Qurban Qurbanov: “Qərarı Rəşad Sadıqov özü verəcək”
“Qrupda son oyunumuzdur. Hər növbəti oyun ən vacib olur. Amma bu, sonuncu və daha vacib bir qarşılaşma olacaq. Yaxşı şansımız var. Bu şansdan yararlanmaq istəyirik. Amma rəqib “Fiorentina”dır. İtaliya klublarına qarşı oynamaq həmişə çətin olur. Yaxşı futbol göstərmək istəyirik”.
1news.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Fiorentina” ilə oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi rəqib barədə fikirlərini bildirib: “Fiorentina” digər rəqiblərimizdən fərqlənir. Bu, elə komandadır ki, oyunun gedişində çox müxtəlif formalı hücumlar qurur. Rəqibin təcrübəli olması da bizə mane ola bilər. “Fiorentina”lı futbolçular topla oynamağı sevirlər. Amma bizim də bacardığımız nələrsə var. Rəqibdən çəkinmirik”.
Təcrübəli mütəxəssis kapitan Rəşad Sadıqovun oynamaq ehtimalına da toxunub: “Onun meydana çıxmaq ehtimalı var. Böyük ehtimalla buna Rəşad özü qərar verəcək. PAOK-la oyunda meydana çıxmasını mən istəmişdim. İndi isə fərqli zədədir. Mən onu meydanda görmək istəyirəm, amma qərarı özü verməlidir”.
1news.az