Bu gün unudulmaz bəstəkar Asəf Zeynallının anadan olmasından 115 il ötür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün unudulmaz bəstəkar Asəf Zeynallının anadan olmasından 115 il ötür

16:40 - 05 / 04 / 2024
Bu gün unudulmaz bəstəkar Asəf Zeynallının anadan olmasından 115 il ötür

Onun musiqisinə heç kəs biganə qala bilmir.

Çünki bu musiqi xalq musiqisi qədər qəlbə yaxındır. Təkcə “Ölkəm” romansı Asəf Zeynallının insanlar tərəfindən sevilməsi və daim xatırlanması üçün kifayət edir. Cəmi 23 il ömür sürməsinə baxmayaraq, o, Azərbaycan musiqi xəzinəsinə dəyərli incilər bəxş edə bilib.

1news.az xəbər verir ki, bu gün görkəmli bəstəkar, novator romans ustası, pedaqoq Asəf Zeynallının anadan olmasından 115 il ötür.

Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə kasıb bağban ailəsində dünyaya göz açıb. Ailədə üçüncü övlad və sonbeşik olan Asəf atasını hələ bir yaşı olanda itirir. Ailənin bütün ağırlığı ananın üzərinə düşür. O, işdən yorğun qayıtsa da, uşaqlarını başına yığar və qarmon çalardı. Beləliklə, musiqi Asəfin həyatına və ürəyinə daxil olurdu.

Asəfin 7 yaşı olanda anası onu Dərbənd Realnı məktəbinə qoyur. O, burada uşaq xorunda oxumağa başlayır, klarnetdə ifa etməyi öyrənir. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində bu konsertlərə dəvət edilirdi.

Onun 11 yaşı olanda ailəsi Bakıya köçür. Əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənir, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alır. “Truba üçün pyes”ini 14 yaşında texnikumda özü ifa edir. O vaxtadək trubanı hərbi marş aləti hesab edənlər Asəfin “Rast” muğamı əsasında bəstələdiyi pyesdən vəcdə gəlirlər.

Asəf Zeynallı Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkardır. O, konservatoriyada oxuyarkən Üzeyir Hacıbəylinin məşğələlərini hər dəfə böyük səbirsizliklə gözləyirdi. A.Zeynallının yaradıcılığında dahi bəstəkarın böyük rolu olub. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrənən Asəf sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək xalq mahnılarını toplayır. Gənc bəstəkar konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradır. Onun məruzələri maraqla dinlənilir.

Asəf təhsil almaqla yanaşı, Türk İşçi Teatrında və konservatoriyanın nəzdindəki musiqi məktəbində də işləyib. Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi görkəmli bəstəkarlar onun şagirdləri olub.

A.Zeynallı Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə “İbtidai not savadı” dərsliyini tərtib edib. İlk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olub. Avropa musiqisinin nəzəri əsaslarını dərindən mənimsəyən bəstəkar onları xalq musiqisi ilə sintez edərək orijinal əsərlər yaradıb. Onun “Ölkəm”, “Sərhədçi”, “Sual”, “Çadra”, “Seyran” və digər romansları sənətsevərlərin rəğbətini qazanıb və bu gün də sevilir. “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub.

İstedadlı bəstəkar “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və digər xalq mahnıları üzərində işləyib, çoxlu sayda xalq mahnılarını nota salıb. Onun “Lay-lay”, “Günlər” pyesi, “Çahargah”, “Durna”, “Muğamsayağı” əsərləri kamera musiqisi üçün yeni üfüqlər açıb. Gənc bəstəkarın “Fraqmentlər” süitası Azərbaycan musiqisində ilk simfonik əsərdir. “Bakı” simfoniyasının ərsəyə gəlməsinə isə vaxtsız ölüm mane olub.

Xalq mahnılarını toplamaq üçün Qarabağ ekspedisiyasında iştirak edən Asəf Zeynallı Şuşada Xan Şuşinski ilə tanış olur, onun oxuduğu “Alma almaya bənzər” mahnısını çox bəyənir. Ekspedisiyadan qayıdarkən yolda yatalaq xəstəliyinə tutulur.

Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də vəfat edib. Hazırda Bakıda musiqi kolleci və paytaxt küçələrindən biri onun adını daşıyır.

Paylaş:
356

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutubBu gün, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıbBu gün, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilibBu gün, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edibBu gün, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildiBu gün, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildiBu gün, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEOBu gün, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilibBu gün, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİBBu gün, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidirBu gün, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıbBu gün, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİBBu gün, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEOBu gün, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlibBu gün, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilibBu gün, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilibBu gün, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilibBu gün, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki havaBu gün, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıbBu gün, 14:59
Bütün xəbərlər