Azərbaycan diasporunun fəaliyyət dairəsi genişlənəcək - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Azərbaycan diasporunun fəaliyyət dairəsi genişlənəcək - MÜSAHİBƏ

11:13 - 02 / 11 / 2023
Azərbaycan diasporunun fəaliyyət dairəsi genişlənəcək - MÜSAHİBƏ

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev 1news.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Hörmətli Elşad müəllim, hazırda azərbaycanlılar dünyanın neçə ölkəsində yaşayır? Dövlət Komitəsinin məlumatına görə, onlar daha çox hansı ölkələrdə və ya regionlarda yaşayırlar? Eyni zamanda hansı ölkələrdə soydaşlarımız daha az saydadır?

- Qloballaşan dünyada miqrasiya qarşısıalınmaz bir prosesə çevrilib və insanlar, o cümlədən də azərbaycanlılar harada doğulmalarından asılı olmayaraq, sərbəst şəkildə başqa ölkədə, hətta başqa qitədə yaşamağı seçə bilirlər. Buna bir neçə amil təsir edir - iş və təhsil ilə bağlı yerdəyişmə, eləcə də sosial amil, siyasi amil. Sevindirici haldır ki, dünyanın 5 qitəsində yaşayan soydaşlarımız məskunlaşdıqları ölkələrin siyasi, iqtisadi və sosial həyatında yaxından iştirak edir, ölkəmizin adını daim uca tutur və azərbaycanlı olmaqları ilə qürur duyurlar. Konkret rəqəmlərə istinad etmək lazımdırsa, deyə bilərik ki, hazırda azərbaycanlılar dünyanın 100-dən çox ölkəsində yaşayır. 70-dən çox ölkədə yaşayan soydaşlarımızla intensiv əlaqələrimiz mövcuddur. Avropa ölkələrində, ABŞ-də, qonşu Rusiya Federasiyasında, Türkiyə Cümhuriyyətində yaşayan həmvətənlərimizin sayı daha çoxdur. Hətta uzaq Avstraliya İttifaqında minlərlə həmvətənimiz yaşayır. Belə ki, hazırda Avstraliyada 5 Azərbaycan diaspor təşkilatı aktiv işləyir və bu təşkilatlar minlərlə soydaşımızı öz ətrafında sıx birləşdirə bilib. Avropa qitəsində isə soydaşlarımız daha çox Almaniyada kompakt yaşayırlar.

Foto: Elşad Əliyev

- Hansı ölkələrdə diasporumuz daha yaxşı təşkilatlanmış formada fəaliyyət göstərir və Dövlət Komitəsi hansı ölkələrdə diasporumuzun daha yaxşı formalaşması üzrə işlər aparır?

- Diasporumuzun təşkilatlanmasının, siyasi-ideoloji birliyinin yaranmasının hərəkətverici qüvvəsi Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olub. Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində belə bir dövlət qurumunun yaradılması diasporun tarixində yeni mərhələnin əsasını qoyub, xaricdə yaşayan soydaşlarımızın potensialının ölkəmizin ümumi maraqlarının müdafiəsi naminə birləşdirilməsində əvəzsiz rol oynayıb. O vaxtdan bu günə qədər diasporumuz milli ideologiyamız olan azərbaycançılıq ideologiyası ətrafında sıx birləşib, milli məsələlərdə həmrəylik nümayiş etdirmək üçün müəyyən yol keçib, fəaliyyət istiqamətlərini, prioritetlərini və hədəflərini dəqiqləşdirib.

Qeyd etməliyəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış 2018-2023-cü illər üçün Strateji Yol Xəritəsində başlıca məqsəd Azərbaycan diasporunun birliyinə nail olunması, ümumi maraqların üstün tutulması və sistemli işin təşkil edilməsidir. Həmin təməl prinsiplərə söykənərək vahid ideya və maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən böhranlı vəziyyətlərdə düşünülmüş çevik planın olması üçün çalışırıq. Bu iş istər pandemiya, istərsə də Vətən müharibəsi dönəmində sistemli şəkildə həyata keçirildi. Ümumiyyətlə, diasporun fəallaşması və təşkilatlanmasının pik nöqtəsi bizim Qarabağda qazandığımız böyük Zəfər zamanı müşahidə olundu.

Etiraf etməliyik ki, uzun illər Azərbaycan diasporunun birgə fəaliyyəti üçün göstərilən səylər nəticəsiz qalıb. Bunun səbəblərini də gizlətməyə ehtiyac yoxdur – diaspor fəaliyyətini monopoliyaya almaq cəhdləri, özündən razılıq, qruplaşmalarda iştirak, mənəm-mənəmlik iddiaları bu yolda ciddi maneəyə çevrilib. Lakin son illər həyata keçirilən məqsədyönlü fəaliyyətlər nəticəsində bu kimi problemlər artıq arxada qalıb. Bir neçə marginal qruplar və birlik istəməyənlər istisna olmaqla Azərbaycan diasporu Azərbaycan dövlətinin ətrafında çox sıx birləşib. Diaspor təşkilatlarının istəyi ilə komitə rəhbərliyi və əməkdaşları il ərzində bir neçə dəfə xarici ölkələrə səfər edib icma üzvləri ilə görüşürlər. Bu görüşlərdə Azərbaycan icmasının üzvləri ilə yanaşı, Güneydən olan soydaşlarımız və ölkəmizə dost xalqların icmalarının nümayəndələri də iştirak edirlər. Həmçinin əlamətdar günlər münasibətilə zoom-görüşlər keçirilir.

Bundan başqa, diaspor fəallarına və təşkilatlarına Komitəyə istər elektron ünsiyyət vasitələri ilə, istərsə də birbaşa müraciət imkanı yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsində qəbul günləri yoxdur. İstənilən diaspor nümayəndəsi istənilən vaxt komitəyə gələ və rəhbər şəxslərlə görüşə bilər. Pandemiya və Vətən müharibəsi dövründə Dövlət Komitəsinə, həmçinin xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının, Azərbaycanlıların Koordinasiya Şuralarının ünvanlarına ümumilikdə 5973 müraciət daxil olub. 51 ölkəni əhatə edən müraciətlərdən 2516-sı maddi yardımla bağlı olub və müvafiq araşdırmalardan sonra müraciət edənlərin 2433 nəfərinə müvafiq maddi dəstək göstərilib. 3416 nəfər təxliyə ilə bağlı, 10 nəfər isə digər mövzularda müraciət edib. Eyni zamanda bu müddət ərzində Diasporla İş üzrə Dövlət Komitəsinə 16 minə yaxın zəng daxil olub.

Xaricdə yaşayan soydaşlarımızın birləşməsi, təşkilatlanması, dövlətimizin maraqlarını qorumağa qadir böyük qüvvəyə çevrilməsi üçün ən effektiv işlərdən biri son illər yaradılan Koordinasiya Şuralarıdırsa, digəri xaricdə Azərbaycan evlərinin istifadəyə verilməsidir. Müxtəlif diaspor təşkilatlarının fəaliyyətini mərkəzləşdirən 15 Koordinasiya Şurası və 14 ölkədə fəaliyyət göstərən 20 Azərbaycan Evi xaricdə Azərbaycan həqiqətlərinin təbliğində, azərbaycanlıların milli kimliyinin qorunmasında əvəzsiz rola malikdir. Azərbaycan evləri və onların nəzdindəki həftəsonu məktəbləri milli dəyərlərimizi, tariximizi, dilimizi təbliğ edən, yerli sakinlər üçün də hər zaman qapıları açıq olan sosial-mədəni məkan rolunu oynayır. Azərbaycan evləri soydaşlarımızın təşkilatlanması üçün yaxşı fürsət yaradır və onların gələcəkdə beyin mərkəzlərinə çevrilməsindən ötrü bütün imkanlardan istifadə olunur, çevik mexanizmlər üzərində işlənilir.

Müasir Azərbaycan diasporunun formalaşması və çevikliyində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti və dəstəyi xüsusi qeyd edilməlidir. Məhz Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan məktəbləri, Xocalı soyqırımının tanıdılması istiqamətində həyata keçirilən layihə və tədbirlər soydaşlarımızın təşkilatlanması, ümummilli məsələlərdə birliyinin təmin olunması baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Xaricdə yaşayan soydaşlarımız üçün xüsusi dərslik hazırlanıb. Artıq xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün hazırlanmış “Azərbaycan dili” dərsliyinə Təhsil Nazirliyi tərəfindən nəşr hüququ verilib. Kitab çap edilib və xaricdəki soydaşlarımıza göndərilib. Eyni zamanda Komitənin rəsmi internet saytından kitabı PDF formatda əldə etmək imkanı da yaradılıb.

- Elə bir ölkə varmı ki, orada soydaşlarımızla əlaqə qurmaq, onları vahid təşkilatda birləşdirmək hələ də mümkün olmayıb?

- Bəzi obyektiv səbəblərdən, o cümlədən saylarının az olmasından və ya əlaqələrin yeni qurulmasından asılı olaraq, Azərbaycan diasporunun fəaliyyəti dünyanın bütün ölkələrində özünü bərabər şəkildə göstərməyə bilər. Bəzi ölkələrdə həmvətənlərimiz daha fəaldır, bəzilərində isə diasporun təşkilatlanmasında müəyyən çətinliklər var. Bir faktı diqqətinizə çatdırmaq istərdim, Vətən müharibəsi dövründə dünyanın bütün ölkərində həmvətənlərimiz Azərbaycana dəstək aksiyası keçirir, irimiqyaslı yürüşlər, mitinqlər təşkil edirdilər. Yüzlərlə, minlərlə insan bu aksiyalara qoşulurdu. Həmin vaxt Qayanada yaşayan yeganə azərbaycanlı ailəsi ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinə dünyanın ikili münasibət göstərməsinə etiraz etmişdi. Və yaxud da Myanmar Respublikasının paytaxtı Naypyitoda (Naypyitaw) 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə həmvətənlərimiz saylarının az olmasına baxmayaraq, Azərbaycan bayrağının qaldırılma mərasimi keçirmişdi. Trinidad və Tobaqo Respublikasında yaşayan yeganə azərbaycanlı diaspor fəaliyyəti ilə məşğul olur və Komitə ilə sıx əlaqədədir. Kosta Rikada yaşayan yeganə həmvətənimiz Azərbaycanın tanıdılması üçün yerli mediaya çıxır. Hətta o, Dünya Azərbaycanlılarının V Qurultayına dəvət edilmiş və Diaspor Gənclərinin IV Yay Düşərgəsinin də iştirakçısı olmuşdu.

Qeyd etdiyim misallardan aydın görünür ki, biz təkcə həmvətənlərimizin sıx məskunlaşdıqları ölkələrdə yaşayan azərbaycanlılarla deyil, dünyanın harasında yaşamasından, saylarının neçə olmasından asılı olmayaraq, bütün soydaşlarımızla sıx əlaqə saxlayır, əməkdaşlıq edir, ölkəmizin tanıdılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çalışırıq. Son illər Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi Diaspor Gənclərinin Yay düşərgələri, “Liderliyin İnkişafı”, “1+1”, “Beyin qazanma” proqramları, Azərbaycan Diaspor Qadınları Şəbəkəsi, “Müxtəlif olsaq da, birlikdə güclüyük”, “E-akademiya” və bir sıra digər layihələr də soydaşlarımızın təşkilatlanmasına birbaşa təsir edən layihələrdir. Əsasən gənclərə yönəlik bu proqramların məqsədi ondan ibarətdir ki, diaspor sıralarında gəncləşmə getsin, diaspor fəalları yaşlaşanda onların yerini artıq müəyyən təcrübəyə malik gənclər tutsunlar.

Qeyd etməliyəm ki, indiyədək Diaspor Gənclərinin 4 Yay Düşərgəsi baş tutub. Bu düşərgələrdə iştirak etmək üçün 2000-dən çox müraciət daxil olub. Seçimlərdən sonra 58 ölkədən 486 azərbaycanlı gəncin düşərgədə iştirakı təmin olunub.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilmişdi. Diaspor fəallarının təşəbbüsü ilə Komitə 2021-2023-cü illərdə diaspor nümayəndələrinin Şuşaya şəhərinə 11 səfərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.

- Azərbaycan diasporunun fəallığını və mövcud olduğu ölkələrin daxili siyasətlərinə təsirini necə qiymətləndirirsiniz?

- Diasporumuzun fəaliyyətinin siyasi çəkisi, eləcə də “yumşaq güc”ə çevrilmək bacarığı artmaq istiqamətində gedir. Azərbaycan diasporu bu istiqamətdə ciddi addımlar atır, yeni və intensiv şəbəkələrin yaradılması yönündə işləyir. Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, nəinki xaricdəki vətəndaşları ilə, eyni zamanda bu torpaqla tarixi, mənəvi bağı olan hər bir soydaşına, diasporuna hər zaman maddi və mənəvi yardım edir. Bu da diasporun güclənməsinə birbaşa təsir edən cəhətlərdən biridir. Ümumiyyətlə, bu gün dövlətlər xaricdə olan vətəndaşlarının inteqrasiyasına xüsusi diqqət edir və bunun üçün xüsusi strategiyalarlar hazırlayır, uzunmüddətli planlar qurur.

Diaspor Komitəsinin bu istiqamətdə sistemli və ardıcıl fəaliyyəti var. Məhz bunların nəticəsidir ki, Qarabağ müharibəsi zamanı diasporumuz beynəlxalq ictimaiyyətin, xarici ölkələrin siyasi dairələrinin məlumatlandırılmasında əvəzolunmaz rol oynadı, “yumşaq güc” olma yolunda irəlilədiyini sübut etdi. Məhz diasporumuzun fəaliyyəti nəticəsində son illər ABŞ-ın bir sıra ştatlarında “Azərbaycan günləri” (“Proclamation”) elan edilib. Bununla yanaşı, xaricdəki alimlərimiz, xüsusilə tanınmış ali məktəblərdə çalışan azərbaycanlılar müxtəlif elm ocaqlarında konfranslar təşkil etməklə Qarabağda baş verən hadisələrin əsl mahiyyətini dünyanın elmi ictimaiyyətinə müfəssəl şəkildə çatdıra bilirlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkil etdiyi “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda keçirilən, ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Fransa, İsrail, İtaliya, Türkiyə, Gürcüstan, Yunanıstan və bəzi başqa ölkələrin nümayəndələrinin iştirak etdiyi dəyirmi masa-dinləmələrdən sonra İsraildə TV-lərində bu mühüm tədbirdən danışılmış, Azərbaycanın hazırda mina sahələrinin sayına görə dünyada birinci yeri tutduğu çoxsaylı tamaşaçıların diqqətinə çatdırılmışdı.

- Diaspor təşkilatlarımızın dünyanın məşhur KİV-lərinə çıxışı üzrə hər hansısa iş aparılırmı?

- Siyasi müstəvidə Azərbaycan diasporunun əsas hədəfi xaricdə Azərbaycanın tanıdılması və Azərbaycanla bağlı həqiqətlərin tanıdılmasına nail olmaqdır. Xaricdəki Azərbaycan icmaları bunun mümkün olan bütün yollarını tətbiq edir, hər vəchlə çalışır ki, beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında iştirak etsin. Buna diasporumuzun potensialı da imkan verir. Komitənin diasporla apardığı işin mühüm tərkib hissələrindən biri də məhz bu istiqamətdir və müxtəlif platformalar üzərindən diasporun tam məlumatlandırılması işi həyata keçirilir. Dövlət Komitəsinin xüsusilə yeni nəsil diaspor üzvlərinə hesablanmış layihələri nəticəsində onlar beynəlxalq informasiya platformalarında xüsusi fəallıq göstərirlər.

Təbliğat fəaliyyəti sahəsində diaspor ilk növbədə özünün çap və elektron KİV-i, analitik jurnallar və digər nəşrlər vasitəsilə informasiya məkanında Azərbaycanın maraqlarının müdafiəsini təmin etməlidir. Bu, bir tərəfdən anti-Azərbaycan təbliğatına etiraz etmək, digər tərəfdən isə xaricdə informasiya məkanında Azərbaycanın maraqlarının təmin olunmasında müsbət irəliləyişə nail olmağı nəzərdə tutur. Bütövlükdə siyasi baxımdan Azərbaycan üçün, xüsusən də müasir beynəlxalq münasibətlərdə güc mərkəzləri və ya nüfuzlu aktorları olan ölkələrdə diasporun fəaliyyəti vacibdir. Son bir il ərzində Azərbaycan diasporunun nümayəndələri, Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri vasitəsilə 100-ə yaxın beynəlxalq KİV-də Azərbaycan həqiqətləri barədə geniş məqalələr dərc olunub. Bütün bunlarla yanaşı, Dövlət Komitəsinin əməkdaşlıq etdiyi jurnalist və ziyalılardan ibarət qrup üzvləri tərəfindən Fransa, İtaliya, İngiltərə, Belçika, Moldova, Rusiya, Ukrayna, Türkiyə, Misir, Qırğızıstan, İraq, Kipr və Kosovo kimi dünyanın sayılıb-seçilən 14 ölkəsinin müxtəlif KİV-lərində 38 məqalə dərc edilib. Azərbaycan həqiqətlərini əks etdirən 55-dən çox qısa video hazırlanaraq sosial şəbəkə üzərindən yayımlanıb. Həmvətənlərimiz Paris, Nant, Lion, Hannover, Tuluz, Montoban, Rotterdam, Utrext, Varşava, Haaqa, Cenevrə, Toronto, Monreal-Kvebek, Viktoriya, Sidney, Okland, Nyu-York, Boston, Vaşinqton, Dallas, Çikaqo, Ohayo, Hyuston, Mayami, Yuta, Velinqton, şəhərlərində küçələrdə, dayanacaqlarda və ümumilikdə insanların daha çox olduğu yerlərdə ingilis, fransız, türk, alman, latış, ivrit, rus və.s kimi dillərdə hazırlanmış, müxtəlif tərtibatlı 100 ədədə yaxın şüar ("Dağlıq Qarabağda erməni təcavüzünə son!", "Qarabağ Azərbaycandır!", "İşğal olunmuş əraziləri azad edin!", “Azərbaycan ədalət tələb edir!” və “Ermənistanın təcavüzünü dayandırın” və s. kimi yazılarla), afişa və posterlər nümayiş etdiriblər.

Erməni yalanlarının ifşa olunması, erməni təxribatlarının mahiyyətinin açılması məqsədilə diaspor nümayəndələri onlarla TV proqramlarında, debatlarda mütəmadi olaraq çıxış edir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Bununla bağlı çoxlu misallar çəkə bilərəm. Məsələn, Qafqaz məsələləri üzrə ekspert, Stokholmda yayılan “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbilinin BBC-nin fars xidmətinə Azərbaycan-Ermənistan münasibətləri barədə verdiyi müsahibə böyük maraqla qarşılandı və həmin müsahibə həqiqətlərin yayılmasında ciddi rol oynadı. Ə.Ərdəbili ermənilərin indiki Ermənistanın ərazisində məskunlaşması, azərbaycanlılara qarşı aparılan mərhələli etnik təmizləmə tarixi, Zəngəzur dəhlizi, Qarabağdakı separatçı rejimin rəhbərlərinin taleyi, erməni əhalisinin Ermənistana köçməsi və digər məsələlərə münasibət bildirməklə bir çox tarixi və siyasi faktları dünyaca məşhur bir media orqanının milyonlarca tamaşaçısına çatdıra bildi.

Fransanın “Radio Courtoisie” radiostansiyasında bu ölkədə yaşayan azərbaycanlı hüquqşünas, politoloq, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Zaur Sadıqbəylinin erməni əsilli jurnalist Leo Nikolyanla debatı da diasporumuzun informasiya müharibəsində uğurla iştirakına ən yaxşı nümunələrdən sayıla bilər. Radionun “Azad mübahisələr” proqramında baş tutan debat zamanı Qarabağ münaqişəsinin tarixi, münaqişənin inkişafı, Fransanın bu məsələdə rolu kimi mövzular müzakirə edilib və suallar cavablandırılıb.

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova bu ölkədəki erməni diaspor təşkilatları koordinasiya şurasının rəhbəri Frank Papazyan ilə debatda proseslərə ermənisayağı yanaşaraq saxta tarixi faktlar səsləndirən, qondarma “erməni soyqırımı”ndan danışan F.Papazyanı tutarlı cavabları ilə susmağa məcbur etmiş, ermənilərin 1992-ci ildə törətdiyi Xocalı soyqırımı və Qarabağın gerçək tarixi haqqında ətraflı informasiya vermişdi.

“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqaçı-alim Seymur Nəsirov Misir Ərəb Respublikasında yaşasa da, bir çox ərəb ölkələrinin mətbuat orqanlarında Azərbaycan həqiqətlərini əks etdirən onlarla yazının dərc olunmasında xüsusi xidmətləri var.

Diasporumuzun Avropa, Amerika Birləşmiş Ştatları, ərəb ölkələri, türkdilli dövlətlərin mətbuat orqanlarında Azərbaycan həqiqətləri barədə çıxışlarından yüzlərlə belə misal gətirmək mümkündür. Bundan başqa, Azərbaycanın dostları olan xarici jurnalistlər, siyasətçilər və tarixçilərin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qarabağa səfərləri təşkil olunur və nəticədə xarici media orqanlarında yüzlərlə yazı işıq üzü görür.

Bundan başqa, İsraildə fəaliyyət göstərən İqtisadi Sülh Mərkəzinin prezidenti, İsrailin sabiq rabitə və kibertəhlükəsizlik naziri, politoloq Ayub Kara, Dona Gracia Diplomatiya Mərkəzinin baş direktoru, İqtisadi Sülh Mərkəzinin informasiya-xəbər saytının redaktoru Reyçel Avraham, “NEWSRAEL” xəbər saytının vitse-prezidenti, İsrailin Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Tel-Əviv Universitetinin mühazirəçisi Mordexay Kedar, Böyük Britaniyadan Neil Vatson, almaniyalı tarixçi Mixael Hess, Litvadan olan hərbi fotoqraf və jurnalist Riçardas Lapaitis, Niderlanddan Henri van Rens, isveçli fotojurnalist Mikael Silkeberg, Fransadan Gregory Herpe, Alain Roumestand, Renaud Gerard, Artur Herpe, Michel Odin, Michal Kupsa, Misirdən Ayman Amin, Ayman Habana, Əlcəzairdən Əbdulkadir əL-Xalil, Yaponiyadan Kazuyasu İşida, Malayziyadan Taqib Şaker və adını çəkmədiyim digər jurnalistlər ABŞ, İsrail və Avropa mediasında Azərbaycan həqiqətlərinin işıqlandırılmasında, ölkəmizə qarşı qarayaxma kampaniyalarının ifşasında öz fəallıqları ilə seçilirlər.

- Hazırda Qarabağ ətrafında cərəyan edən proseslərlə əlaqədar Azərbaycan böyük təzyiqlərlə üzləşir. Qərb ölkələrinin parlamentləri və KİV-lərində, demək olar ki, hər gün Azərbaycana qarşı tənqid, qərəzli ittihamlar və hədələr səsləndirilir. Siz diaspor təşkilatlarımızın bu kimi halların, anti-Azərbaycan kampaniyasının neytrallaşmasında fəaliyyətini məqbul hesab edirsinizmi?

- Azərbaycana qarşı qərəzli ittihamlar səsləndirilir və bu, həmişə olacaq, lakin diasporumuz ermənilərin haqsız, Azərbaycanın isə haqlı mövqeyini ortaya qoymaqdan çəkinmir. Biz bu fəaliyyətə 2018-ci ildən başlamışıq. Komitənin və diaspor təşkilatlarının koordinasiyalı fəaliyyəti nəticəsində Azərbaycan həqiqətlərinin və Xocalı soyqırımının təbliği məqsədilə dünyanın aparıcı ölkələrində Xocalı və Qarabağ mitinqlərinin keçirilməsi ənənə halını alıb. “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində 2019-cu ildə Brüsseldə Ümumavropa Qarabağ mitinqi, 2020-ci ildə Berlində Ümumavropa Qarabağ mitinqi, 2022-ci ildə Vaşinqtonda Kapitoli binasının yaxınlığında Ümumamerika Xocalı mitinqi, 2023-cü ildə Vyanada Ümumavropa Qarabağ mitinqi keçirilib. Bu aksiyalarda minlərlə soydaşımız, eləcə də dost xalqların - Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər xalqların nümayəndələri iştirak edib.

Diaspor fəalları beynəlxalq qurumlara, təşkilatlara, yaşadıqları ölkələrin rəsmi şəxslərinə bəyanatlar, məktublar ünvanlayır, dinc aksiyalar keçirir. Azərbaycanın regionda davamlı sülhə və sabitliyə nail olması istiqamətində atılan bütün addımları diasporumuz da dəstəkləyir, dünya ictimaiyyətinin diqqətini Azərbaycana qarşı törədilən cinayətlərə yönəltməyə çalışır. 19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli anterror əməliyyatlarından sonra erməni lobbisinin təşviqi ilə beynəlxalq aləmdə Azərbaycana qarşı başladılan kampaniyaya etiraz əlaməti olaraq Berlində və Varşavada, eləcə də Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin önündə diaspor fəallarımızın və Azərbaycana dost icmaların iştirakı ilə aksiyalar, yürüşlər keçirildi.

Təkcə Vətən müharibəsi dövründə Komitənin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 2000-dək bəyanat göndərib. Həmin dövrdə dünyanın 60 ölkəsindən minlərlə soydaşımızın qatıldığı 300-dən çox videokonfrans təşkil edilib, diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc edilib.

Son illər kifayət qədər fəallaşan və koordinasiyalı fəaliyyət göstərən diasporumuzun keçirdiyi aksiyalar anti-Azərbaycan kampaniyasının neytrallaşdırılmasında ciddi təsirə malik olub. Sadaladığım bütün irimiqyaslı tədbirlər Azərbaycana qarşı informasiya savaşına ən böyük təpki sayıla bilər və biz bunun nəticələrini aydın sezirik. Təbii ki, qeyd etdiklərim görülən işlərin az bir qismidir.

- Dövlət Komitəsinin və diasporamızın digər ölkələrin diaspor təşkilatları ilə (məsələn, türk, yəhudi və s.) əməkdaşlığı barədə nə deyə bilərsiniz? Diasporumızın daxilində digər millətlərin nümayəndələri varmı? Bildiyimizə görə, diasporumuzun sıralarında İran azərbaycanlıları da yer alır. Onların fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikasından olan soydaşlarımız dünya ölkələrində SSRİ-nin dağılmasından sonra məskunlaşmağa başladı. O vaxta qədər isə Azərbaycan diasporunu əsasən Cümhuriyyət qurucularının varisləri və İrandan mühacirət etmiş azərbaycanlılar təmsil edirdilər. Bu baxımdan Güneydən olan soydaşlarımızı da Azərbaycan diaspor hərəkatının nüvəsi hesab etmək olar. Ulu öndər Heydər Əliyevin xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşlərində güneyli soydaşlarımız da iştirak edirdilər. İndi də onlar istər komitə əməkdaşlarının Azərbaycan icmasının üzvləri ilə görüşlərinə, istərsə də icmaların müxtəlif əlamətdar günlərlə bağlı keçirdiyi tədbirlərə dəvət olunurlar. Başqa cür ola da bilməz, çünki bizim qan qardaşlarımızdır.

Şuşa Bəyannaməsi Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətində mühüm istiqamət oldu. Prezident İlham Əliyevin "bir millətin iki diasporu ola bilməz” kəlamını bütün Türk Dövlətləri Təşkilatına üzv ölkələrə aid etmək olar. Bu ifadə türk dövlətləri diasporlarının fəaliyyətində “yol xəritəsi” hesab oluna bilər. Belə ki, TDT üzvü olan dövlətlərin maraqlarına zidd olan məsələlərə qarşı diasporların birgə mübarizə aparması, Azərbaycana, türk dünyasına, eləcə də türkofobiya və islamafobiyaya qarşı birgə fəaliyyət göstərilməsi olduqca önəmli hadisədir. Ötən ilin 20-21 dekabr tarixlərində TDT-nin Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu keçirilib. Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə baş tutub. Bakı ilə yanaşı, Şuşada təşkil olunan tədbirdə 2023-cü il üçün diaspor üzrə birgə fəaliyyət planının və fəaliyyət strategiyasının müzakirəsi aparılıb. Cari ilin 26-27 sentyabr tarixlərində keçirilmiş “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu” isə diaspor hərəkətinin aparıcı qüvvəsi olan gənclərin fəaliyyətinin birləşdirilməsi baxımından önəmli hadisə hesab etmək olar.

Bundan başqa, digər ölkələrin diasporları ilə, xüsusilə Azərbaycana dost münasibəti bəsləyən diasporlarla əlaqələr qurmaq və onların təcrübələrini öyrənmək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi yəhudi diasporu ilə sıx əlaqələr qurub, xüsusilə də ABŞ-dakı yəhudi diasporunun təcrübəsindən faydalanır.

- Yaxın zamanlarda diasporla bağlı hər hansı tədbir gözlənilirmi?

- Son illər diaspor fəaliyyəti ilə bağlı hazırlanan Yol Xəritəsi daim yenilənir və dövrün tələbinə uyğun planlanmalar aparılır. Diaspor təşkilatları az qala hər ayın hər günü müxtəlif xarakterli tədbirlər həyata keçirir. Xaricdəki Koordinasiya şuralarının, Azərbaycan evlərinin tədbirlər planı olduqca zəngindir. Qarabağın işqaldan azad olunması fonunda erməni diasporunun bütün gücü ilə dünyaya yalanlar yayması, beynəlxalq informasiya platformalarında daha da fəallaşması diasporumuzun fəaliyyətinin buna adekvat olmasını şərtləndirir. Biz diasporun fəaliyyətinin əhatə dairəsini daha da genişləndirmək, ən vacib mövzuları prioritetə çevirmək, inteqrasiya və fəallığın artırılması, həm maliyyə, həm də fəaliyyət baxımından müstəqil olması istiqamətində tədbirlər planlaşdırır, lobbiçilik sahəsində ciddi addımlar atmağı, diasporumuzun daha sıx biləşməsi üçün eyni istiqamətdə fəaliyyət göstərən diaspor üzvlərinin daha sıx əməkdaşlığını hədəfləyirik.

Nümunə üçün deyə bilərəm ki, yaxın zamanlarda Almaniyanın paytaxtı Berlində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumunun keçirilməsi planlaşdırılır. Forum “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşdiriləcək. Xatırladım ki, Almaniyada Azərbaycanlı Həkimlərin I Forumu 2022-ci ilin mart ayında Köln şəhərində keçirilib. Həmin tədbirdə Almaniyanın 34 şəhərində fəaliyyət göstərən 200-dən çox elm xadimi və həkim iştirak edib. Eyni zamanda 9 dekabr 2022-ci ildə Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Alimlərin Forumuna hazırlıq görüşü (Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü) keçirilib. 14 ölkədən (Türkiyə, ABŞ, Fransa, Kanada, Almaniya, Avstriya, Qazaxıstan, Qırğızıstan, Rusiya, Gürcüstan, Cənubi Koreya, Estoniya, İsveç, Misir) 20 alimin iştirak etdiyi tədbirə dörd ölkədən (Çin, Yaponiya, Oman və Səudiyyə Ərəbistanı) azərbaycanlı elm adamı onlayn formatda qoşulub.

Bu ilin birinci yarısında “Heydər Əliyev İli”çərçivəsində diaspor təşkilatları tərəfindən Azərbaycanda və müxtəlif ölkələrdə 100-dən artıq tədbir keçirilib. Bu tədbirlər ilin sonunadək davam edəcək.

50 ildən sonra Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində Azərbaycan diasporunu təmsil edən dörd tanınmış alim və mütəxəssislər də iştirak edib.

10, 12 və 14 oktyabr tarixlərində tanınmış ABŞ musiqiçişi Stanislav Yudeniçin bədii rəhbəri olduğu “Dünya Konsertləri Turnesi” beynəlxalq layihəsi çərçivəsində Bakı şəhərində dünya şöhrətli bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş silsilə konsertlər keçirilib. Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının mədəniyyət məsələləri üzrə direktoru, “Florida Keys” layihəsinin rəhbəri Pərvin Muradovun təşəbbüsü ilə bu layihə ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təqdim edilib. Layihənin Bakıda gerçəkləşdirilməsinin dəstəkçilərindən biri də Diasporla İş üzrə Dövlət Komitəsi olub.

Azərbaycan diasporunun tanınmış nümayəndələri - Amerika Azərbaycan Cəmiyyətinin (ASA) prezidenti Tomris Azəri, Azərbaycanın Dostları Təşkilatının prezidenti, Anqolada yaşayan iş xanımı Billurə Bayramova-Bernard, “Belarus Azərbaycan İcmaları Konqresi”nin rəhbəri, sambo və cüdo uzrə 7 dəfə dünya, 8 dəfə Avropa cempionu, Belarusun əməkdar idman ustası Natiq Bağırov bu günlərdə Bakıda keçirilən TEDx tədbirində çıxış ediblər.

Oktyabrın 23-də Bakıda dünya şöhrətli azərbaycanlı riyaziyyatçı alim, Humboldt mükafatı alan ilk azərbaycanlı Məsud Əfəndiyevin 70 illik yubileyi qeyd olunjub.

Cari il ərzində Bakıda amerikalı kamança və muğam ifaçısı Cefri Verbokun konsertini, Dünya Qızılbaşlarının Bakı Görüşünü təşkil etməyi planlaşdırırıq.

Noyabr ayında Maqdeburqda Azərbaycan Evinin və idman zalının açılışı olacaq, Berlində “Azərxalça” ilə birlikdə Qarabağ xalçalarının sərgisi nümayiş etdiriləcək, Bişkekdə isə Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin diaspor qurumları rəhbərlərinin görüşü keçiriləcək.

2023-cü il hələ başa çatmayıb, ilin əvvəlindən bu günədək 41 ölkədən olan diaspor təşkilatlarının 470 layihəsi komitə tərəfindən dəstəklənib.

- Müsahibəyə və suallarımıza ətraflı cavab verdiyinizə görə təşəkkür edirəm.

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda hazırlanıb.


Müəllif: Yalçın Əliyev

Paylaş:
2039

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıb02 / 05 / 2024, 15:08Bazar günü 12 min şagird imtahan verəcək02 / 05 / 2024, 14:59
Bütün xəbərlər