Yeni rekord: MFL-in 80 komandalıq təsnifat mərhələsinin püşkü atıldı – FOTO – VİDEO
Avqustun 14-də Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-in təsnifat mərhələsinin püşkatma mərasimi olub.
1news.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil olunan mərasimdə AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, MFL-in koordinatoru Vaqif Axundov, eləcə də təsnifat mərhələsində çıxış edəcək 80 komandanın kapitanları iştirak ediblər.
MFL-in media və ictimaiyyətlə əlaqələr meneceri Rəfiqə Əziz MFL-in yeni mövsümü ilə bağlı məlumat verərək bu mövsüm Liqada 50 komandanın iştirak edəcəyini, bunlardan 5 komandanın təsnifat mərhələsi ilə müəyyənləşdiriləcəyini diqqətə çatdırıb:
“Bildiyiniz kimi, Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL yeni mövsümün qeydiyyatına start verib. “MFL LSS 2019-2020” adlanacaq liqada bu mövsüm 50 komandanın iştirakı planlaşdırılır. Bunlardan 45-i qeydiyyat haqqını tam ödəməklə turnirə birbaşa qatılacaq. 5 komanda isə heç bir ödəniş etmədən “Muğanbank”ın sponsorluğu ilə keçiriləcək təsnifat mərhələsində qalib gələrək MFL-in yeni mövsümündə çıxış edəcək”.
Təsnifat mərhələsi barədə danışan R.Əzizin sözlərinə görə, “MUĞANBANK MFL TƏSNİFAT 2019” adlanacaq və 80 komanda arasında keçiriləcək təsnifat mərhələsində komandalar hər birində 16 komanda olmaqla 5 qrupa bölünəcəklər. 5 pley-off-da qalib gələn komandalar MFL-in əsas mövsümündə pulsuz iştirak etmək hüququ qazanacaqlar. Təsnifat mərhələsində məğlub olan komandalar isə qeydiyyat üçün tələb olunan məbləği ödəməklə bu imkandan yararlana bilərlər:
“Təsnifat mərhələsi ilk dəfə olaraq keçiriləcək. Bəzi komandaların qeydiyyat pulunu verməyə imkanı çatmır. Bunu nəzərə alan MFL rəhbərliyi onların MFL Liqasına pulsuz qatılmaq imkanı yaratmağa qərar verib. İnanırıq ki, təsnifat mərhələsində gərgin və maraqlı oyunların şahidi olacağıq”.
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev 4 il əvvəl yaradılan MFL layihəsinə AFFA tərəfindən də dəstək verildiyini vurğulayıb:
“MFL rəhbərliyi layihələrini bizə təqdim edəndə layihənin inandırıcılığına, perspektivinə inandığımız üçün ona dəstək verməyə qərar verdik. Çünki AFFA hər zaman futbolun kütləviləşməsini, insanların futbola cəlb olunmasını, sağlam həyat tərzi sürmələrini dəstəkləyir. MFL layihəsi də məhz bu məqsədlərə xidmət edir. Bizim üçün də xoşdur ki, Federasiya olaraq hər zaman bu layihəyə dəstək göstəririk”.
MFL Liqasında iştirak edən komandaların sayının ildən ilə artmasının sevindirici hal olduğunu deyən şöbə müdirinin sözlərinə görə, bu, MFL-in öz sahəsində ən kütləvi, bir nömrəli yarış olduğunu göstərir:
“Sevindirici haldır ki, MFL Liqasında iştirak edən komandaların sayı ildən ilə artmaqdadır. Artıq ötən mövsüm 52-54 komanda Bakı şəhəri üzrə, 64 komanda isə Gəncə zonası üzrə mübarizə apardı. Bu il isə tək təsnifat mərhələsində 80 komandanın iştirakı gözlənilir. Bu artıq MFL-in öz sahəsində ən kütləvi, bir nömrəli yarış olduğunu göstərir”.
Y.Vəliyev MFL-in oyunlarının peşəkar hakimlər tərəfindən idarə olunmasını xüsusi qeyd edib:
“Əsas məsələlərdən biri də oyunların peşəkar hakimlər tərəfindən idarə edilməsidir. Çünki bildiyiniz kimi, bir çox komandaların ən böyük problemləri hər zaman hakimlərlə olub. Buna görə də çalışırıq ki, MFL-in oyunlarına daha təcrübəli hakimlər ayrılsın ki, oyunlar yüksək səviyyədə idarə olunsun. Bütün komandalara uğurlar arzu edirik. İnanırıq ki, güclü olan 5 komanda MFL-in əsas liqasında iştirak edəcək”.
Xarici səfərdə olduğu üçün tədbirdə iştirak edə bilməyən MFL-in direktoru Rəhman Hacıyev 1news.az-a açıqlamasında bildirib ki, hər mövsüm olduğu kimi bu mövsüm də MFL-ə maraq olduqca böyükdür:
“Məlum olduğu kimi, MFL-in məqsədi mümkün qədər çox həvəskar futbol komandasını ən yüksək səviyyədə təşkil edilən turnir çərçivəsində birləşdirmək, eyni zamanda insanları zərərli vərdişlərdən uzaq durmağa və sağlam həyat tərzi sürməyə, daha çox idmanla məşğul olmağa təşviq etməkdir. Keçən müddət ərzində əldə etdiyimiz uğurlara nəzər saldıqda əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. MFL ətrafında birləşən futbol həvəskarının sayının günü gündən artması isə bizi daha çox sevindirir.
Bu il sayca dördüncü dəfə təşkil olunacaq MFL Liqasına marağın çox yüksək olduğunu deyən R.Hacıyev komandalara MFL Liqasında pulsuz iştirak imkanı verən təsnifat mərhələsinin turnirə marağı daha da artırdığını söyləyib.
Liqanın təşkilində AFFA-nın prezidenti Rövnəq Abdullayevin və baş katib Elxan Məmmədovun rolunu xüsusi qeyd edən R.Hacıyev bildirib ki, AFFA-nın dəstəyi olmasaydı MFL də mövcud olmazdı:
“Eyni zamanda bizə hərtərəfli dəstək verən sponsorlarımıza da xüsusi təşəkkür etmək istəyirəm. LSS bu mövsüm MFL-in baş sponsorudur. Xüsusi olaraq şirkətin rəhbəri dostumuz və qardaşımız Cavid İsmayılova təşəkkür edirəm.
“Muğanbank” ilk gündən Liqanın tərəfdaşı olmaqla yanaşı, bu mövsüm keçirilən təsnifat mərhələsinin də sponsorudur. Məhz “Muğanbank”ın sayəsində 5 komanda pulsuz olaraq MFL-də çıxış etmək imkanı qazanacaq.
Artıq bir neçə neçə ildir Liqaya sponsorluq edən “McDonald’s” və “BOS Shelf” şirkətlərinə də xüsusi təşəkkürümü bildirirəm. “McDonald’s” şirkətinin dəstəyi sayəsində bu il Gəncə şəhərində də turnir təşkil edə bildik. Ümid edirik ki, həmin turniri bu mövsüm də keçirəcəyik.
Eyni zamanda bizə informasiya dəstəyi verən CBC Sport telekanalına və 1news.az informasiya agentliyinə də xüsusi təşəkkürümü bildirirəm”.
Tədbirdə MFL 2019-2020-ci il mövsümünə qeydiyyatın başlamasına həsr olunan promo-çarx nümayiş olunub.
Daha sonra təsnifat mərhələsinin püşkü atılıb. Püşkatmanın nəticəsində komandaların ilk rəqiblərinin adı məlum olub.
Onu da bildirək ki, CBC Sport telekanalı püşkatma mərasimindən reportaj hazırlayıb. Həmin reportajı və tədbirdən çəkilmiş fotoları təqdim edirik:
1news.az