1news.az

Azərbaycana etimadın davamı – Bakı yenidən NATO-Rusiya dialoquna ev sahibliyi edir

10 İyul saat 16:46 ~ 6 dəqiqəlik oxu 74
Azərbaycana etimadın davamı – Bakı yenidən NATO-Rusiya dialoquna ev sahibliyi edir

Bü gün dünyada özünəməxsus mövqeyi olan, müstəqil xarici siyasət aparan Azərbaycan həm də beynəlxalq dialoq məkanına çevrilməkdədir. Ölkəmiz yalnız beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmir, eyni zamanda böyük güclərin müzakirələr apardığı bir platforma rolunu oynayır.

Bakı növbəti dəfə daha bir əhəmiyyətli görüşə, NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün ev sahibi olaraq seçildi. Söhbət Rusiya Silahlı Qüvvələri (SQ) Baş Qərargahının rəisi Valeri Gerasimovla NATO-nun Avropada Birləşmiş Qoşunlarının baş komandanı Tod Uoltersin görüşündən gedir. Bu görüş barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, V.Gerasimovla T.Uolters arasında iyunun 3-də telefon danışığı olub. Böyük ehtimalla tərəflər həmin danışıq zamanı Bakıda görüşəcəkləri barədə razılığa gəliblər. Telefon söhbətində Avropadakı hərbi-siyasi vəziyyət, Rusiya-NATO münasibətlərinə dair fikir mübadiləsi aparılıb.

Əlbəttə ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəbləri var. Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır.  Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib.

Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır.

Azərbaycan nə NATO-nun, nə də  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Amma ABŞ, Avropa və  Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir

Azərbaycan  təkcə yerləşdiyi  regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Ölkəmiz həm də Şərqlə Qərb arasında körpü rolunu oynayır.

Yada salmaq lazımdır ki,  yüksək hərbi strukturlarının təmsilçilərinin paytaxtımızda görüşməsi ilk dəfə deyil. Belə ki, hələ 2017-ci ilin fevral ayında  Bakı ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında keçirilən görüşə ev sahibliyi etmişdi. Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi müzakirə olunaraq, müxtəlif spektrli məsələlər nəzərdən keçirilib.

Həmin ilin sentyabrında isə Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri arasında görüş olub.

Gerasimov bundan əvvəl də Azərbaycan paytaxtında NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə görüşüb. Amma o zaman bu vəzifəni general Körtis Skaparotti daşıyırdı. Uolterslə Gerasimovun ilk görüşü məhz Bakıda baş tutacaq.

Mövzunu 1news.az-a şərh edən millət vəkili Elman Nəsirov deyib ki, Azərbaycan paytaxtı növbəti dəfə NATO və Rusiyanın Ali hərbi rəhbərliyinin görüşünə ev sahibliyi edəcək. Onun sözlərinə görə, Rusiya-ABŞ münasibətləri, Rusiya-NATO münasibətləri bəlkə də soyuq müharibə dövründən sonra ən mürəkkəb münasibətlər kimi xarakterizə olunur.

Deputat hesab edir ki, NATO ilə Rusiya arasındakı ziddiyyətlərin müzakirəsi və çıxış yollarının tapılması, həmçinin bir sıra mürəkkəb problemlərin həlli yollarının tapılması baxımından bu görüşün çox böyük əhəmiyyəti var:

"Bizim üçün təbii ki, əhəmiyyətli olan məsələ yenə də Vyana, Stokholm, London, Paris deyil, məhz Azərbaycan paytaxtı Bakı üzərində dayanılmasıdır. Məhz Azərbaycan paytaxtında belə mühüm bir görüş keçiriləcək”.

Səbəblərə toxunan E.Nəsirov vurğulayıb ki, birincisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil xarici siyasət kursu həyata keçirir, müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayana bilir. Məhz dövlətimizin başçısının siyasəti yalnız və yalnız regionda, beynəlxalq aləmdə sülhə, əmin-amanlığa töhfə verilməsinə xidmət göstərir:

“Əgər Azərbaycan Rusiya ilə əməkdaşlığı, tərəfdaşlığı inkişaf etdirirsə, ABŞ-da çox gözəl bilirlər ki, bu, Vaşinqton əleyhinə deyil. Azərbaycan ABŞ-la münasibətləri inkişaf etdirirsə, Moskvada çox gözəl bilirlər ki, bu, Rusiya əleyhinə deyil.

Hesab edirəm ki, bu reallıqlar həmin görüşün Bakıda keçirilməsini şərtləndirən əsas səbəblərdən biridir. Eyni zamanda Azərbaycan dövləti nə NATO-nun üzvüdür, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Təbii ki, bu reallıq da Bakı şəhərinin seçilməsini şərtləndirən mühüm amillər sırasındadır. Həm NATO-nun, həm də Rusiyanın Ali hərbi rəhbərliyi çox gözəl dərk edir ki, Azərbaycan sabitlik, təhlükəsizlik adasıdır. Məhz sabitlik və təhlükəsizlik adasından dünya üçün sülh ismarıclarının göndərilməsi, bu gərginliklərdən çıxış yollarının tapılması özü münbit şərait deməkdir. Bu baxımdan Bakı şəhərinin seçilməsi təsadüf sayılmamalıdır. Bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biri kimi qəbul olunur. Belə gözəl, sakit bir şəhərdə vacib və mühüm bir görüşün keçirilməsi təbii ki, önəmli məsələdir. Hesab edirəm ki, bu da həmin görüşün keçirilməsi üçün mühüm amildir. Bütövlükdə isə bu hadisə artıq bir neçə dəfə baş verib. Bir neçə dəfə ABŞ-ın, Rusiyanın və NATO-nun Ali hərbi rəhbərliyi Bakıda şəhərində görüş keçirib. Yəni artıq bir ənənə formalaşıb”.

Politoloq Nəzakət Məmmədova isə 1news.az-a deyib ki, deyib ki, NATO ilə Rusiya arasında danışıqların aparılması üçün Bakının məkan kimi seçilməsi təbii ki, ilk növbədə Azərbaycan paytaxtının dünya miqyaslı strateji şəhər statusu qazanması ilə bağlıdır:

“Bundan əlavə, Azərbaycanın dünyada etibar qazanması nəticəsində ölkəmiz bir sıra qlobal əhəmiyyətli siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat-kommunikasiya, idman və mədəniyyət tədbirlərinin keçirildiyi məkana çevrilib. Azərbaycanın bir çox güc mərkəzləri ilə normal münasibət qurmağı bacarıb, uğurlu xarici siyasət kursu yeridən ölkə olması, NATO dövlətləri ilə tərəfdaşlıq münasibətlərini yüksək səviyyədə qoruyub saxlaması, həmçinin Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərində olması hər iki tərəfi görüşü burada keçirməyə sövq edir”.

Politoloq söyləyib ki, bir zamanlar MDB məkanında bu qəbildən olan görüşlərin keçirilməsi üçün Belarusun paytaxtı Minsk seçilirdisə, artıq uzun müddətdir ki, estafet Bakıya ötürülüb.

N.Məmmədova qeyd edib ki, ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq tədbirlərin yüksək təhlükəsizlik şəraitində baş tutması Azərbaycana olan inamı daha da artırır: “Artıq dünyada uzun müddətdən bəri şiddətlənən böyük güclər arasındakı gərginlik Orta Şərq, Latın Amerikası, Şərqi Avropadan bilavasitə bizim sərhədlərimizə - Cənubi Qafqaz regionuna keçib. Qonşu Ermənistan və Gürcüstanda vaxtaşırı alovlanan iğtişaşlar, hakimiyyət böhranları bunu deməyə əsas verir. Bu gərginliklərin getdikcə daha da artması labüddür. Üstəlik, cənub sərhədlərimizdə İranla ABŞ və onun Yaxın Şərqdəki müttəfiqləri arasındakı gərginlik fonunda ölkəmizin zərər görməməsi üçün bu proseslərdən müdrikcəsinə təcrid olunması, Prezident İlham Əliyevin sabitlik adası kimi səciyyələndirdiyi Azərbaycanda iki böyük dünya nəhənginin - NATO və Rusiya generallarının görüşməsi ölkəmizə olan hərtərəfli etimaddan xəbər verir”.

1news.az

 

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net