160 milyonluq futbolçu zədəli çıxdı
“Barselona”nın yeni transferi Filip Koutinyonun neçə nömrəli formanı geyinəcəyi müəyyənləşib.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, braziliyalı yarımmüdafiəçi “7”ni seçib.
Rəsmi müqavilə imzalanmamış klubun mağazalarında arxasında Koutinyonun adı olan 7 nömrəli formalar satışa çıxarılıb. Bu isə o deməkdi ki, gün ərzində münasibətləri rəsmiləşdirəcək “sambaçı”nın gəlişi Arda Turanın gedişinə yol açacaq. Çünki komandada bu nömrənin sahibi türkiyəli yarımmüdafiəçi idi. Ardanın bu həftə “Başakşəhər”lə 1,5 illik müqavilə imzalaması gözlənilir.
Bir qədər əvvəl tibbi müayinədən keçən Koutinyonun zədəli olduğu üzə çıxıb. Kataloniya klubunun həkimləri 25 yaşlı ulduz futbolçunun debütünün 20 gündən sonra reallaşacağını açıqlayıblar. Braziliya millisinin üzvünün yanvarın 28-də “Alaves”lə La Liqanın XXI tur matçında ilk dəfə “Barsa” formasını geyinməsi gözlənilir.
Qeyd edək ki, “Barselona” Koutinyonu “Liverpul”dan 160 milyon avroya transfer edib.
1news.az