Aİ-nin üç problemi: təşkilatın riskləri artır | 1news.az | Xəbərlər
Siyasət

Aİ-nin üç problemi: təşkilatın riskləri artır

17:39 - 14 / 11 / 2018
Aİ-nin üç problemi: təşkilatın riskləri artır

Avropa İttifaqının öz potensialına və qlobal geosiyasi proseslərdə oynadığı rola görə çox böyük güc olduğu etiraf edilir. Bu təşkilata üzv olanlar sırasında dünyanın ən yüksək inkişaf etmiş dövlətləri də vardır.

“Böyük yeddilik” qrupu ölkələrinin dördü Aİ-yə daxildir. Ekspertlər daim bu təşkilatla bağlı siyasi, ideoloji və geoiqtisadi məsələlərə həssaslıq göstərirlər. Son zamanlar bu ehtiyac Aİ-nin hazırkı durumu və gələcəyi ilə əlaqədar müxtəlif ekspert rəylərinin sayının artması fonunda daha maraqlı görünməkdədir. Doğrudan da, Aİ hansı çətinliklərlə üz-üzədir və onlar bütövlükdə təşkilatı nə kimi hala gətirə bilər? Avropa İttifaqı daxili və xarici mühitdən qaynaqlanan ziddiyyətli məqamlara necə reaksiya verir? Bu kimi suallara cavab tapmaq üçün təşkilatla bağlı bir sıra vacib ziddiyyətli özəlliklər üzərində geniş dayanaq.

Miqrasiya, sağçı qüvvələr və supergüclər: Aİ-nin “Bermud üçbucağı”

Siyasi liderlər tamamilə haqlı olaraq xeyli müddətdir ki, Avropa İttifaqının yeniləşmə zərurətini vurğulayırlar. Təşkilatın yüksək səviyyəli rəsmi şəxsləri dəfələrlə bu barədə açıq və konkret fikir bildiriblər. Mütəxəssislərin də məsələyə münasibətində ortaq mövqe müşahidə edilir: onlar Aİ-nin, əslində, müxtəlif sahələrdə ziddiyyətlər içində olduğunu əsas tutaraq, dəyişməsi ehtiyacını qeyd edirlər.

Bu təşkilat dünyanın ən güclülərindən hesab edilir. Almaniya, Fransa, İtaliya kimi böyük inkişaf potensialına malik olan dövlətlər Aİ-yə daxildir. Bütövlükdə 28 ölkəni birləşdirən Avropa İttifaqı indiki mərhələdə də böyük güc hesab olunur. Almaniya və Fransa çox güclü iqtisadiyyata malik dövlətlərdir. Ancaq bu məqam başqa faktorları nəzərə almamağa əsas vermir. Mütəxəssislər müasir dövrün çağırışları fonunda təşkilatın daxilində yaranmış vəziyyəti və xarici siyasətdə müşahidə edilən bir sıra ziddiyyətləri arxa plana atmağı məsləhət bilmirlər.

Bu xüsusda bir çox faktorlar mövcuddur ki, Aİ-nin daxili və xarici siyasətinə yenidən baxılması ehtiyacını gündəmə gətirir. Onların sırasında ilk olaraq təşkilata üzv dövlətlərin miqrant probleminə olan münasibəti vurğulanır. Analitiklər bu məqamı hətta ön sıraya belə çıxarırlar (bax, məs., Воробьёва Л.М., Савушкина С.В. Евросоюз на перекрёстке внутренних и внешних вызовов / “Проблемы национальной стратегии” № 5 (50), 2018).

Rusiya Strateji Araşdırmalar İnstitutunun ekspertləri tərəfindən hazırlanmış əhatəli məruzədə müəlliflər vurğulayırlar ki, Avropa məmurlarının birlik haqqında “andiçmələrindən başqa Aİ-nin aydın planı yoxdur” (bax: əvvəlki mənbəyə). Və bu, təşkilatın immiqrasiya böhranının səbəb və nəticələrini müəyyənləşdirib dəf etmək iqtidarında olmamasında, sağ populist hərəkatı dayandıra bilməməsində, ABŞ və Çinlə qarşılıqlı münasibətlərdə öz maraqlarını qoruya bilməməsində daha qabarıq şəkildə özünü büruzə verir (bax: əvvəlki mənbəyə).

Həqiqətən, digər ekspertlər də məhz bu məqamları Aİ-nin indiki mərhələdə qarşısında dayanan başlıca maneələr hesab edirlər. Onlardan biri sırf daxili siyasi mühitlə bağlıdır. Miqrasiya problemi, ABŞ və Çinlə münasibətlər isə xarici siyasi kurs, beynəlxalq münasibətlərdə hüquqi çərçivəyə əməl etmə kimi vacib məqamları əhatə edir. Belə çıxır ki, yuxarıda vurğulanan üç sfera faktiki olaraq Aİ-nin hazırkı siyasi və funksional özəlliklərini çox yaxşı ifadə edir. Onların hər biri üzərində geniş dayanmaq gərəkdir.

Öncə, Aİ üzvləri miqrasiya məsələsini elə də ciddi qəbul etmədilər. Hətta 2015-ci ildə bu məsələni asanlıqla həll etmək barədə fikir də bildirildi. Sonra 100 minlərlə insan Avropaya axışanda problemin bütün ciddiyyəti aydın oldu. Eyni zamanda, ən düşündürücüsü o idi ki, özünü demokratiyanın və insan haqlarının beşiyi sayan Qərb siyasi və hüquqi həll yolunu tapa bilmədiyinin fərqinə vardı.

Bunun ən bariz təzahürü İttifaqa daxil olan dövlətlərin bir-birindən radikal dərəcədə fərqlənən yanaşması idi. Macarıstan, İtaliya, Avstriya və Çexiya sərt mövqe nümayiş etdirdilər, Almaniya və Fransa isə daha yumşaq və barışdırıcı qərarlar almağa hazır oldular. Bundan sonra bir neçə dəfə Aİ liderləri miqrasiya problemini həll etmək üçün rəsmi və qeyri-rəsmi olaraq toplansalar da, konkret razılıq hələ də əldə edilməyib. Əksinə, bir sıra dövlət başçılarının bu problemin dalğası üzərində vəzifələrini itirə bilməsi təhlükəsi var.

Bu vəziyyət onu göstərir ki, miqrasiya məsələsi Aİ-nin siyasi gündəmində hələ də həll olunmamış ziddiyyət olaraq qalır və liderlər onu həll etməyə hazır görünmürlər. Deməli, Aİ faktiki olaraq siyasi ilə yanaşı, hüquqi böhrandan da xali deyil. Mütəxəssislər bu vəziyyətin tez zamanda aradan qalxa biləcəyinə inanmırlar. Bunu ikinci problemin – sağ populizmin mövcudluğu da təsdiqləməkdədir.

Çıxış yolu: tərəddüdlər davam edir...

Artıq bir neçə ildir ki, sağ populizm sözün əsl mənasında Avropa siyasi səhnəsinə davamlı “hücumlar” edir. Ekspertlərə görə, bu prosesə ABŞ-da Donald Trampın (onu da sağçı populist hesab edirlər) prezident seçilməsi yeni təkan verdi. Onu vurğulayaq ki, sağ populistləri “yeni sağlar” və “konservativ milliyyətçilər” də adlandırırlar (bax: məs., əvvəlki mənbəyə). Avropada isə sağ populistlər kimi Gert Vildersi (“Azadlıq partiyası”, Hollandiya), Marin Le Peni (“Milli cəbhə” partiyası, Fransa), Aleksandr Qaulandı (“Almaniya üçün Alternativ” partiyası), Haynts-Kristian Ştraxeni (Avstriya Azadlıq partiyası), Luici di Mayonu (“Beş ulduz” hərəkatı, İtaliya), Matteo Salvinini (“Şimal Liqası” partiyası, İtaliya) və digərlərini göstərirlər. Siyasi liderlərdən isə daha çox bu mövqedən Macarıstanın Baş naziri Viktor Orban çıxış edir.

Sağ populistlərin cəmiyyəti parçaladığı haqqında rəylər mövcuddur. Onlar “biz” və “onlar” ayrı-seçkiliyini edirlər. “Onlar” yalançı millətçilər və beynəlxalq isteblişment nümayəndələridir. Bu dairə insan və təbii resursları qlobal miqyasda istismar edir. “Biz” məhsuldar əməklə məşğul olanlardır ki, onlar da qloballaşmanın ədalətsizliyinin qurbanıdırlar.

Etiraf edək ki, sağ populistlərin bu mövqeyi kifayət qədər təhlükəli məzmun kəsb edir. Bu, faktiki olaraq müasir cəmiyyəti iki radikal düşərgəyə ayıra bilər. Bu məqama görə, Aİ-yə üzv dövlətlərdə ictimai ziddiyyətlər bir qədər sonra kəskin siyasi-ideoloji qarşıdurmalarla əvəzlənə bilər. Eyni zamanda, sağ populistlərin Aİ-nin gələcəyi ilə bağlı mövqeləri Brüsselin yanaşmasından fərqlənir. Sağlar təşkilatda milli dəyərlərin üstünlük təşkil etməsini lazımlı sayırlar. Brüssel isə daha çox insan haqları və bəşəri dəyərlər faktorlarına üstünlük verir.

Lakin vəziyyət getdikcə çətinləşir. Sağ populistlərin Avropa Parlamentində daha çox yer tuta bilməsindən narahatlıq vardır. Bir sıra üzv dövlətlərin hakimiyyətində isə artıq onların təsiri hiss olunur. Bu sırada Macarıstan, İtaliya və Çexiyanın adı daha çox hallandırılır.

Onu da vurğulayaq ki, sağ populistlərin şansını artıran xarici faktorlar da meydana gəlib. Bu sırada ilk olaraq D.Trampın adı çəkilir, lakin daha geniş kontekstdə baxdıqda, Aİ-nin ABŞ və Çin siyasətində meydana gələn çətinliklər daha təsirli görünür. İndi ekspertlər hesab edirlər ki, Brüssel real olaraq Vaşinqtonla Pekin arasında sərt seçim qarşısında qalıb. Bunun bir səbəbi D.Trampın bütövlükdə Amerikanın Avropa siyasətinə yeni məzmun çaları gətirmək istiqamətində atdığı addımlardırsa, digər səbəb Çinin yeni qlobal strategiya həyata keçirməsidir.

Almaniya, Fransa və hətta Böyük Britaniya, faktiki olaraq Pekinlə əməkdaşlıq edir, məsələn, Çinin təklif etdiyi yeni beynəlxalq bankın yaradılmasında iştirak edirlər. Bundan başqa, “Yeni İpək Yolu” layihəsindən imtina etmək fikirləri də yoxdur. Asiyadan başlayan marşrutla Avropaya böyük həcmdə ticari məhsullar gələ bilər. Burada enerjidən tutmuş bütün təbii ehtiyatlara qədər məhsullar yer alır. Avropa üçün Asiya ilə yaxından əməkdaşlıq etmək şansı meydana gəlib. Vaşinqton isə müxtəlif təzyiq üsulları ilə Avropa dövlətlərini bundan çəkindirməyə çalışır. Sanksiyalar tətbiq edir, əlavə vergilər qoyur və bir sıra hallarda da hədələyir.

Son olaraq Donald Tramp Fransa Prezidenti Emmanuel Makrona açıq deyib ki, yeni Avropa ordusu yaratmağı düşünmək əvəzinə NATO-ya olan borclarını ödəsinlər. Amerika Prezidentinin Avro-Atlantika inteqrasiyasına törətdiyi maneələr və iqlim üzrə Paris müqaviləsindən çıxması ilə yaratdığı anlaşılmazlıqlar da sirr deyildir.

Bunlar aydın surətdə göstərir ki, Aİ ciddi şəkildə ABŞ-la Çin arasında “sıxılıb”. O, nə Amerikadan imtina edə bilir, nə də Çinin cəlbedici təkliflərindən vaz keçmir. Bu ziddiyyətli və riskli durumun nə qədər davam edəcəyini demək çətindir. Lakin ekspertlərin fikrinə görə, bu, Brüsselə yaxşı heç nə vəd etmir.

Yuxarıda vurğulanan ziddiyyətli məqamlar, təbii ki, Avropa İttifaqının tezliklə iflasa uğrayacağı haqqında nəticə çıxarmağa əsas vermir. Ancaq bu təşkilatın içində olduğu ciddi çətinliklər beynəlxalq münasibətlər sistemində risk faktorunu artırır. Sirr deyil ki, Aİ dünya siyasətində böyük rol oynayan təşkilatdır. Onun inkişafda və ya tənəzzüldə olmasının bütün dünyaya təsiri vardır. Bu baxımdan Aİ-nin risk və qeyri-müəyyənlik mənbəyinə çevrilməsi arzu olunan deyil.-0-XM

Kamal Adıgözəlov

Newtimes.az

Paylaş:
418

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər