Deputat: Belarusla əməkdaşlığımız kooperasiya formasını alıb və bu, ən yüksək zirvədir | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Belarusla əməkdaşlığımız kooperasiya formasını alıb və bu, ən yüksək zirvədir

16:10 - 20 / 11 / 2018
Deputat: Belarusla əməkdaşlığımız kooperasiya formasını alıb və bu, ən yüksək zirvədir

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 19-da Belarusa etdiyi rəsmi səfər iki ölkənin dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da yüksəlməsində mühüm əhəmiyyətə malikdir.

Məlumat üçün bildirək ki,  Azərbaycanın dövlət başçısı Belarusa 5 dəfə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun isə Azərbaycana 4 dəfə rəsmi səfər edib. Yüksək səviyyəli qarşılıqlı səfərlər təbii ki, münasibətlərin ən müxtəlif sahələrdə inkişafına zəmin yaradır.

19 noyabr tarixində həyata keçirilən səfər çərçivəsində Prezident İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü protokola görə 45 dəqiqə nəzərdə tutulsa da, dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam edib. Bu, iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir.

İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçılarının səmimi dostluq, qarşılıqlı etimad və dialoqu mühüm rol oynayır.

Səfər öncəsi Azərbaycanın Belarusdakı səfirinin bu ölkənin Prezidenti tərəfindən qəbul edilməsi, Belarus səfirinin isə Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi diplomatik münasibətlərdə müstəsna bir hal kimi qiymətləndirilir.

Səfər çərçivəsində təkbətək görüşün ardınca dövlət başçılarının rəhbərliyi altında nümayəndə heyətlərinin iştirakı ilə geniştəkibli görüş keçirildi. Geniştərkibli görüşdə hər iki tərəfdən baş nazirin müavinləri, xarici işlər, müdafiə, iqtisadiyyat, rabitə və informasiya texnologiyaları, kənd-təsərrüfatı, nəqliyyat, fövqəladə hallar, sosial müdafiə nazirləri, baş prokuror  və digər rəsmi şəxslərin iştirakı ikitərəfli əlaqələrin hərtərəfli inkişaf etməsinin nümunəsidir.

Səfər nəticəsində iki ölkə arasında kənd-təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial-müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb.

Ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”dır. 

Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olunub.

Bu, Ermənistanın təcridinin və münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin Azərbaycanın haqlı və ədalətli mövqeyinə dəstəyinin daha da güclənməsinin növbəti nümunəsidir. Ermənistanla müttəfiqlik münasibətlərinə malik olan dövlətlər belə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirlər. Bu bir daha onu göstərir ki, münaqişənin həllinin əsasını BMT Təhlükəsizlik Şurasının qətnamələri təşkil edir.   

Bəyanatdan əsas məqamları təqdim edirik:

-1-ci bənd: Azərbaycan Respublikası və Belarus Respublikası strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirirlər.

6-cı bənd: Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququnun ümumqəbuledilmış norma və prinsipləri, xüsusilə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini qeyd etdilər.

7-ci bənd: Tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunaraq bu istiqamətdə gələcək səylərin artırılmasının vacibliyini bildirdilər.

11-ci bənd: Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycan və ya Belarusun üzv olmadığı beynəlxalq qurumlar çərçivəsində təşəbbüs və namizədlərin qarşılıqlı dəstəklənməsi praktikasının davam etdirilməsi barədə razılığa gəldilər.

Prezident İlham Əliyevin birgə mətbuat konfransındakı nitqində vurğulayıb:

“Biz beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstəririk, bütün məsələlərdə bir-birimizi dəstəkləyirik. Mən deyərdim ki, bu dəstək avtomatik xarakter daşıyır - hətta müzakirəsiz, məsləhətsiz, razılaşmasız. Əgər hər hansı beynəlxalq təşkilatda Belarusla, yaxud hər hansı rəhbər orqanlara namizədliyi irəli sürülən bu ölkədən namizədlə əlaqədar məsələ qaldırılırsa, Azərbaycan qeyd-şərtsiz dəstək göstərir. Eyni münasibəti biz Belarus tərəfdən də görürük. Bu, bizim münasibətlərimizin yüksək səviyyəsinin göstəricisidir. Biz, həmçinin ya Azərbaycanın, ya da Belarusun iştirak etmədiyi, amma başqa ölkənin iştirak etdiyi təşkilatlarda da bir-birimizi dəstəkləyirik və bu da təbiidir. Bu, bizim beynəlxalq siyasət, beynəlxalq münasibətlər, regional problemlər və beynəlxalq təhlükəsizliklə əlaqədar məsələləri müzakirə etdiyimiz kimi təbiidir. Bütün bunlar dostlar arasında təbiidir”.

 21-ci bənd: Tərəflər idman sahəsində Azərbaycan-Belarus əməkdaşlığının  faydalı xarakter daşıdığını, olimpiya hərəkatının ideal və dəyərlərinə sadiq olduqlarını və bu xüsusda 2019-cu ildə İkinci Avropa Oyunlarının Belarusda keçirilməsinin əhəmiyyətini qeyd etdilər.

Belarus Prezidenti Aleksandr Lukaşenkonun birgə mətbuat konfransındakı nitqindən: “2019-cu ildə Belarus Bakıdan sonra ikinci Avropa Oyunlarını qəbul edir. Prezidentlə mən 2015-ci ildə belə miqyaslı tədbiri əla keçirməyin öhdəsindən gələn Azərbaycanın təcrübəsini ətraflı müzakirə etdik. Üstəlik deməliyəm ki, sizdən sonra bütün ölkələr belə oyunları qəbul etməyə qorxurlar. Çünki həmin səviyyə ilə rəqabət aparmaq, mən bunu səmimi deyirəm, qətiyyən mümkün deyil. Biz də bu səviyyəni aşağı salmamaq üçün ciddi fikirləşməliyik. Həm də fikirləşməliyik ki, bunu nəyin hesabına edə bilərik. Amma birmənalı olaraq sizə minnətdarıq ki, mütəxəssisləriniz, nazirləriniz bizə ciddi məsləhətlər verərək, bizi faktiki surətdə ikinci Avropa Oyunlarına hazırlayırlar. Həm də mən, ilk növbədə, bu beynəlxalq idman tədbirinə hazırlıqda köməyinə görə öz həmkarıma təşəkkür edirəm”.

22-ci bənd: Tərəflər bərabərhüquqluluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün əldə olunan razılıqların effektiv həyata keçirilməsinin effektiv təmin edilməsinə bütün səviyyələrdə dəstək vermək üçün niyyətlərini ifadə etdilər.  

Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq vardır. Səfər çərçivəsində Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barəsində Anlaşma Memorandumu imzalandı. Bu Anlaşma Memorandumundan çıxış edərək Azərbaycana hava hücumundan müdafiə sistemlərinin, hücum təyinatlı sistemlərinin təchiz edilməsi üçün kontraktların imzalanması nəzərdə tutulmuşdur. Bundan əvvəl Azərbaycan Belarusdan Polonez raket sistemlərini, zirehli texnika və digər hərbi vasitələri almışdır.

Birgə mətbuat konfransında Prezident İlham Əliyevin nitqindən:

“Bizim əməkdaşlığımızın istiqamətlərindən biri də hərbi-texniki sahədir. Biz bu əməkdaşlıqdan çox razıyıq, məhsulların keyfiyyəti və səmərəliliyi çox yüksəkdir. Buna görə də təsadüfi deyil ki, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın artıq yaxşı tarixi, kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var. Təsadüfi deyil ki, bu gün imzalanan sənədlər arasında memorandum da var. Bu sənəd ən qısa müddətdə Belarusdan hərbi texnikanın növbəti partiyasının alınması üçün müqaviləyə çevriləcək”.

Millət vəkili, politoloq Rasim Musabəyov 1news.az-a şərhində Azərbaycan Prezidentinin Belarusa səfərini çox yüksək və müsbət qiymətləndirdiyini vurğulayıb.

Deputat bildirib ki, Azərbaycanın Belarusla strateji əməkdaşlığı sözdə yox, əməldə və konkret genişlənən həm iqtisadi, həm siyasi, həm hərbi təhlükəsizlik məsələlərində özünü büruzə verir:

“Səfər zamanı dövlət başçıları tərəfindən imzalanmış  “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”nda  rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi bir daha açıqlandı. Belarusun bu münaqişə ilə bağlı mövqeyi hər zaman birmənalı olub. Belarus Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin beynəlxalq hüquq, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyib. Miniskin bu mövqeyi prinsipialdır və prezidentlərin görüşündə bu mövqe bir daha təkrarlandı”.

R.Musabəyov iki ölkənin əməkdaşlıq sahələrinə də toxunub, bildirb ki, Belarusla əməkdaşlıq  kooperasiya xarakteri daşıyır:

“Yəni, sadəcə olaraq qarşılıqlı şəkildə bir-birimizdən nələrsə almırıq. Belarus Azərbaycana yalnız traktor, avtomobil, kombayn satmır, onların Azərbaycanda yığılmasını təmin edir, həmin hissələrin böyük bir qismi ölkəmizdə istehsal olunur. Gələcəkdə bu məhsulların üçüncü dövlətlərin də ərazisinə çıxarılması nəzərdə tutuur. Və bu  kooperasiya tərəflər üçün olduqca vacidbdir. Nəzərə alsaq ki, indi biz Şimal- Cənub dəhlizini də tamamlayandan sonra, Belrus həm bilavasitə, həm Azrbaycanda yığdığı hazır məhsulları digər bazarlara çıxaracaq, eyni zamanda Azərbaycanla birgə Türkiyə və Pakistan bazarında işləmək imkanları əldə edir. Bundan həm Azərbaycan, həm Belarus fayda götürür.

İndi təkcə söhbət traktordan, avtomobildən getmir, eyni zamanda hərbi sənaye kompleksində də belə bir  kooperasiya mümkündür. Belarusda sovetlər dövründən hərbi sənaye kompleksinə aid olan çox yaxşı mütəxəssislər və müəssisələr qalıb. Nəzərə alsaq ki, Azərbaycanın maliyyə imkanları var, Belarusun isə mütəxəssisləri və müəssisələri var, bu sahədə birgə əməkdaşlıq nəticəsində kifayət qədər yeni silahların həm istehsalı, həm də onlardan istifadə olunması nəzərdə tutulub.

Ermənilərin “İskəndər”inə cavab olan “Polonez” raket sistemləri belə yarandı. Bu, Çinin müəyyən raketlərini  Belarusda avtomobilləri və idarəetmə komplekslərini birləşdirərək əmələ gəldi və Azərbaycanın maliyyəsi olmasaydı, o layihə heç gerçəkləşə bilməzdi. İndi isə təkcə Azərbaycana deyil, üçüncü bazarlara da çıxrıla bilər. Bundan həm Belarus, həm Azərbaycan fayda götürəcək. Yəni demək istəyirəm ki, bizim əməkdaşlığımız sadəcə ticarət dövriyyəsi ilə kifayətlənmir, koorpersiya formasını alıb. Bu isə əməkdaşlığın ən yüksək zirvəsidir”.

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Belarusa yönəlik son açıqlamalarına da toxunan R.Musabəyov bildirib:

“Paşinyan çox şey deyə bilər, formal olaraq Belarus Ermənistanla müttəfiqdir, biz isə strateji partnyoruq. Amma hər zaman Belarusun, o cümlədən Qazaxıstanın Azərbaycanla münasibətləri Ermənistanla münasibətlərdən qat-qat yüksəkdə olub. İndi Belarusla Ermənistanın ticarət dövriyyəsi 10 milyon dollardırsa,  Azərbaycanla dövriyyə bundan 20 dəfə çoxdur.  Qazaxıstanla da həmçinin. Yəni Ermənistanın bu ölkələr üçün heç bir əhəmiyyəti yoxdur. Amma Paşinyan iddilarla çıxış edir, hesab edirəm ki, o iddialarla çıxış edəndə,  başına qapazı vurub deyəcəklər ki, sən nəyə görə dəstək istəyirsən, qonşu dövlətin ərazisini işğal etmisən, bu dövlət bizim üçün strateji tərəfdaşdır, işğalçı ola-ola gəlib bizdən dəstk istəyirsən. Zəhmət çək, rədd ol Azərbaycanın işğal olunmuş ərazilərindən, sonra dilin olsun nəsə danışmağa. Paşinyana cavab heç də onun xoşuna gəlməyən formada elə veriləcək ki, məcbur olacaq yerində otursun”.

Millət vəkili Azərbaycan və Belarusun beynəlxalq və regionla platformalarda da bir-birlərinə dəstək verdiklərini əlavə edub. Bildirib ki, Belarus Azərbaycan olmadığı KTMT, Avropa İqtisadi İttifaqı və s. qurumlarda Azərbaycana dəstək verdiyi kimi, Bakı da Belarusun olmadığı Avropa Şurasında, AVRONEST-də öz dəstəyini göstərir: “Biz onlara qarşı tənqidlər olanda, hansısa bir xoşagəlməyən çıxışlar ediləndə cavablarını veririk. Bu, qarşılıqlıdır”.

P.Sultanova

 

Paylaş:
390

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər