişaf etmişdir”. Bunun bir nümünəsi kimi o yeni nəslin baş barmağının uzanmasını qeyd edir.

Bunun səbəbini smartfonlarımızın ekranları ilə əlaqəli olduğunu yəqin ki başa düşdünüz.

Tezis #5

Keçmişdə xəbər və ya analitik kontenti yaratmaq çox bahalı bir məsələ idi. Video kontendən heç danışmıram.

Lakin bu gün istənilən şəxs yeni texnologiyalardan istifadə edərək nəinki maraqlı kontent yarada bilər, hətta onu Facebook və Twitter vasitəsilə böyük kütləyə çatdıra bilər.

Keçmişdə model belə idi - "biri deyir, hər kəs dinləyir" indi isə "hər kəs danışır, amma heç kim dinləmir".

Bundan başqa, yerli mətbuat nəinki yeni oyunçularla (bloggerlər, vaynerlər və s.) hətta xarici medialarla belə rəqabət aparmaq məcburiyyətindədir.

Yeni nəsil xarici dillərdə sərbəst danışır. Və buna görə də xarici medialarda ona maraqlı olan kontenti asanlıqla axtarıb tapır. Və nəticədə yerli medialar üçün o qədər də çox vaxt qalmır.

Tezis #6

Lakin bütün bu yeniliklər yalnız medialar qarşısında duran çağırışlarla kifayətlənmir.

Biz, izləyicilər də çətin vəziyyətin qarşısındayıq: bu möhtəşəm məlumat axınının içində bizim üçün maraqlı və faydalı məlumatı necə seçə bilərik?

Xüsusi olaraq bunun üçün nə lazımdır?

Cavabı yəqin ki, mənsiz də çox gözəl bilirsiniz.

Bizim köməyimizə Google və sosial şəbəkələrin ağıllı (süni olsa da) alqoritmləri gəlir ki, bizim işimiz xeyli asanlaşır.

Bəzən bunun üçün Google-da olduğu müəyyən açar sözlərinin yazılması tələb olunur.

Digər hallarda, sosial şəbəkələrdəki kimi, hətta buna ehtiyac yoxdur – YouTube, Facebook və Instagram sizin seçimlərinizi xatırlayaraq, zövqünüzə uyğun məzmunu seçib qarşınıza çıxaracaq.

--

Sonda yenə də sualımı xatırlatmaq istərdim... bütün bunlar nə deməkdir?

Cavab çox sadədir: Dünya sürətlə dəyişir.

Belə ki, yeni tələblərə və standartlara uyğunlaşmağa çalışmasaq, ciddi şəkildə geridə qalacağıq.

Keçmişin xəyallarında yaşamaqdansa, inkişafa müqavimət göstərməyin əvəzinə yeni imkanlardan istifadə edərək irəliyə doğru hərəkət etməliyik.

Rəhman Hacıyev

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, 1news.az saytının baş redaktoru

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur