İlham Əliyev: Biz bu gün yenidən Polşa-Azərbaycan əlaqələrinin inkişafına təkan veririk
İyunun 27-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Polşa Prezidenti Andjey Dudanın bəyanatı:
-Zati-aliləri cənab Prezident.
Hörmətli qonaqlar.
Prezident İlham Əliyevi Polşada məmnuniyyətlə salamlayıram. Bu, sırf onunla bağlı deyil ki, o, dövlət başçısıdır. O, həmçinin elə bir insandır ki, Polşa Respublikası ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir. Əslində, sonuncu dəfə rəsmi səfər 2008-ci ildə - 9 il əvvəl olmuşdur. Həmin vaxt cənab Prezident ölkə başçısı, professor Lex Kaçinski ilə görüşlər keçirdi. Yaxşı xatirimdədir ki, biz cənab Prezidenti və onun xanımını prezident sarayı qarşısında səmimiyyətlə qarşıladıq. Çox şadam ki, cənab Prezident, Siz yenidən Varşavadasınız.
Sizin səfəriniz çərçivəsində bu gün biz ölkələrimiz arasında bir çox sənədləri imzaladıq. Hesab edirəm ki, bu sənədlərin məqsədi əməkdaşlığın, xüsusən də iqtisadi, elmi, siyasi əməkdaşlığın genişləndirilməsi deməkdir. Çünki imzaladığımız sənədlər ölkələrimiz arasında siyasi əməkdaşlığımızı, strateji tərəfdaşlığımızı inkişaf etdirəcək və bu da çox vacibdir. Cənab Prezident, mən çox şadam ki, ölkələrimizin iqtisadi potensialı, sözün əsl mənasında, çox böyükdür və ticari mübadilələrimiz həyata keçirilir. İl ərzində onun həcmi 100 milyon dollar civarındadır.
İqtisadi imkanlara gəldikdə, onların geniş olmasına baxmayaraq, əməkdaşlığımız hələ ki, istənilən səviyyədə deyil. Bu gün sənədlər imzalandı. Cənab Prezident, çox böyük səmimiyyətlə onu gözləyirəm ki, bu gün biz Sizinlə birgə biznes forumu açıq elan edəcəyik və ölkələrimizin işgüzar dairələri həmin tədbir çərçivəsində görüşəcəklər. Bu, əslində ölkə prezidentlərinin məhz iqtisadi əməkdaşlığa, məhz şirkətlər arasındakı əməkdaşlığa böyük dəstəyinin göstəricisidir.
Cənab Prezident, çox sağ olun ki, məni Azərbaycana, Bakıya dəvət etdiniz. Elə indicə - bizim geniş tərkibdə görüşümüz zamanı Sizin qeyd etdiyiniz kimi, baxmayaraq, böyük bir vaxt keçibdir, lakin bu rəsmi səfəriniz üçün bizim hazırlıq işlərimiz əslində yaxşı nəticə verdi, ölkələrimiz arasında sənədlər imzalandı.
Cənab Prezident, Sizə səmimi qəlbdən təşəkkürümüzü bildiririk ki, Siz Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinə dəstək verdiniz. Mən buna görə Sizə çox minnətdaram. Siz gördünüz ki, bir çox səslər bizim ölkəmizin namizədliyinin lehinə verildi. Bizim seçilməyimiz bütövlükdə BMT-nin 190 üzvü arasında böyük dəstəyə malik olduğumuzu göstərdi. Çox şadıq ki, 2018-2019-cu illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacağıq. Bu, həmçinin bizim beynəlxalq arenada mövqeyimizin gücləndirilməsi deməkdir. Buna görə Sizə çox minnətdaram, cənab Prezident. Bu gün mən, həmçinin Vuc şəhərinə Sizin dəstəyinizi xahiş etdim. Çünki biz orada 2022-ci ildə sərgi təşkil etmək fikrindəyik. Ümidvaram ki, Azərbaycan Prezidentinin verdiyi dəstək sayəsində Polşanın belə bir gözəl şəhərinin namizədliyi keçəcək və bir neçə ildən sonra biz qonaqları orada salamlayacağıq.
Xanımlar və cənablar, bizim cənab Prezidentlə çox yaxşı fikir mübadiləmiz oldu. Biz bir çox məsələlərə toxunduq. Biz əvvəlcə təmaslarımızın inkişafı haqqında danışdıq. Biz, həmçinin beynəlxalq proseslərə diqqət yetirdik və öz mülahizələrimizi bildirdik ki, vəziyyət nədən ibarətdir və necə dəyərləndirilməlidir. Təbii ki, bu vəziyyətin dəyərləndirilməsində də mövqelərimiz üst-üstə düşür. Bir çox strateji məsələlərə gəldikdə, cənab Prezidentin tutduğu mövqe mənim fikirlərimlə üst-üstə düşür. Biz bundan çox məmnunuq. Cənab Prezident, Sizə təşəkkür edirəm ki, fikir mübadiləmiz baş tutdu, Ukrayna haqqında danışdıq, Donald Trampın Avropaya və xüsusən də Polşaya səfəri nəzərdən keçirildi.
Cənab Prezident, həmçinin Sizə təşəkkürümü bildirirəm ki, Siz Avropa ilə Asiya arasında iqtisadi baxımdan əlaqələrin gücləndirilməsi barədə fikirlərinizi bildirdiniz. Qeyd etdiniz ki, nəqliyyat sahəsində bizim əlaqələrimiz genişlənməlidir. Çox istərdik ki, Azərbaycan ilə Polşa arasında birbaşa dəmir yolu xətti Gürcüstan və Ukrayna ərazilərindən keçərək yaradılsın. Bu, olduqca əhəmiyyətlidir. Çünki bunun sayəsində bizim nəqliyyat dəhlizimiz, əslində, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsi tam həyata keçirilir. Biz də bu layihənin bir hissəsiyik və bizim, həmçinin Hindistana və İrana çıxışımız təmin olunur. Hesab edirik ki, biz bu perspektiv sayəsində, həmçinin ticari münasibətlərimizi və təmaslarımızı genişləndirəcəyik. Bizim qarşımızda həm Polşa, həm Azərbaycan üçün böyük imkanlar açılacaq. Bu səbəbdən iqtisadi münasibətlərimiz ikitərəfli münasibətlərimizin vacib bir hissəsidir. Mən çox şadam ki, bizim Asiya regionu ilə iqtisadi əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı mövqeyimiz üst-üstə düşür. Cənab Prezidentlə biz istərdik ki, bu layihələri həyata keçirək.
Enerji əməkdaşlığımıza da toxunduq. Ümidvaram ki, biz energetika sahəsində də çox sıx əməkdaşlıq quracağıq. Bu ideyalar hələ professor Lex Kaçinski Polşanın Prezidenti olduğu vaxtda irəli sürülmüşdür.
Cənab Prezident, ümidvaram ki, biz bu münasibətləri daha da intensivləşdirməyə müvəffəq olacağıq. Qeyd etmək istəyirik ki, bu layihələr Lex Kaçinskinin vaxtında irəli sürülmüşdür. Çox şadam ki, cənab Prezident, Siz ölkəmizə, Varşavaya səfərə gəlmisiniz.
Mənim dəvətimi qəbul etdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı:
-Çox sağ olun, hörmətli cənab Prezident.
İlk növbədə, məni Polşaya dəvət etdiyinizə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Yenidən dost Polşa torpağında olmağımdan çox məmnunam.
Bu saraya daxil olarkən mənim dostum, Azərbaycanın dostu Prezident Kaçinskini xatırladım. Onun faciəvi ölümü dostlarını da sarsıtmışdır. Onun xatirəsi dostlarının qəlbində bu gün də yaşayır. Siz də onun silahdaşı kimi, bu gün dost Polşaya rəhbərlik edirsiniz.
Biz bu gün yenidən Polşa-Azərbaycan əlaqələrinin inkişafına təkan veririk. Prezident Kaçinskinin dövründə mənim Polşaya, onun Azərbaycana çoxsaylı səfərləri olmuşdur. Bu səfərlər zamanı biz dostluğumuzu möhkəmləndirirdik, birgə layihələr haqqında danışırdıq, bəzi layihələrə start verirdik. İndi isə Polşa-Azərbaycan əlaqələrinin növbəti dövrü başlayır. O, əslində Prezident Kaçinskinin dövrünün məntiqi davamıdır.
Bu gün biz bir çox məsələlər ətrafında səmimi fikir mübadiləsi apardıq. Bir daha gördük ki, Polşa və Azərbaycan iki dost ölkədir. Biz dostluğu bundan sonra da gücləndirəcəyik və əlaqələrimizin inkişafı üçün birgə səylər göstərəcəyik.
Prezident qeyd etdiyi kimi, bu gün bir çox önəmli sənədlər imzalanmışdır. Bu sənədlər əməkdaşlığımızın perspektivlərini müəyyən edir. Mən onların arasında əlbəttə ki, prezidentlər tərəfindən imzalanmış strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün istiqamətlərini, həmçinin siyasi, iqtisadi, enerji, nəqliyyat məsələlərini ehtiva edir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da deyilir və göstərilir ki, bu münaqişə ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və BMT Təhləsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Bu ədalətli mövqeyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əlavə etmək istəyirəm ki, Azərbaycan dövləti və xalqı erməni işğalından iyirmi ildən çoxdur ki, əziyyət çəkir. Bu işğal nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu tezislər Birgə Bəyannamədə öz əksini tapmışdır.
Biz bu gün beynəlxalq təşkilatlardakı birgə fəaliyyətimiz haqqında da danışmışıq. Fürsətdən istifadə edərək, bir daha Polşanı böyük qələbə münasibətilə təbrik etmək istəyirəm. Dünya birliyinin mütləq əksəriyyəti - 200-ə yaxın ölkə Polşanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir. Bu, ölkənizə və apardığınız siyasətə verilən böyük dəstəkdir. Bu dəstəyi Siz öz fəaliyyətinizlə, siyasətinizlə qazanmısınız.
Polşa sürətlə inkişaf edir. Polşa beynəlxalq arenada çox möhkəm mövqelərə malikdir. Polşa beynəlxalq arenada özünü prinsipial və ləyaqətli aparır. Hesab edirəm ki, bu amillər də belə böyük dəstəyə səbəb olmuşdur. Mən şadam ki, təxminən 200 ölkənin arasında Azərbaycanın səsi də olubdur. Bu gün biz razılaşdıq ki, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizi dəstəkləyəcəyik.
Qarşılıqlı əlaqələr təbii ki, iqtisadi sahəni əhatə edir. Biz razılaşdıq ki, indiki ticarət dövriyyəsi bizi qane edə bilməz. Ümid edirəm ki, bu gün keçiriləcək biznes forum və onun nəticələri ticarət əlaqələrimizin inkişafına xidmət göstərəcək. Artıq bu gün bir neçə konkret məsələlər ətrafında söhbət aparılmışdır.
Nəqliyyat və energetika. Hesab edirəm ki, bunlar iqtisadi bloka aid əsas istiqamətlər olmalıdır. Energetika sahəsində. Azərbaycan nefti Polşa bazarlarına çatdırılır. Bu gün Azərbaycan tərəfdaş ölkələrlə birlikdə nəhəng layihə olan “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edir. Bu layihə Azərbaycan qazını Avropa məkanına çıxaracaq. Layihənin ümumi dəyəri 40 milyard dollardır və icrası da uğurla davam etdirilir. Ümid edirəm ki, bu layihənin birinci mərhələsi gələn il, ikinci və sonuncu mərhələsi 2020-ci ildə başa çatacaq. Beləliklə, Azərbaycan Avropa üçün çox etibarlı tərəfdaş kimi özünü göstərəcək. Azərbaycanın enerji resursları Avropanın enerji təhlükəsizliyinə də öz dəyərli töhfəsini verəcək. Əlbəttə ki, energetika sektorunda digər istiqamətlər üzrə də yaxşı perspektivlər var. Əminəm ki, biz bundan istifadə edəcəyik.
Nəqliyyat sahəsinə gəldikdə Prezident Duda da qeyd etdi, həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Bizim ölkəmizdə artıq bütün müasir infrastruktur yaradılıb. Dəniz limanları, dəmir yolları, aeroportlar, avtomobil yolları və eyni zamanda, artıq regional əməkdaşlıq formatı da yaradılıb. İndi bizim vəzifəmiz ondan ibarətdir ki, bu əməkdaşlığı dərinləşdirək, Avropa ölkələrini də bu əməkdaşlığa cəlb edək. Bu yaxınlarda Bakıda dəmir yolları rəhbərlərinin keçirdikləri görüş deməyə əsas verir ki, artıq geniş beynəlxalq əməkdaşlıq formatı yaranır. Şadam ki, Polşa tərəfi də bu formatda iştirak edir. Bu, bizim qarşımızda çox böyük perspektivlər açır. Əminəm ki, bu istiqamətdə aparılacaq əlaqələndirmə işləri və birgə səylər tezliklə yaxşı nəticələrə gətirib çıxaracaq, bütün iştirakçı ölkələr bundan faydalanacaq.
Çıxışımın sonunda mən əlaqələrimizin humanitar aspektinə də toxunmaq istərdim. Biz polyakları və Polşanı yaxşı tanıyırıq. Müxtəlif dövrlərdə Azərbaycanda çalışmış və ölkəmizə xidmət etmiş məşhur polyak memarların, mühəndislərin, ictimai xadimlərin xatirəsi Azərbaycan xalqı tərəfindən yüksək hörmətlə anılır. Polyaklar 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın rəhbərliyində də təmsil olunmuşlar. Yəni, tariximizin bu səhifələri bugünkü dostluğun təməlidir. Humanitar sahədə, mədəniyyət, turizm sahələrində də çox yaxşı perspektivlər var. Bugünkü səfərim bizim dostluğumuzu bir daha təsdiqləyir.
Prezident qeyd etdiyi kimi, mən cənab Dudanı Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Əminəm ki, o, dəvəti qəbul edəcək və biz uğurlu əməkdaşlığımızı davam etdirəcəyik.
Bir daha təşəkkür edirəm.
S.Xankişiyeva