1news.az

Teymur Rəcəbovun zirvəyə aparan yolu

9 Oktyabr saat 15:25 ~ 3 dəqiqəlik oxu 169
Teymur Rəcəbovun zirvəyə aparan yolu

Son günlər Azərbaycan idmanının ən mühüm hadisəsi, şuphəsiz ki, şahmatçımız Teymur Rəcəbovun Dünya Kubokunu qazanması oldu.

Ötən həftənin sonunda Rusiyanın Xanti-Mansiysk şəhərindən xoş xəbər gəldi. Bir vaxtlar “qızıl oğlan” saydığımız Teymur Rəcəbov Azərbaycan şahmatının ən vacib qələbələrindən birini əldə edib.

Əslində, bəlkə də bu turnirdə digər şahmatçımız Şəhriyar Məmmədyarov qalib qəlsəydi, biz bu qədər təəccüblə qarşılamazdıq. Turnir sonrası açıqlamalardan göründü ki, bu qələbə hətta Teymurun özünü də təəcübləndirdi.    

“Turnir ərzində bir parlaq qələbə qazanıb, qapını bərk çırpmaq istəyirdim, amma elə alındi ki, turnirin qapısını çırpdım”, - Rəcəbov söylədi.

Xeyr, Teymur heç də Şəhriyardan zəif şahmatçı deyil. Sadəcə, son illər şahmat Teymur üçün sanki arxa plana keçib. Rəcəbov il ərzində minimum sayda turnirlərə qatılır, orda da parlaq nəticələr göstərmir. Son iki ildə Rəcəbovun keçirdiyi partiyaların 80%-i heç-heçə ilə bitib.  

Şəhriyar isə əksinə, bu ili nəzərə almasaq, zirvəyə inamla irəliləyirdi. 2018-ci ildə İddiaçıların Turnirində son anda birinci yeri əldən verdi və Dünya Şahmat Tacı uğrunda görüşdə norveçli fenomen Magnus Karlsena rəqib ola bilmədi.

2020-ci ildə Yekaterinburq şəhərində növbəti İddiaçıların Turniri keçiriləcək. Və Dünya Kubokunun finalına çıxmaqla, Teymur orada iştirakını təmin etdi. Özü də necə? Yeddi rəqibini ard-arda zərərsizləşdirməklə.

“Turnir çox uzun çəkdi. Bəlkə son on ildə mən belə turnurlərdə iştirak etməmişəm. Bütün dostlarım Dünya Kubokunu tərk etdi. Belə vəziyyətdə ya udmalıydım, ya da çox məyus olacaqdım”, - deyə Teymur bildirdi.  

10 il əvvəl Teymur Rəcəbov Azərbaycan şahmatının ən parlaq siması sayılırdi. Hələ 16 yaşı olarkən o adında söz etdirirdi. “Linares”  superturnirində o məşhur Qarri Kasparovu məğlub edə bilmişdi. Hər şey yüksəlişə doğru gedirdi. Amma 2011-ci və 2013-cü illərdə İddiaçıların Turnirlərində yaşanan uğursuzluqlardan sonra onun karyerasında eniş dövrü başladı. Yuxarıda qeyd etdiyimiz kimi, Teymur artiq aktiv şahmatdan uzaqlaşdı.

Dünya Kubokunda qələbə məhz aktiv şahmata qayıdışının əlaməti ola bilər. Xanti-Mansiysk turnirində biz az aqressiv, ehtiyatlı oyun stilindən uzaqlaşan Teymur Rəcəbovu gördük. Böyük qələbələr məhz belə qazanılır.      

Əslində bunun da bir səbəbi var və Rəcəbov tam izahlı şəkildə bunu başa saldı. “Mən elə fikirləşirdim ki, görüşün taleyini ilk iki qarşılaşmada həll etməliyəm və tay-breyka qalmaq heç də arzuolunan deyil. Amma indi başa düşürəm ki, bu, belə deyildi”.

Uzun turnirlərdə çoxdan iştirak etməyən Teymur fikirləşirdi ki, uzanan partiyalar hədsiz yorğunçuluğa gətirib çıxardacaq. Bu da öz növbəsində məğlubiyyətə səbəb ola bilər. Amma Cefri Şonq, Maksim Vaşye-Laqrav və Dinq Liren üzərində qələbələr fantastik alındı.

Gələn il Teymur karyerasında üçünçü dəfə İddiaçıların Turnirlərində yarışacaq. Kim bilir, bəlkə bu dəfə şans onun üzünə güləcək. Deyirlər, atalar üçdən deyib!

Teymur Maksutov

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Şahmat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net