Bakıda Britaniyanın Milli Gününə həsr olunmuş qəbul keçirilib - FOTO
Bakıda Böyük Britaniyanın Milli Günü - Kraliça II Elizabetin təvəllüd günü münasibətilə rəsmi qəbul təşkil edilib.
1news.az xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Böyük Britaniyanın dövlət himnləri səsləndirilib.
Çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts bildirib ki, Kraliçanın təvəllüd gününün Azərbaycanda qeyd edilməsi əlamətdar hadisədir. O bildirib ki,builki qəbul ətraf mühitə həsr olunub.
Xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakter daşıyır. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk qərb ölkələrindən biridir. Azərbaycan Böyük Britaniya ilə siyasi dialoqun səviyyəsindən razıdır. Nazir müavini Birləşmiş Krallığın Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini gücləndirəcəyinə ümid etdiyini deyib.
Xələfov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən iki ölkə arasında çoxşaxəli əməkdaşlıq inkişaf edir. Azərbaycana xarici sərmayə qoyan ölkələr arasında Böyük Britaniya birinci yerdədir. İki ölkə arasında əlaqələrin əsasən energetika sahəsində inkişaf etməsinə baxmayaraq, hazırda əlaqələr şaxələndirilir:
“Azərbaycanda 500-ə yaxın Britaniya şirkəti çalışır ki, onların da əksəriyyəti qeyri-neft sektoru üzrə fəaliyyət göstərir. Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq inkişaf edir. Böyük Britaniya azərbaycanlı tələbələrin ən çox üz tutduğu 3-cü xarici ölkədir”.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
P.Sultanova