Uşaqları “xuliqan” kimi böyüdürlər: Cinayətə meyillənən gənclər haqqında - ŞƏRH | 1news.az | Xəbərlər
Müsahibə

Uşaqları “xuliqan” kimi böyüdürlər: Cinayətə meyillənən gənclər haqqında - ŞƏRH

Ayşən İsmayılova10:30 - 29 / 11 / 2022
Uşaqları “xuliqan” kimi böyüdürlər: Cinayətə meyillənən gənclər haqqında - ŞƏRH

“Gəncədə kişi arvadının gözlərini çıxardıb, özü intihar edib”,

“Tanınmış meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib”, “İsmayıllı rayonunda məktəbdə bıçaqlanma hadisəsi baş verib”, “Bu gün səhər saat 06:15 radələrində Bakıda ər arvadını bıçaqlayıb”, “Bərdədə bayram günü ər arvadının biləklərini kəsib”, “Bakıda itkin düşən 16 yaşlı yeniyetmənin qətlə yetirildiyi məlum olub”...

Son olaraq törədilmiş cinayətlərdən biri də bir neçə gün öncə Bakıda, Şağan Olimpiya Kompleksindəki qətl hadisəsi olmuşdu. Xatırladaq ki, 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürmüşdü.

Təəssüf ki, artıq hər gün bu qəbildən xəbərləri oxumağa və eşitməyə öyrəşmişik. Son dövrlərdə ölkəmizdə baş verən cinayət hadisələrinin sayı xeyli çoxalıb. Əfsus ki, bu qətllərin getdikcə daha da amansızlıq və qəddarlıqla törədildiyini müşahidə edirik. Artıq hər gün gördüyümüz bu cinayətlərin “baş qəhrəman”ları arasında uşaq və yeniyetmələrin, hətta ahıl yaşda insanların da olması mütəxəssislərin təbirincə desək, dəhşətvericidir.

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan sosioloq Lalə Mehralı cinayətlərin getdikcə vüsət almasının səbəblərindən danışıb:

"Vəziyyət o həddə gəlib çatıb ki, indi uşaqlar, yeniyetmələr belə amansızlıqla qətl törədə bilirlər. Xüsusi amansızlıqla qətlə yetirmək bir insanın hansı həddə qədər vəhşiləşəcəyinin göstəricisidir. İnsan nə qədər nə qədər vəhşiləşə bilər ki, öldürücü zərbə ilə kifayətlənməyib üst-üstə 15-20 dəfə zərbə vurar.

İnsanlar bir-birinə qarşı o qədər aqressivləşiblər ki, bir insanın sözü digərinin xoşuna gəlmədikdə belə zorakılığa, bıçağa, silaha əl ata bilir. Uşaqlar böyümə mərhələsində-yeniyetməlik dövründə ətraflarında o qədər zorbalıqlar görüblər ki, bu onlar üçün normaldır.

Biz bu yaxınlarda meyxanaçı birinin bir insanı xüsusi amansızlıqla qətlə yetirməsinə şahid olduq. Həmin meyxanaçıya qarşı o qədər simpatiya yarandı, cəmiyyət onu o qədər dəstəklədi ki, əlacları olsa, insanlar bu qətli törətdiyinə görə onun cinayət məsuliyyətinə cəlb edilməməsinə çalışarlar. Əksəriyyət deyirdi ki, öldürdüyü adam buna layiq idi. Yəni bir cinayətkara bəraət qazandırdılar. Bütün bunlar gənclərə nümunə olur. Birinə haqq qazandıran cəmiyyət niyə digərinə qarşı daha aqressiv olsun, qətl törətdiyinə görə onu qınasın? Demək ki, qətlin özü bütövlükdə pis şeydir və kimliyindən asılı olmayaraq zorakılığı törədən hər kəs onun cəzasının çəkməlidir. Yəni cəmiyyət özü bu gəncləri o həddə gətirib çıxarır”.

“İnsanlar uşaqlara ad günü keçirəndə tortlarının üzərinə qandal təsviri, tapança maketi, oğru aləminə aid simvollar əks etdirirlər” - deyə, L.Mehralı əlavə edib:

“Uşaqları “xuliqan” kimi böyüdürlər. Uşaqlar üçün elə geyimlər alırlar ki, üzərində bıçaq, tapança kimi təsvirlər olur. Bir valideyn niyə övladına bu cür paltar geyindirsin? Niyə övladına hazırlatdığı tortun üzərinə oğru aləmindən simvollar olsun? Əslində xırda görünən bu məsələlər böyüdü-böyüdü və nəticədə 2 gəncin, eləcə də 2 ailənin, 2 nəslin həyatını məhv etdi. Biri həbsə getdi, digəri də torpağın altına. Bu lazım idimi bizə? Öldürülən idmançı ilə bağlı hadisədə qətli törədən gəncin atasının idman ustası olması ilə bağlı danışırlar. İdmançılar uşaqlarını tərbiyə etməli, hər şeyin zorakılıqla həll edilməməli olduğunu başa salmalıdırlar. Əslində insanın özünümüdafiə sistemi olmalıdır. O uşaqlar “mənim əzələm var”, “mənim bədənim var”, “mənim fiziki gücüm var”, “qarşımdakına nə istəsəm edə bilərəm” tərzində böyüməməlidirlər”.

Sosioloq deyib ki, ümumiyyətlə bu nəticənin, hazırkı görüntünün yaranmasında televiziyaların da çox böyük “əməyi” var.

“Efirdə cinayət verilişləri yayımlanır. Təsəvvür edin ki, bir insana cinayətin necə törədilməsi, qətlin necə gizlədilməsi, izlərin necə silinməsi qatilin öz dilindən addımbaddım göstərilirdi. Valideyni ilə oturub bu cür verilişləri izləməsi içində bir az zorakılığa meyli olan bir uşaq üçün açar olur. Həmin uşaqlar cinayət verilişlərini izləyərək psixologiyalarını korladılar. Yəni televiziyalar və həmin verilişləri uşaqları ilə birlikdə izləyən valideynlər bilərək və ya bilməyərək əlbirliyi ilə kortəbii olaraq uşaqların psixologiyasını pozdular.

Hazırda hər yerindən qalxan uşaq sosial şəbəkələrdədir. Mən “Tik-Tok”da olmadığım halda oradakı videoları görəndə dəhşətə gəlirəm. Uşaqlar kameranın qarşısında istədiklərini edə bilirlərsə, hələ bugünükü vəziyyətimiz yaxşıdır. Bundan sonra daha pis vəziyyət müşahidə olunacaq. Hesab edirəm ki, buna hamı hazır olmalıdır. Bir cəmiyyətdə ki bir insanı qətl törətdiyinə görə qəhrəman elan edilirsə, bundan sonra bizi nələr gözlədiyini təsəvvür edin. Fərqi yoxdur, kimi qətlə yetirib, öldürdüyü insan dünyanın ən pis insanı belə olsa, onu alqışlarla qarşılamaq bir cinayətkarın əməlinə bəraət qazandırmaqdır.

Uşaqları mümkün qədər televiziyalardan uzaq saxlasınlar. Uşaqlara telefon verərkən müəyyən filtr proqramlardan istifadə etmək lazımdır. Hər şey tərbiyədən və valideyn nəzarətindən başlayır.

Hazırda məktəblərlə valideynlərin kontaktı da minimuma endirilib. Biz məktəbin daxilinə girə bilmirik. Məktəbə girmək üçün yazılı izahat vermək, direktorun qəbuluna girmək lazımdır. Mən girib övladımın hansı şəraitdə oxuduğunu görmək üçün bir neçə prosedurdan keçməliyəm. Bir müddət öncə də bir uşaq məktəbin həyətində öz sinif yoldaşını bıçaqlamışdı. Valideynlə məktəb arasında kontakt yaratmaq lazımdır ki, valideynlə müəllimlər bir-birindən xəbərdar olsunlar. “Uşağı məktəbə göndərdim, vəssalam, işim bitdi” kimi qəbul edilməməlidir. Əgər valideyn 15 yaşlı övladını sağ-salamat idmana göndərib oradan onun cənazəsini alırsa, demək ki, uşaqlarımızın təhlükəsizliyi nə məktəbdə, nə idmanda - heç bir yerdə təmin olunmur. Hələ bəzi hadisləri də mətbuata çıxmadan ört-basdır edə bilirlər".

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan psixoloq Gülnar Orucova isə insanların bu qədər qəddarlaşmağının əsas səbəbinin aqressivlik olduğunu qeyd edib:

"Əvvəllər çox az informasiya mənbəyi var idi. İndi isə informasiyanın müxtəlif qaynaqları var. Elə informasiyalar var ki, onlar yayılmamalıdır. Biz düşünürük ki, cinayətlər indi artıb, amma əslində, həmin cinayətlər həmişə olub. Sadəcə olaraq media nümayəndələri cinayətləri bu qədər sosiallaşdırmırdı. Xəbər saytları bu cür hadisələri durmadan paylaşırlar və insanlar da tez-tez gördüyü şeyləri artıq adi bir hal kimi qəbul edirlər. Cinayətləri qınaq obyekti edilməlidir. Amma indi insanlar qınamaq əvəzinə deyirlər ki, “düz edib öldürüb”, “cavabını verib”, “yaxşı edib”. Yəni insanlar onları qınamaq yerinə əksinə dəstək olurlar.

İnsanlar sosial şəbəkədə həddindən artıq vaxt keçirirlər. Sosial şəbəkədə uzun müddət olan insanın ünsiyyətində problemlər yaranır, ətrafı ilə münasibətlərdə soyuqlaşma, yadlaşma olur, hisslərini gərgin və qabarıq şəkildə bildirir. Xüsusilə də yeniyetməlik çox həssas bir dövrdür. Bəzən biz valideynlər düşünürük ki, övladımızın bütün qayğılarını çəkiriksə, onun hər istədiyini alırıqsa, onu maddi olaraq təmin ediriksə, bu yetərlidir. Amma bəzən bu yetərli olmur. Çünki biz övladımızın marağının nəyə olduğunu, dostlarının kimlər olduğunu, haralara getdiyini, kimlərlə vaxt keçirdiyini bilməliyik və övladımıza yetərli diqqəti, sevgini, qayğını verçəliyik. Bir uşaq ailədə şiddət görürsə, o şiddəti hökmən cəmiyyətə daşıyacaq” .

“Valideynlərin tərbiyə metodu da fərqlidir; kimi sözlə tərbiyə edir, kimi də kötəklə” - deyə, psixoloq əlavə edib:

“Məsələn, valideyn “qardaşını niyə döymüsən?” deyir, amma özü uşağını döyür. Uşaq da görür ki, atam və ya anam mənə irad bildirdi, amma özü döydü. Belə olduqda uşaq gördüyünü götürür və şiddətə meyilli uşaq olur.

Karantin müddətindən sonra asosial insanların və uşaqların sayı artmağa başladı. Azərbaycanda kurikulum təhsil sistemi elə qaydalar qoydu ki, uşaqların ünsiyyət qurmağından daha çox yazıya üstünlük verildi və uşaqlarda nitq bacarıqları aşağı düşdü.

İnsanların aqressiyası da kəskin şəkildə artıb. Elementar bir sözə və ya hadisəyə əsəbi reaksiyalar verirlər. Küçədə insanların üzünə baxıram, onların üzündə təbəssüm yox səviyyəsinə gəlib çıxıb. İnsanların üzü gülmür.

İnsanlar hər şeyi erkən əldə etmək istəyirlər. Bir uğura imza atmaq üçün müəyyən zaman kəsiyindən keçməli, o əziyyəti çəkməlisən. Bəzən bu çətinlikləri keçə bilmirik və ya çətinlik çəkirik, buna görə də aqressivləşirik. Bəzən görürük ki, aqressiyamızı bizi əsəbiləşdirən insana deyil, bizə qayğı göstərən insana yönləndirmişik. Məsələn, işdə müdirinə əsəbiləşən bir qadın və ya kişi əsəbini övladlarından, yaxınlarından çıxır. Buna görə də sizi əsəbiləşdirən, stressinizi artıran işlərdə çalışmayın. Bu işlər sizə müəyyən məvacib verə bilər, amma sizdən elə şeylər alır ki, sonra bunları yoluna qoymaq qeyri-mümkün olur”.

G.Orucova bildirib ki, cinayətlərin yeniyetmələr arasında baş verməsi üzücü bir haldır, çünki onlar bizim gələcəyimizdir.

“Davakar uşaqlar daha çox məktəb yaşı dövründən formalaşmağa başlayırlar. Məktəb psixoloqlarına xüsusi təlimlər verilməlidir. Bu dövlət tərəfindən təşkil olunmalıdır, çünki bünövrə məhz məktəbdə qoyulur.

Mən cəmiyyətdə illər öncə ərin öz həyat yoldaşının gözünü çıxartdığını, kəlmeyi-şəhadət dedirdib övladlarının önündə öldürdüyünü görməmişəm. İnsanlar, həqiqətən də çox qəddarlaşıblar. İnsanların günlük stressi, həyatında düşdüyü vəziyyətlə barışmaması, içlərindəki etirazların yığılıb qalması böyük bir aqressiya yaradır. Aqressiya dağıdıcı bir gücə malikdir. Aqressiv insanların kimi hirslənir, qışqırır, kimi vurur, dağıdır, kimi də öldürür.

Hərə bir şirkət açıb çalışır. Bir idman kompleksi açıb çalışırsınızsa, bəs buranın psixoloqu hardadır? Bu yeniyetmələrin biri-birinə bıçaq çəkməsi bir günün məsələsi deyil ki. Onların arasında olan konfilikti aydınlaşdırmaq, onlara düzgün yol göstərmək lazım idi.

Əgər bu gün bir yeniyetmə əlinə bıçaq alıb bir dostunu qətlə yetirirsə, bilin ki, o yeniyetməyə söz haqqı verilməyib. Əgər ona ailəsi tərəfindən söz haqqı verilsəydi, o qarşısındakı insana fikrini söz vasitəsilə çatdırardı, nəinki bıçağa əl atardı.

Cinayətlər daha çox həyat yoldaşları arasında olur. Xüsusilə də qadınlar amansızlıqla qətlə yetirilir. Hələ də beynimiz qəbul edə bilmir ki, bu xanım məndən ayrılıb, artıq münasibətlər bitib. Siz ata, ana olaraq ayrıla bilməzsiniz, amma həyat yoldaşı olaraq ayrılırsınız. Birinin digərinin həyatına mane olmağa ixtiyarı yoxdur. Baxırıq ki, boşanıblar, aylar, illər keçib və gəlib keçmiş həyat yoldaşını uşaqlarının gözü önündə qətlə yetirir. İctimai qınaq olmalıdır. Çünki təkcə cəza çəkməklə cəmiyyətin fikri dəyişmir".

Ayşən İsmayılova

Paylaş:
2646

Sizin üçün xəbərlər

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər