“Airbus” sonuncu nəhəng “A380” təyyarəsini istehsal edib
"Airbus" şirkəti sonuncu dəfə nəhəng "A380" laynerini istehsal edib və onu sifarişçiyə - "Emirates" aviaşirkətinə təhvil verməzdən əvvəl son hazırlıq işlərinin görülməsi üçün Tuluzadakı zavoddan Hamburqa göndərib.
1news.az ted.az-a istinadən bildirir ki, istehsalçı dünyanın ən böyük - iki tam göyərtəli sərnişin təyyarəsi üzrə yeni sifarişlərin olmaması səbəbindən proqramı 2019-cu ildə bağlamağa qərar verib.
"A380" ölçülərinə görə aviaşirkətlərə sərnişinləri üçün şəxsi kabinləri olan lüks birinci sinif salonlar quraşdırmağa imkan verirdi. Amma dörd mühərrikin olması səbəbindən nəhəng laynerlər səmərəliliyinə görə ikimühərrikli təyyarələrə uduzurdu.
Nəticədə son illərdə "A380" modeli üçün yeni sifariş olmayıb, aviaşirkət isə hələ koronavirus pandemiyası başlamadan bu tip təyyarələri "donanmasından" çıxarmağa başlayıb.
Hazırda "Emirates" dünyanın ən böyük "A380" istismarçısıdır. Aviaşirkət istehsal olunan bütün nəhəng laynerlərin yarısından bir qədər azını alıb.
1news.az