Sevinc Fətəliyeva: Ermənistan öz cılız məntiqi ilə heç vaxt beynəlxalq dəstək qazana və Azərbaycanın təşəbbüslərinə xələl gətirə bilməz
BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.
Qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir, bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır.
Pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan qətnamə bu baxımdan Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib.
Sevinc Fətəliyeva qeyd edib ki, qətnamə Prezident İlham Əliyevin fevralın 1-də Azərbaycan Televiziyasına verdiyi müsahibəsində ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü. Əldə edilmiş nəticəyə əsasən demək olar ki, dövlətimizin başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı. Deputat xatırladıb ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyevin 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirilmişdi. Bu sessiya qlobal miqyasda çox mühüm hadisə idi. Qoşulmama Hərəkatına sədrliyi həyata keçirən Azərbaycan Prezidenti ötən ilin mayında qurumun Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşündə belə bir təşəbbüslə çıxış etmişdi. Prezident İlham Əliyevin bu təşəbbüsü Qoşulmama Hərəkatının bütün 120 üzv dövləti tərəfindən dəstəkləndi. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsə öz dəstəyini ifadə etdi.
Deputat qeyd edib ki, Azərbaycanın təşəbbüsünə BMT səviyyəsində yüksək dəstək verilməsi respublikamızın beynəlxalq nüfuzunun getdikcə artdığını bir daha təsdiqləyir. Belə genişmiqyaslı tədbirin keçirilməsi Azərbaycana və onun Liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir. Xüsusi sessiyada çıxış edən Prezident İlham Əliyev bildirdi ki, bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var. Hesab edirəm ki, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsi də pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcək. Bu qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin şəkildə fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus ölkələr təmsil olunur.
Ermənistanın qətnamənin qəbuluna mane olmağa çalışsa da, uğursuzluğa məruz qaldığını və bununla da növbəti dəfə beynəlxalq miqyasda özünü rüsvay etdiyini vurğulayan S.Fətəliyeva deyib: “Qətnamənin qəbulu zamanı çıxış edən Ermənistan nümayəndəsi ölkəsinin bir sıra təkliflərinin bu sənəddə nəzərə alınmadığını bildirib. Ermənistanın təklifləri isə münaqişə zonalarına humanitar girişə imkan verilməsi və sair kimi məsələləri lüzumsuz yerə siyasiləşdirən təkliflər idi. Əslində, Ermənistan bu cür cılız məntiqlə heç vaxt beynəlxalq dəstək qazana və Azərbaycanın nüfuzuna xələl gətirə bilməz. Ölkəmizin beynəlxalq təşəbbüsləri hər zaman əməkdaşlığa, sülhə və təhlükəsizliyə xidmət edir. Bu təşəbbüslər bundan sonra da davam edəcək”.