AZƏRTAC-ın kollektivi şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsini ehtiramla anıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZƏRTAC-ın kollektivi şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsini ehtiramla anıb – FOTO

S.Xankişiyeva16:18 - 04 / 06 / 2022
AZƏRTAC-ın kollektivi şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsini ehtiramla anıb – FOTO

Kəlbəcərin Susuzluq kəndində peşə fəaliyyətini yerinə yetirərkən həlak olan həmkarımızın əbədiyyətə qovuşmasından bir il ötür.

Mətbuat tariximizə əlamətdar günlərlə yanaşı, acı günlər də yazılıb. Bir il əvvəl 2021-ci il iyunun 4-ü belə günlərdən biridir.

Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində həmin gün minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular.

Bu faciəli hadisənin birinci ildönümü ilə əlaqədar AZƏRTAC-da anım mərasimi keçirilib. Mərasimdə şəhid jurnalist Məhərrəm İbrahimovun ailə üzvləri - həyat yoldaşı Bahar xanım, övladları Uğur və Toğrul da iştirak edirdi.

Əvvəlcə Məhərrəmin AZƏRTAC-dakı xatirə guşəsinin önünə gül dəstələri düzülüb, bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə qeyd edilib ki, 44 günlük Vətən müharibəsi dövründə AZƏRTAC-ın kollektivi xüsusilə gücləndirilmiş iş rejimində çalışıb. Agentliyin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları düşmən atəşi altında gecə-gündüz çəkilişlər aparıblar. Müharibə başa çatdıqdan sonra azad edilmiş torpaqlarda aylarla çalışan çəkiliş qrupunun üzvləri erməni vandalizminin, viran edilmiş yurd yerlərinin görüntülərini lentə alaraq arxivləşdiriblər. Onlardan biri də xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək şəhid olmuş Məhərrəm İbrahimovdur.

Uzun illər agentlikdə Məhərrəm İbrahimovla birlikdə çalışmış əməkdaşlar çıxış edərək mərhum jurnalistlə bağlı xatirələrini bölüşüb, onun vətənpərvərliyindən və peşəsinə sonsuz bağlılığından söhbət açıblar.

Vətən müharibəsinin ilk günündən cəbhəyanı bölgələrə ezam olunmuş Məhərrəm düşmən atəşi nəticəsində dağılmış evlərə, obyektlərə gedir, hadisə yerindən xəbərlər, reportajlar hazırlayıb göndərirdi. Müharibədən sonra isə onun sorağı Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və digər azad edilmiş ərazilərdən gəlirdi. O, çəkiliş qrupunun tərkibində kəndbəkənd, ev-ev gəzərək Ermənistan silahlı dəstələrinin işğal altındakı ərazilərdə törətdikləri vəhşilikləri qeydə alırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid jurnalist Məhərrəm İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə Binəqədi rayonunun Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adı verilib. AZƏRTAC-ın binasında Məhərrəmin xatirə guşəsi yaradılıb, eyni zamanda, Qarabağda uzun müddət fəaliyyət göstərən həmkarlarımızdan bəhs edən fotostend quraşdırılıb.

AZƏRTAC-ın rəhbərliyi və kollektivi şəhid jurnalistin xatirəsini əziz tutur, ailə üzvlərinə daim diqqət və qayğı göstərir.

Anım mərasimində Məhərrəmin həyat yolunun və müxbirlik fəaliyyətinin bəzi məqamlarından bəhs edən videoçarx nümayiş olunub.

Kollektivin üzvlərindən bir qrupu şəhid jurnalist Məhərrəm İbrahimovun Müşfiqabad qəsəbə qəbiristanlığındakı məzarını ziyarət edib. İş yoldaşlarının, doğmalarının, dostlarının iştirak etdiyi anım mərasimində Məhərrəmin məzarı önünə AZƏRTAC-ın kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.

Şəhidin qardaşı Əsgər İbrahimov, bacısı Sevda İbrahimova Məhərrəmin ömür yolundan danışıb, xatirəsinin daim əziz tutduqlarına, ailəsinə göstərilən diqqət və qayğıya görə AZƏRTAC-ın kollektivinə minnətdarlıqlarını bildiriblər.

İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov çıxış edərək deyib ki, Məhərrəm İbrahimov peşəkar jurnalist kimi AZƏRTAC-da formalaşıb, ordu həyatının işıqlandırılmasında yaxından iştirak edib, onun qaynar nöqtələrdən, hadisə yerindən hazırladığı reportajlar oxucular tərəfindən maraqla qarşılanıb.

Məhərrəmin verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməsindən, həmçinin insani keyfiyyətlərindən danışan D.İsmayılov deyib: “O, 39 yaşında şəhidlik zirvəsinı ucaldı. Hamımız bu dünyadan köçəcəyik, bəlkə də çoxlarımızı xatırlamayacaqlar, ancaq Məhərrəm daim xatırlanacaq. Çünki şəhidlər ölmürlər, onlar qəlblərdə daim yaşayırlar”.

Şəhid jurnalistin məzarı önündə çıxış edən digər həmkarları da onunla bağlı xatirələrini dilə gətirib, doğmalarına səbir diləyiblər.

Bütün şəhidlərimiz kimi Məhərrəm İbrahimov da yaddaşlarda əbədi yaşayacaq, onun peşəkar müxbir kimi gördüyü işlər heç vaxt unudulmayacaq.

Paylaş:
631

Son xəbərlər

Sabah bəzi yerlərdə su kəsiləcək13 / 05 / 2024, 17:59Yunanıstanın Baş naziri Ərdoğanla görüşüb - YENİLƏNİB13 / 05 / 2024, 17:44MAXE olmaq istəyəyin NƏZƏRİNƏ13 / 05 / 2024, 17:26Dövlət mülkiyyətində olan mənzilləri qanunsuz istifadəyə verən vəzifəli şəxslərlə bağlı istintaq yekunlaşıb13 / 05 / 2024, 17:03Coratda 10 aylıq körpə ölüb13 / 05 / 2024, 16:54Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB13 / 05 / 2024, 16:45İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər həbs olunub13 / 05 / 2024, 16:35Hərbi xidmətə çağırışla bağlı pozuntulara yol verən şəxslərin cinayət işləri məhkəməyə göndərilib13 / 05 / 2024, 16:33Paytaxtdakı “Keşlə” bazarında nöqsanlar aşkarlanıb - FOTO13 / 05 / 2024, 16:20MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib13 / 05 / 2024, 16:00Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub13 / 05 / 2024, 15:40Ağdamda Birinci Qarabağ müharibəsinin iki şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 15:39Milli Məclis sədri Asiya Qadınlar Forumunda Böyük Qayıdış və COP29 barədə məlumat verib13 / 05 / 2024, 15:27İmişlidə yanğın olub - VİDEO13 / 05 / 2024, 15:15Prezident: Azərbaycan COP29 sədrliyi çərçivəsində kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcək13 / 05 / 2024, 14:54Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub13 / 05 / 2024, 14:47Qeyri-yaşayış obyektinin qarşısında ağaclar kəsilib13 / 05 / 2024, 14:32İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib – YENİLƏNİB 113 / 05 / 2024, 14:17İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB13 / 05 / 2024, 14:16Bərdədə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİB13 / 05 / 2024, 13:56
Bütün xəbərlər