1news.az

Baş Prokurorluq: Qırılmış əsas budaq sağlam olub

15 İyul saat 12:56 ~ 2 dəqiqəlik oxu 100
Baş Prokurorluq: Qırılmış əsas budaq sağlam olub

Azərbaycan Respublikası Baş Prokurorluğu Şəki şəhərində ağacın qırılması nəticəsində baş verən hadisə barədə açıqlama yayıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, iyulun 14-də saat 12 radələrində Şəki “Xan Sarayı” abidəsinin ərazisində ağacın budaqlarının qəflətən qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdirilmiş, onlardan 13 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılmış, digər 2 nəfərin Şəki RMX, 4 nəfərin isə Bakı MKX-da yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə intensiv müalicələri davam etdirilir.

Baş vermiş hadisə ilə əlaqədar rayon prokurorluğunun əməkdaşları, eləcə də aidiyyəti nazirliklərin mütəxəssisləri dərhal həmin ünvana gedərək, ilk növbədə xəsarət alan şəxslərin təcili-tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılması təmin edilmiş, hadisə yerinə baxış keçirilmiş, qırılmış budaqlardan nümunələr, habelə digər əhəmiyyət kəsb edən maddi sübutlar və izlər götürülmüş, mütəxəssislərin ilkin rəyləri alınmışdır.

Aparımış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrli budağı qəflətən qoparaq aşağıda - 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qıraraq hər iki budaq insanların üzərinə düşmüşdür.

Mütəxəssislərin ilkin rəyinə əsasən budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olmuşdur. Belə ki, iyulun 12-dən başlayaraq saniyədə 8-12 metr olan küləklə müşaiyət olunan, xüsusilə iyulun 14-də səhər saatlarından başlayaraq 3 saat ərzində aylıq normanın 54% miqdarında (32 mm) aramsız yağış yağmışdır.

İlkin müayinələrə əsasən müəyyən edilmişdir ki, qırılmış əsas budaq sağlam olmuş, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmamışdır. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülərək bioloji tədqiqatın keçirilməsi məqsədi ilə Ekologiya və Təbii sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilmişdir. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur.

Hazırda araşdırmalar davam etdirilir.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net