General-leytenant Hüseyn Rəsulbəyov-100 | 1news.az | Xəbərlər
Siyasət

General-leytenant Hüseyn Rəsulbəyov-100

19:10 - 26 / 06 / 2017
General-leytenant Hüseyn Rəsulbəyov-100

Görkəmli general və dövlət xadimi

Azərbaycan tarixində elə işıqlı, görkəmli şəxsiyyətlər var ki, neçə onilliklər keçsə də, o insanların şərəfli ömür yolu, özlərindən sonra qoyub getdikləri nəcib işlər və saysız-hesabsız yetirmələri ilə tarixdə silinməz izlər buraxır, adları xalqımızın milli quruculuq tarixinə qızıl hərflərlə yazılır. Bu unudulmaz insanlardan biri də artilleriya general-leytenantı, uzun illər Azərbaycanın rabitə naziri kimi yüksək vəzifədə çalışmış Hüseyn Cümşüd oğlu Rəsulbəyovdur.

AZƏRTAC görkəmli general-leytenant haqqında qeydləri təqdim edir.

Azərbaycanın orta və yaşlı nəsli bu tələbkar, əsl zabit kimi sərt, lakin bir o qədər də ürəyiyumşaq, qayğıkeş və ədalətli insan olan Hüseyn Rəsulbəyovu yaxşı xatırlayır. Ciddi, zəhmətkeş bir insan olan Hüseyn müəllim, necə deyərlər, dünyanın hər üzünü görmüşdü. 1917-ci il iyunun 26-da qədim türk torpağı olan Dərbənddə poçt məmurunun ailəsində dünyaya göz açmış Hüseyn Rəsulbəyovu tale haralara aparmadı? 1932 -ci ildə o vaxtkı Orconikidze şəhərində Politexnik Texnikumuna daxil olan gənc burada təhsilini başa vurduqdan sonra bir müddət Şimali Qafqaz Dəmiryolunun Mineralnıye Vodı stansiyasında mexanik işləyir. 1936-cı ildə Leninqrad Siqnalizasiya və Rabitə Mühəndisləri Elektrotexnika İnstitutuna daxil olur. Bu institutu bitirdikdən sonra isə o, F.Dzerjinski adına Qızıl Ordu Artilleriya Akademiyasının dinləyicisi olur. 1941-ci ildə Akademiyanı başa vuran Hüseyn Rəsulbəyov Odessa şəhərindəki Primorsk Qoşunlar Qrupuna göndərilir. Müharibəni də elə burada hava hücumundan müdafiə (HHM) qoşunlarının 15-ci briqadasının mühəndisi kimi qarşılayır. Müharibənin sonunda isə gənc zabit Zaqafqaziya cəbhəsinin 99-cu HHM diviziyasının artilleriya üzrə rəisi idi. 1960-1962-ci illərdə isə artıq mühəndis-texniki xidməti general-mayoru olan Hüseyn Rəsulbəyov Bakı Hava Hücumundan Müdafiə Dairəsi qoşunlarının zenit-artilleriya qoşunları komandanının müavini, 1966-1975-ci illərdə isə komandanı vəzifəsində çalışır. 1968-ci ildə nümunəvi xidmətlərinə görə Hüseyn Rəsulbəyova "artilleriya general -leytenantı" ali hərbi rütbəsi verilir.

Hüseyn Rəsulbəyov orduda olarkən özünün biliyi, təcrübəsi, nüfuzu və qayğıkeşliyi, insanlara, xüsusən də azərbaycanlı kadrlara daim qayğısı ilə yadda qalıb. İstefada olan artilleriya general-polkovniki Tofiq Ağahüseynov onun bu xarakterindən söz açarkən deyir: "Çeneral-leytenant Hüseyn Rəsulbəyov Bakı Hava Hücumundan Müdafiə Dairəsinin zenit-raket qoşunlarının komandanı idi. O, mənə çox kömək göstərib. Rəsulbəyov dairə qərargahında işləyirdi, komandan idi, mən isə əvvəlcə polk, sonra diviziya və korpus komandiri oldum. O, hər zaman məni mümkün xoşagəlməz hadisələrlə bağlı xəbərdar edir, qoruyurdu, bu və ya digər şəraitdə necə hərəkət etmək lazım olması barədə məsləhətlər verirdi. Bunun üçün mən ona çox minnətdaram."

Uzun illər general-leytenant Hüseyn Rəsulbəyovla birlikdə işləmiş Bakı Hava Hücumundan Müdafiə Dairəsi Qoşunlarının komandanı, general-polkovnik Fyodor Akimoviç Olifirov yazırdı: "Bəzən elə olur ki, hətta böyük rəhbərlər belə passiv olurlar, vəzifələrinə uyğun təşəbbüs göstərmək əvəzinə, heç nəyə həvəs göstərmirlər. Amma Hüseyn Cümşüdoviç heç vaxt, heç kimdən hər hansı bir xatırlatma və ya tapşırıq gözləmirdi. Həmişə irəlidə gedirdi və hamını da arxasınca çəkib aparırdı. Onun zenit-raket qoşunlarının komandanı kimi ən böyük xidməti ölkənin HHM sistemində əsl istedadlı mühəndis və öz işinin ustası olması idi"

1975-ci ildə ordu sıralarından ehtiyata buraxılan H.Rəsulbəyov elə həmin il Azərbaycanın rabitə naziri vəzifəsinə təyin olunur.

Bu vəzifədə döyüş generalının bir sıra maraqlı idarəetmə xüsusiyyətləri meydana çıxır. O, insanlarla asanlıqla dil tapır, onların problemlərinə diqqət yetirir, hər bir işçinin daha da ucalması üçün şərait yaradır, qayğı göstərir və onların yüksək vəzifələrə təyin edilmələri üçün müvafiq strukturlara təqdimatlar göndərirdi.

H.Rəsulbəyov bu vəzifədə işlədiyi müddət ərzində burada, demək olar ki, rabitə işini tam olaraq yenidən qurdu, texnoloji və mənəvi cəhətdən köhnəlmiş bütün avadanlıqlar yeniləndi, telefon-teleqraf rabitəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Şəhər və kəndlər telefonlaşdırıldı, beynəlxalq rabitənin inkişafı sahəsində yeni istiqamətlər müəyyənləşdirildi. Kadr məsələlərinə ciddi diqqət yetirildi, rabitəçilərin sosial vəziyyəti xeyli yaxşılaşdırıldı.

Rabitə naziri vəzifəsində işləyərkən də o hərbi də olan iş üslubuna, rəhbərlik prinsiplərinə sadiq qaldı. 1975-1980-ci illərdə Bakıda şəhərlərarası iki telefon və teleqraf rabitəsi stansiyası tikilib istifadəyə verildi ki, onların avadanlıqlarının hamısı keçmiş Yuqoslaviyadan gətirilmişdi. Şirvan, Astara, Mingəçevir, Qusar və Xaçmaz rayonlarında şəhərlərarası avtomat telefon stansiyaları istifadəyə verildi. Nəhayət, 1980-ci ildə respublikamızın şəhərlərində telefon şəbəkəsinin həcmi 1975-ci ilə nisbətən 1,4 dəfə artdı. Bütün bunlar H.Rəsulbəyovun nazir kimi böyük fəaliyyətinin yalnız bir hissəsi idi.

Hüseyn Rəsulbəyov tarixilik baxımından az yaşadı, ömrünün 67-ci ilində -1984-cü ildə həyata vida etdi. Hüseyn müəllim özündən sonra bir çox xeyirxah işlər, əməllər qoyub getdi. Onun şəxsi iştirakı ilə Baş Poçtamt, Rabitə Evi, rabitə qovşaqları və s. layihələr işlənib hazırlanmış və inşa edilmişdi. Artıq 20 ildən çoxdur ki, Azərbaycan Televiziyası və digər televiziyalar öz verilişlərini Dağüstü parkın yaxınlığında ucaldılmış müasir teleqüllə vasitəsi ilə bütün dünyaya yayır. Bu teleqüllənin ucaldılması üçün Hüseyn Rəsulbəyov böyük zəhmət sərf edib.

Təəssüf ki, teleqülləni görmək ona nəsib olmadı, amma qədirbilən xalqımız daim şəhərimizə yaraşıq verən bu möhtəşəm qurğuya baxdıqca, onu xatırlayır və inanırıq ki, bu minnətdarlıq və təşəkkürlər Bakımız durduqca daim davam edəcəkdir.

H.Rəsulbəyovun xidmətləri layiqincə qiymətləndirilib. O, Lenin, II dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz, Qırmızı Əmək Bayrağı ordenləri və 14 medalla təltif edilib, ona "Azərbaycan SSR-in əməkdar mühəndisi " fəxri adı verilib, VII, VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Hazırda Dərbənd şəhərində həyata göz açdığı küçəyə və təhsil aldığı məktəbə xatirə lövhəsi vurulub. Şəhərin “Döyüş şöhrəti” Muzeyində igid generalın döyüş yolu ilə bağlı geniş ekspozisiya yaradılmış və büstü qoyulub.

Dərbəndin abad prospektlərdən biri general-leytenant H.Rəsulbəyovun adını daşıyır.

Hüseyn Rəsulbəyov özündən sonra bir çox xeyirxah işlər, əməllər qoyub getdi və bu xeyirxah əməllər xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq...

T.Sədrəddinoğlu

Paylaş:
1431

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər