Dmitri Kozak: Formula-1 Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub
“Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı çox gözəl təəssüratlarım yaranıb. Təşkilatçılıq möhtəşəmdir və şəhər trasında hər şey gözəl təşkil edilib”.
1news.az-ın məlumatına görə, bunu bu gün Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Kozak Bakıda jurnalistlərə müsahibəsində söyləyib.
Gələcəkdə Formula-1 Soçi Qran-Prisinin keçirilməsi zamanı Bakı təcrübəsində istifadə edəcəklərini söyləyən D.Kozak Rusiyada təşkil olunan yarışın müddətinin 2025-ci ilədək uzadıldığını diqqətə çatdırıb: “Soçi və Bakı bir-birinə həmişə kömək edir və mövcud təcrübədən yararlanır. 2014-cu ildə Azərbaycan nümayəndə heyəti Soçi Qran-Prisində iştirak edib təcrübə qazanırdı. Hazırda biz Bakının təcrübəsi ilə yaxından tanış oluruq. Bakı və Soçi bir-birinə rəqib deyil, sadəcə tərəfdaşdır. Rəqabətimiz ancaq şəhərlərimizin gözəlliyi baxımından ola bilər. Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub. Bu cür yarışın təşkil edilməsi üçün güclü iradə lazımdır. Bakı yüksək səviyyəli təşkilatçılıq bacarığı ilə dünyada daha da tanınmış şəhərə çevrilir”.
Növbəti mövsüm Soçi Qran-Prisinin sentyabrda təşkil olunması ilə bağlı Beynəlxalq Avtomobil Federasiyasına müraciət etdiklərini nəzərə çatdıran Rusiya baş nazirinin müavini bildirib ki, gələn il Rusiya futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək: “Düşünürəm ki, mundial başa çatdıqdan sonra Formula-1 yarışının təşkili üçün sentyabr ayı əlverişli tarixdir”.
1news.az
1news.az