Bu gün Azərbaycanın Silahlı Qüvvələri Günüdür
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 99 il ötür.
Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində addımlar atıldı.
1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.
Beləliklə, bir ay sonra-26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul etdi. 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə sərf edildi. Avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov olub. Sonra onu hərbi nazir postunda general Səməd bəy Mehmandarov əvəzləyib. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilib.
Azərbaycan ordusu 1918-1920-ci illərdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birgə Göyçay ətrafında bolşevik-daşnak hərbi birləşmələrinin darmadağın edilməsi, Bakının və ətraf ərazilərin erməni-bolşevik işğalından azad olunması, Muğanda bolşeviklərin separatçı hərəkətlərinin qarşısının alınmasında mühüm rol oynayıb. Azərbaycan ordusu 1920-ci ilin mart ayında Əsgəran döyüşündə erməniləri məğlubiyyətə uğradaraq Ermənistan silahlı birləşmələrini Qarabağ və Zəngəzurdan çıxarmağa nail olub.
Azərbaycanda ilk hərbi parad da bir il sonra-1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib.
Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları, gənc yaşlarından əsgər getmiş hərbi piyada məktəbini bitirmiş Azərbaycan diviziyasının zabiti Əbdürrəhman Fətəlibəyli Düdənginski kimi bacarıqlı hərbçiləri olub.
Güclü hərb ənənəsi olsa da, ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu.
1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikası Ali Soveti qanun qəbul etdi.
1992-ci il oktyabrın 9-da Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım oldu. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyuldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu.
Hazırda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz güclənməkdə davam edir. Həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.
Bu qoşun növləri potensial rəqiblə effektiv mübarizə aparmaq iqtidarındadır.
Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.
İnanırıq ki, ordumuz tezliklə üzərinə düşən missiyanı yerinə yetirərək işğal olunmuş torpaqlarmızı azad edəcək və şanlı bir tarix yazacaq.
Babək Cahandarov