Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu | 1news.az | Xəbərlər
Futbol

Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu

14:46 - 14 / 06 / 2019
Rizvan Fərzəliyevin komandası MFL-in qalibi oldu

Sirr deyil ki, son illərdə müxtəlif adlarla həvəskarlar arasında keçirilən mini-futbol üzrə yarışlar sayəsində kütləviliyə nail olunub. Mini Futbol Liqası (MFL), “Alfa Liqa”, “Ulduzlar Liqası” və Bakı Futbol Liqasına (BFL) maraq heç də az deyil. Düzdü, bu yarışların təşkilinə sırf maddi maraq prizmasından yanaşanlar da var...

1news.az-ın Football-plus.az saytına istinadən verdiyi xəbərə görə, bazar günü MFL-də, daha doğrusu, sponsor adı ilə desək, “United Sport MFL”də 2018/19 mövsümünün qalibi müəyyənləşib. Gərgin mübarizə şəraitində keçən, bir-birindən maraqlı oyunlarla zəngin olan liqanın həlledici - final matçında ən güclü iki komanda - “Rulewave Baku” və “Sirena Motors” qarşılıb. “MFL Arena”da baş tutan görüşə saat 20.00-da start verilib. Bir faktı nəzərinizə çatdıraq ki, “Rulewave Baku”nun konferensiya oyunlarında məğlub olduğu yeganə komanda məhz “Sirena Motors” idi. Bu amil final oyununa marağı daha da artırırdı. Belə ki, “Rulewave Baku” rəqibini yenəcəyi təqdirdə turnirin qalibi olmaqla yanaşı, “Sirena Motors”dan aldığı məğlubiyyətin də əvəzini çıxmış olacaqdı. “Sirena Motors” isə qalib gələcəyi halda çempion adını qazanmaqla yanaşı, “Rulewave Baku” üzərində əvvəlki qələbənin təsadüfi olmadığını sübut edəcəkdi. Maddi maraq da öz yerində. Belə ki, çempion 10000 manat, ikinci yeri tutan komanda 2000 manat qazanacaqdı. Reqlamentə görə 3-cü yeri tutan komandaya növbəti mövsümdə turnirdə ödənişsiz iştirak şansı verilir.

Yeri gəlmişkən, turnirin təşkilatçıları fərdi mükafatlar da ayırır. Mövsümün ən yaxşı oyunçusuna 400, bombardirə 300, rəmzi komandanın - 6 nəfərin hər birinə 300, ən çox məhsuldar ötürmə verənə və ən yaxşı qapıçının hər birinə isə 200 manat mükafat təqdim olunur. “Feyr-pley” mükafatı ilə təltif edilən komanda da gələn mövsüm 50 faiz ödəniş haqqından azad olunur.

Beləliklə, “United Sport MFL”in final oyunu möhtəşəm alınıb. Təkcə onu demək kifayətdi ki, qarşılaşmanı 300-dək azarkeş izləyib. Turnirin əsas favoriti sayılan, Əfqan Talıbovun baş məşqçisi olduğu “Sirena Motors” matça yaxşı başlamayıb. “Rulewave Baku” Müslüm Abbasovun 2-ci və 9-cu, Mirmehdi Rzayevin isə 29-cu dəqiqədə vurduğu qollarla ilk yarını 3:0 öndə tamamlayıb. Ancaq ruhdan düşməyən “Sirena Motors” ikinci hissənin əvvəlində fərqi minimuma endirib. Əlisalam Həmidov 35-ci dəqiqədə penaltidən fərqlənib, iki dəqiqə sonra Orxan Gülməmmədli hesabı 3:2 edib. Ancaq Əfqan Talıbovun komandasının bundan artığına gücü çatmayıb. Beləliklə, “Rulewave Baku” MFL-in qalibi adını qazanıb.

Bilənlər bilir, bilməyənlərin nəzərinə çatdıraq ki, “Rulewave Baku”nu futzal millimizin və “Araz”ın kapitanı Rizvan Fərzəliyev çalışdırır. Baş məşqçi kimi ilk addımlarını atan, elə ilk ilində çempionluq yaşayan Rizvan qələbə sevincini “Futbol-plyus”la bölüşdü.

- Əlbəttə, sözlə ifadə edə bilməyəcəyim qədər gözəl hisslər yaşayıram. Futzalçı kimi xeyli çempionluqlar yaşamışam, millidə də uğurlarım olub. Ancaq baş məşqçi kimi çempion olmaq fərqli hissdi. Oyunçu o həyəcanı yalnız matç başa çatandan sonra hiss etməyə başlayır. Onda isə emosiyalar artıq soyumağa başlayır. Çünki futbolçu oyuna aludə olur, diqqətini meydanda başverənlərə kökləyir, topdan başqa heç nə görmür. Baş məşqçi isə komandasının düzgün oynayıb-oynamadığını görür, ancaq meydana girə bilmir, seyrçi qalır. Yalnız əvəzetmələrlə müdaxilə etmək mümkün olur. Bir də oyun dayananda futbolçulara nəyisə başa sala bilirsən. Çünki oyun gedə-gedə tamaşaçıların səs-küyündən onlar səni eşitmir. Bəziləri eşidir, dərhal reaksiya verir, bəziləri isə, ümumiyyətlə, qavramır. Amma yenə də qışqırırsan, atılıb-düşürsən (gülür). Qınamıram, həvəskardılar. Məşqçi olmaq çox çətin peşədi. Sevinirəm ki, uğurlu start götürdüm. Final matçına çox yaxşı başladıq. İlk dəqiqələrdən təşəbbüsə yiyələnib fasiləyə qədər 3 qol vurduq. Üstünlük tam tərəfimizdə idi. İkinci hissədə onlar əvvəlcə penaltidən qol vurdular. Buna qədər azı iki yüzfaizlik qol vəziyyətindən yararlana bilməmişdik. Onların 2-ci qolundan sonra gərginlik artdı. Açığı, 3:2-dən sonra ancaq nəticə barədə düşünməyə başladıq. Müdafiəni möhkəmləndirib əks-hücum taktikası seçdik. Bundan sonra rəqibin də, bizim də əlverişli imkanlarımız oldu. Ancaq oyunda başqa qol olmadı. Beləliklə, xeyli sayda komandanın qatıldığı uzun marafonu qalib bitirdik. 

- “Rulewave Baku” ilə mövsümün gedişində anlaşdın.

- Üçüncü turdan iş başındayam. Rəhbərlik dəvət etdi, görüşdük və razılaşdım. Komandanın qarşısına çempionluq hədəfi qoyulmuşdu. Şadam ki, hədəfə çatdıq.

- Heyət üzvləri arasında peşəkar səviyyədə futbol oynayanlar var?

- Peşəkar səviyyədə yox, amma çoxu vaxtilə futbol oynamış uşaqlardı. 16 nəfərlik heyətim var. Düzdü, finalda 8-nin xidmətindən yararlandım. Amma qalan uşaqlar da meydandakılara çox fəal şəkildə dəstək verdilər. Sanki meydanda 20 nəfərlə mübarizə aparırdıq. Yetirmələrimin bir çoxu birinci divizionda çıxış edib, hansısa səbəbdən karyeraları alınmayıb, davam edə bilməyiblər. “Rulewave Baku” əmlak məsələləri ilə məşğul olan şirkətdi, bu uşaqların bir neçəsi də orda işləyir.

- MFL-in səviyyəsi barədə nə deyə bilərsən? Niyə bəzi futzalçılar mini futbola qaçır?

- Düz deyirsiz, tanınmış futzalçılar, məşqçilər bura üz tuturlar. Elə “Rulewave Baku”da məndən əvvəl məşqçi “Ekol”lu Samir Həmzəyev olub. “Beerbaşa”nı millimizin qapıçısı Rövşən Hüseynli çalışdırır. Ona “Avanqard”la ölkə kubokunun finalçısı olan Fuad Rzayev kömək edirdi. Onu da deyim ki, bizimlə eyni gündə 3-cü yerin də sahibinin adına aydınlıq gəldi. Təsəlliverici görüşdə məhz “Beerbaşa” ilə “Kapital Bank” komandaları üz-üzə gəldi. Bank təmsilçisi qələbə qazandı. Açığı, mini futbolda səviyyə çox yaxşıdı. Maddiyyat da əlverişlidi. Əvvəla, mövsümün qalibi 10 min manat mükafat üçün oynayır. Bundan başqa, bəzi komandalar var ki, oyunçularına yaxşı mükafat verir.

- Konkret nə qədər? 

- Özümüzdən danışa bilərəm, bizdə qələbəyə görə ən az alana 100 manat verilir. 120, 150, 200 alan da olur. Sözsüz ki, çempionluğun mükafatı ayrı olacaq. Rəhbərliklə görüşümüz olmalıdı, bu məsələlərə orda aydınlıq gələcək.

- Həvəskarlar arasında komanda çalışdırmaq “Araz”dakı çıxışına təsir göstərmir?

- Xeyr, problem olmur. “Rulewave Baku”nun həftədə 3 məşqi, 1 oyunu olur. “Araz”la məşqlər üst-üstə düşmür. Mövsümün gedişində yalnız bir dəfə problem oldu. Millinin toplanışında olanda işlərimi Müşfiq Qəmbərova tapşırdım. O yanımdadı, mənə kömək edir. Bir sözlə, “Rulewave Baku” etibarlı əllərdədi. 

- Yaxın gələcək və növbəti mövsüm üçün planlar necə olacaq?

- “Alfa Liqa”dan fərqli MFL-in qalibi hansısa beynəlxalq turnirə göndərilmir. Onlarda pul mükafatı olmur, turnir təşkil edirlər, bizdə isə əksinə. İstəsək, özümüz hansısa beynəlxalq yarışa qatıla və ya toplanışa gedə bilərik. Ancaq hələ mövsüm yekunlaşmayıb. Hazırda MFL-də bölgə kuboku gedir. Gəncədə keçirilən yarışın qalibi sonda bizimlə Superkubok matçında qarşılaşacaq. İnşallah, yəqin növbəti mövsümdə də iddialı olarıq. Rəhbərliyin komandanın hədəflərini kiçiltməsi üçün əsas yoxdu.

1news.az

Paylaş:
1018

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər