Azərbaycan və Əfqanıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Əfqanıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - YENİLƏNİB

14:21 - 01 / 12 / 2017
Azərbaycan və Əfqanıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - YENİLƏNİB

Dekabrın 1-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani mətbuata bəyanatlarla çıxış ediblər.

1news.az bu barədə dövlət başçısının saytına istinadla xəbər verir.

Prezident İlham Əliyevin bəyanatı

-Əvvəlcə, mənim dəvətimi qəbul edərək Azərbaycana səfərə gəldiyinə görə cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Bu səhər biz “Asiyanın Qəlbi” adlanan İstanbul Prosesinin 7-ci nazirlər konfransının açılışını etdik.

Fürsətdən istifadə edərək, Əfqanıstanın böyük sosial və iqtisadi nailiyyətlərinə görə cənab Prezidenti və ölkəsinin hökumətini təbrik etmək istərdim. Bizim cənab Prezidentlə çoxsaylı görüşlərimiz olub. İlk görüşümüzü xatırlayıram və o zaman cənab Prezidentin Əfqanıstanın inkişafı ilə bağlı gələcəyə baxışı məndə dərin təəssürat yaratdı. Şadam ki, onun planları həyata keçir. Əminəm ki, onun başladığı islahatlar, transformasiya və inkişaf yaxşı nəticələr verəcək. Bir dost və tərəfdaş ölkə kimi Azərbaycan bu inkişaf yolunda Əfqanıstanla çiyin-çiyinə dayanmaqdan fəxr edir.

Ölkələrimiz arasındakı diplomatik münasibətlərin tarixinə nəzər salsaq, hazırda əməkdaşlığımız ən yüksək səviyyədədir. Biz yaxşı tərəfdaş və dostuq. Dediyim kimi, biz cənab Prezidentlə mütəmadi qaydada görüşürük və bu, Prezident Əşrəf Qaninin Azərbaycana üçüncü səfəridir. Bunun özü bizim tərəfdaşlığımızın nə dərəcədə yüksək olmasının göstəricisidir.

Bizim gözəl siyasi əlaqələrimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həll edilməsi məsələsində Əfqanıstanın ədalətli mövqeyinə görə minnətdarıq. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyir. Biz Qətiyyətli Dəstək Missiyasının iştirakçısıyıq. Biz multimodal tranzit və hava məkanımızdan istifadəni təmin edirik. Qərar qəbul etmişik ki, Əfqanıstanda xidmət aparan hərbçilərimizin sayını artıraq və bununla da Əfqanıstanda sabitlik, sülh və inkişafa töhfə verək.

Tamamilə aydındır ki, sabitlik yalnız iqtisadi və sosial inkişaf yolu ilə təmin oluna bilər. Həmin səbəbdən müzakirə etdiyimiz mövzular arasında hər zaman iqtisadi xarakterli məsələlər var. Burada biz böyük potensial görürük. Bu gün biz ikitərəfli iqtisadi əməkdaşlığa dair çox vacib məsələləri müzakirə etdik. Müzakirə olunan məsələlər onu göstərir ki, gündəliyimiz olduqca genişdir. Bu gün imzalanan sazişlər də bizə imkan verəcək ki, məqsədlərimizə uğurla nail olaq. Biz iqtisadi əməkdaşlıq və islahatlarla bağlı bütün məsələlərin müzakirəsi üçün birgə işçi qrup yaradacağıq.

Biz fəxr edirik ki, Əfqanıstan “ASAN xidmət”in təcrübəsindən yararlanan dövlətlərdən olacaq. “ASAN xidmət” Azərbaycanda dövlət xidmətləri sahəsində həqiqətən inqilab etdi. Əhali arasında bu qurumun bəyənilmə reytinqi 98 faiz, yəni, 100 faizə yaxındır və bu qurum doğrudan da dövlət xidmətləri sahəsində böyük dəyişikliklər etdi. Çox şadıq ki, biz bu xidmətləri əfqan qardaşlarımız üçün təmin edəcəyik. Azərbaycan müstəqillik dövründə bir sistemdən digərinə - planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçdi. Ölkəmiz xaos, dağıntı, tənəzzül və 1000 faizlik inflyasiyadan inkişaf, tərəqqi və firavanlığa, işsizliyin və yoxsulluğun aşağı səviyyədə olduğu bir vəziyyətə keçid etdi.

Hesab edirəm ki, bizim bu təcrübəmiz əfqan qardaşlarımız üçün maraqlı ola bilər. Praktiki əməkdaşlıq məsələləri sırasında biz bu gün qarşılıqlı ticarətin həcminin artırılması yollarını müzakirə etdik. Burada böyük potensial mövcuddur. Biz Azərbaycanın dövlət və özəl sektora məxsus sərmayəsinin Əfqanıstana qoyuluşunu müzakirə etdik. Sənaye inkişafı və kənd təsərrüfatı, enerji, neft və qaz, mədən sənayesi sahələrində də böyük potensial var.

Əlbəttə ki, biz nəqliyyat şəbəkəsinə dair də müzakirələr apardıq. Azərbaycan və Əfqanıstan irimiqyaslı nəqliyyat layihələrinin iştirakçılarıdır. Bu gün konfrans zamanı hər ikimiz çıxışımızda Lapis-Lazuli nəqliyyat layihəsinə toxunduq. Bu, bütün iştirakçı dövlətlər üçün çox vacib layihədir. Eyni zamanda, Azərbaycan öz qonşu və tərəfdaş ölkələri ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini başa çatdırıb ki, bu Asiyadan Avropaya və geriyə yeni yol açır. Bu yol mövcud olan digər marşrutlar arasında ən qısa yoldur.

Beləliklə, nəqliyyat şəbəkəsinin yaradılması yalnız yeni imkanlar yaratmır, o, həmçinin inkişafa da töhfə verir. Biz öz ölkəmizdə də bunun şahidi oluruq. Hətta kənd yollarını tikəndən sonra biz dərhal istehsalda artım, bazarlara asan çıxış və inkişafın canlanmasını müşahidə edirik. Bu səbəbdən ölkələrimizin Mərkəzi Asiya və Avropa dəmir yolları şəbəkələri ilə birləşdirilməsi həqiqətən də tarixi nailiyyətdir.

Azərbaycan şirkətləri Əfqanıstanda podratçı və investor qismində işləmək arzusundadırlar və buna hazırdırlar. Bizim müvafiq təcrübəmiz var və biz Əfqanıstandakı qardaşlarımıza faydalı olmaq istəyirik. Nəzərə alsaq ki, Prezident və onun həmkarları Əfqanıstanda nəhəng layihələr həyata keçirir və müəyyən planlar da mövcuddur, burada birgə biznes fəaliyyəti üçün böyük potensial var.

Biz bu gün kreditlər, müqavilələr, birgə müəssisələrlə bağlı da müzakirələr apardıq və artıq qeyd etdiyim kimi, iqtisadiyyat, nəqliyyat və enerji sahələrindəki gündəliyimiz olduqca genişdir. Beləliklə, biz razılığa gəldik ki, müvafiq dövlət qurumları bu məsələlərlə gündəlik qaydada məşğul olacaq, mütəmadi surətdə prezidentlərə hesabat verəcəklər. Ümid edirəm ki, bizim müdaxiləmizə ehtiyac yaranmayacaq, işlər vaxtında və lazımi qaydada aparılacaq.

Qarşıdan gələn dövrdə ölkələrimiz arasında iqtisadi sahədə daha da güclü əməkdaşlığın şahidi olacağıq. İqtisadi əməkdaşlığımız siyasi əməkdaşlıqla eyni səviyyədə olmalıdır. Bu, bizim məqsədimizdir. Cənab Prezident, bir daha Sizi salamlayır və bu gün bizimlə burada olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm.

Prezident Məhəmməd Əşrəf Qaninin bəyanatı

- Cənab Prezident.

Hörmətli nazirlər, azərbaycanlı dostlar.

Əvvəlcə, bizi qəbul etdiyinizə görə minnətdaram. Hər dəfə Bakıya gəldikdən sonra ümidlə qayıdıram. Bütün həmkarlarım da bu cür düşünürlər. Xatırlamaq kifayətdir ki, rəhmətlik atanız və Siz hansı çətinliklərlə üzləşmişdiniz - müharibə, qaçqın və məcburi köçkünlər, səviyyəsi 40 faizi aşan yoxsulluq, həcmi 5 milyard manat olan ümumi daxili məhsul. Nailiyyətləriniz çox yaxşı misaldır, çünki uzun müddət əvvəl, məsələn 6–8 il əvvəl mövcud olanları öyrəndikdə, görürük ki, onlar keçmişdə qaldı.

Əfqanlar buraya gəldikdən sonra öz ölkələrində dəyişiklik etmək inamı ilə qayıdırlar. Bunların əyani sübutu “ASAN xidmət”dir. Maliyyə naziri səfər etdikdən sonra bu təcrübə dərhal tətbiq olunmağa başladı. Müvafiq qurum yaradıldı və o, Rabitə Nazirliyinin tabeliyinə verildi.

Cənab Prezident, Azərbaycan böyük məsuliyyət hissi olan qlobal iştirakçıdır. Mən Çikaqoda keçirilmiş NATO konfransındakı çıxışınızı xatırlayıram. Həmin vaxt Siz ilk dəfə olaraq “Şimal dəhlizi” və böyük sərmayələr proqramını qeyd etdiniz. Cənab Prezident, Sizin gördüyünüz işlər, sadəcə desək, NATO-nun missiyasını mümkün etdi.

Bakı əməliyyatları ən sürətlə icra edən məkan nüfuzunu qazandı. NATO komandanları və generalları ilə söhbət etdikdə, onlar bu marşrutun səmərəliliyini, etibarlılığını və tam şəffaflığını qeyd etdilər. Heç kəsin heç bir problemi olmadı. İndi isə həmin dəhliz müdrik rəhbərliyiniz və göstərişlərinizlə bir tərəfdən Lapis-Lazuli yoluna, digər tərəfdən isə multimodal daşımalar sisteminə çevrilir. Onun sayəsində biz Avropaya, Sizin ölkəyə və əksinə çıxış əldə edirik. Bu, uzaqgörənliyin və müdrikliyin, rəhbərlik keyfiyyətlərinin, olduqca böyük diqqətin bariz nümunəsidir. Siz bu keyfiyyətlərlə tanınırsınız və biz onların sayəsində nəticə qazanırıq.

Biz Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, əsaslı mövqeyini daim tam dəstəkləyəcəyik. Dəstək verməyə hər zaman hazırıq. Biz hərbi qulluqçularınızın sayının artırılması ilə əlaqədar bu yaxınlarda Brüsseldə bəyan etdiyiniz qərarı çox yüksək qiymətləndiririk. Hərbçiləriniz mübarizdirlər, şərəflə xidmət edirlər. Bu, bizim üçün böyük şərəfdir.

Cənab Prezident, qeyd etdiyiniz iqtisadi gündəlik olduqca genişdir, çoxşaxəlidir və böyük fayda gətirir. Orada olan məsələlərin hər birinin işlənib hazırlanmasından etibarən, söyləyə bilərəm ki, yaratdığımız çərçivə bizi daha da yaxınlaşdırır. O, Azərbaycan biznes dairələrini, dövlət şirkətlərini ölkəmizə gətirir. Əlbəttə, vaxt keçdikcə Azərbaycan və Əfqanıstan xalqları daha böyük harmoniyaya nail olacaqlar, dostluq, tərəfdaşlıq və qarşılıqlı fayda dəyərlərini artıracaqlar.

Yaradılmış işçi qrupu indicə imzalanmış sazişlər baxımından öz işini davam etdirəcək. Çox səmimiyyətlə arzulayırıq ki, Azərbaycanın özəl və dövlət sektoru ölkəmizə gəlsin. Maliyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılmış dəyişikliklər təcrübəsi, sənaye inkişafı və xüsusən də yaradılmış Neft Fondu - əla misallardır. Çünki Əfqanıstandakı vəziyyət Azərbaycanın müharibədən sonrakı durumla üzləşdiyi çağırışlarla eynidir. Digərləri bunu görmür.

Cənab Prezident, Sizin rəhbərliyinizin xüsusiyyəti ondan ibarətdir ki, Siz bizim bugünkü yox, gələcək günümüzü görürsünüz. Azərbaycanın durumu inkişaf, fayda gətirən gələcək durum kimi götürülə bilər.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlu təcrübələrin ölkəsində də tətbiq edilməsindən məmnunluğunu ifadə etdi. Əfqanıstanın dövlət başçısı Bakıda keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi.

Prezident Məhəmməd Əşrəf QANİ dedi:

-Bu konfransa ev sahibliyi etdiyinizə görə dərindən minnətdaram. Tədbir nəticələrə və əlaqələrin qurulmasına yönəlib. İndi biz artıq nəzəriyyə haqqında deyil, regional şəbəkələri qurmaq, aydın reallığı təmin etmək üçün işlər haqqında danışırıq. Atacağınız hər bir addım konsolidasiyaya, dərin və hərtərəfli dostluğa, ortaq dəyərlərə və birgə iş aparmağa yönələcək.

Sağ olun, cənab Prezident.

1news.az  

Paylaş:
846

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər