Azərbaycan - Aİ əlaqələri: mühüm və etibarlı tərəfdaşlıq – TƏHLİL | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan - Aİ əlaqələri: mühüm və etibarlı tərəfdaşlıq – TƏHLİL

15:00 - 20 / 05 / 2019
Azərbaycan - Aİ əlaqələri: mühüm və etibarlı tərəfdaşlıq – TƏHLİL

Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri də Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdirilməsidir. Sevindirici haldır ki, bu gün ölkəmizlə Aİ arasında səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr günü-gündən güclənir və inkişaf edir.

Mayın 13-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının işə salınmasının 10 illiyinin bayram edilməsi tədbirləri dediklərimizi bir daha təsdiq edir.

Prezident İlham Əliyevin Belçikaya səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla görüşü isə xüsusi qeyd olunmalıdır.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Ölkəmizin Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən Donald Tusk Azərbaycanın regiondakı rolunun Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Öz növbəsində Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər çox uğurla inkişaf edir və ölkəmiz bu əlaqələrin genişlənməsinə böyük önəm verir.

Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının prezidenti Donald Tuska Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.

Görüşdə ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti vurğulanıb, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparılıb. Söhbət zamanı Azərbaycanın istər Şərq

Tərəfdaşlığı Proqramı çərçivəsində və istərsə də ikitərəfli formatda Avropa İttifaqı ilə yaxından əməkdaşlığı xüsusi qeyd olunub.

Həmin gün Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verilib.

Şam yeməyində çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biridir.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır.

Dövlətimizin başçısı, həmçinin bildirib ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.

Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd edib. Dövlətimizin başçısı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirib ki, 25 ildən çoxdur bu münaqişə davam edir.

Prezident İlham Əliyev qeyd edib ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur.

Dövlətimizin başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirib.

Qeyd edək ki, yuxarıda da qeyd etdiyimiz kimi Aİ ilə əlaqələr Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib:

- Bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurulub. Bu özünü daha qabarıq şəkildə enerji sahəsində əməkdaşlıqda büruzə verir. Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinə mühüm töhfə verir;

- Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu qəbul olunmuş ikitərəfli sənədlərdə də özünü aydın göstərir (2018-ci ildə Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil qərargahına səfəri zamanı paraflanmış Tərəfdaşlıq prioritetləri adlı sənəddə Aİ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə edib);

- Yekun bəyanatın qəbul olunması ilə əlaqədar irəli sürülən bəzi iddiaların əsası yoxdur. Tədbirdə ilkin olaraq tezislərdən ibarət yekun bəyanat verilməsi nəzərdə tutulub. Sonra isə bütün iştirakçı dövlətlərin rəyi də nəzərə alınmaqla Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarının adından  ümumi yekun qeydlər sənədinin qəbul olunması qərara alınıb. Bu sənəddə də Aİ-nin əvvəlki illərdə qəbul olunmuş sənədləri, o cümlədən 2017-ci il Brüssel sammitinin yekunları ilə bağlı sənədin müvafiq müddəaları da nəzərə alınıb.

- Birmənalı şəkildə bildirmək olar ki, Aİ Şərq Tərəfdaşlığı proqramında iştirak edən bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

Hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair sənəd hazırlanır və  bu sənəddə əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir.

Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşdır və buna görə də  öz vətəndaşlarının və şirkətlərinin maraqlarını qorumalıdır. Buna görə də bərabərhüquqlu rəqabət mühitinin formalaşdırılmasına səylər göstərilir. Bu məqam qəbul olunması nəzərdə tutan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir.

Prezident İlham Əliyevin Brüsselə səfəri və keçirdiyi görüşlər Azərbaycanla Aİ arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edib, bir sıra sahələr üzrə əməkdaşlıq prioritetləri bir daha nəzrədən keçirilib.

“Azərbaycan - Aİ münasibətləri strateji xarakterlidir”

Prezident İlham Əliyevin Belçikaya səfərinə münasibət bildirən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər hər iki tərəf üçün strateji xarakterli münasibətlərdir:

“Azərbaycan üçün bu münasibətlərin yüksək səviyyədə qurulması həm siyasi, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Çünki Aİ hazırda dünya siyasətini müəyyənləşdirən, beynəlxalq nizamın keyfiyyətinə mühüm təsir göstərən kollektiv ittifaq olmaqla, həm də hərbi–siyasi baxımdan dünya siyasətində imperativ güc mərkəzlərindən biri kimi çıxış etməyi bacarır. Aİ dünyanın yeni sənaye inqilabının və XXI əsrin innovasiyalar, yeni texnologiyalar mərkəzlərindən biridir.

Deputat qeyd edib ki, Avropa üçün Azərbaycan yeni alternativ enerji təhlükəsizliyi və mühüm beynəlxalq nəqliyyat-kommunikasiya qovşağıdır. Eyni zamanda, klassik Şərqə və Asiyaya doğru uzanan strateji yolda mühüm geostrateji rayondur. Əgər bütün bunları bir də məskun olduğumuz siyasi coğrafiyanın 2011-ci ildən sonra formalaşmaqda olan yeni hərbi-siyasi reallıqları kontekstində qiymətləndirsək, o zaman bir daha ölkəmizin Avropa İttifaqına üzv dövlətlər üçün nə qədər əhəmiyyətli olduğunu görə bilərik.

Hazırkı mürəkkəb beynəlxalq şərtlər və ikili standartlar siyasəti mərhələsində proqnozlaşdırıla bilinən və güvənilən tərəfdaş olmağın çox çətin olduğunu deyən H.Babaoğlu vurğulayıb ki, Azərbaycan öz tərəfdaşları ilə münasibətdə bunları qorumağı bacarır, öz milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir. Ona görə də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşərkən məhz bu məsələni önə çəkərək Azərbaycanı Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşı adlandırdı. Bu fikir, əslində, tərəflər arasında münasibətlərin keyfiyyət göstəricisi kimi də qiymətləndirilə bilər:

“Aİ kimi nüfuzlu beynəlxalq aktorun bu məsələdə dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir. Elə dövlətimizin başçısının Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdə bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara toxunması, Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq Prioritetləri” sənədi, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsinin aparılması bir daha bu tərəfdaşlığın nə qədər əhəmiyyətli olmasından xəbər verir. Qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edən bu münasibətlər perspektivdə də hər iki tərəfə mühüm dividentlər vəd edir”.

“Azərbaycan - Aİ münasibətləri yeni mərhələyə qədəm qoyub”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçikaya səfəri çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə keçirilən görüşlər tərəflər arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib. Millət vəkili bildirib ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir:

“Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir”.

Ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin imzalandığını xatırladan deputat bildirib ki, səfər zamanı həmin sənəddə əksini tapmış Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub:

“Bu sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Mühüm məqam odur ki, sənəddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur. Bütövlükdə, Prezident İlham Əliyevin Brüsselə səfəri böyük əhəmiyyət kəsb edir”.

1news.az

Paylaş:
862

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər