İlham Əliyevin uğurlu siyasəti - Qalib Azərbaycanın gücü
Qloballaşma şəraitində sürətlə dəyişən dünyanın bütün predmetləri nəzərə alınmaqla, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasındadır.
Müstəqillik qazanmasından cəmi 29 il keçməsinə baxmayaraq Azərbaycan Respublikası regionunun lider dövlətlərindən birinə çevrilib. Bu illər ərzində ölkəmizin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atması həyata keçirilən çevik və uzaqgörən siyasətin nəticəsində mümkün oldu. Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını bu qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Dövlət başçısının fəaliyyətinə nəzər saldıqda görünən odur ki, onun siyasətində həyata keçirilən əsas prioritetləri Vətənin müdafiəsi və xalqın rifahıdır. Prezidentin müasir dünyaya yaxından bələd olması, vaxtında atılan cəsarətli addımları, dünyada siyasi proseslərin dərindən təhliletmə qabliyyəti qələbəmizi şərtləndirən əsas amillərdəndir. Müharibə zamanı bütün dünya Prezident İham Əliyevi təkcə Ali Baş Komandan kimi atdığı qətiyyətli addımarla deyil, eləcə də informasiya cəbhəsindəki uğurlu mübarizəsi ilə tanıdı. Prezident İlham Əliyevin xarici media nümayəndələri ilə 30 dan çox müsahibəsi bunun əyani subutudur.
Xocalı soyqırımının anım günündə ölkə başçısı İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dünyada geniş rezonans doğurub. Dörd saatdan çox davam edən mətbuat konfransı zamanı Prezidentin jurnalsitlərin suallarını dörd dildə səlis cavablandırması dünya gündəmində xüsusi maraqla qarşılanıb. Mətbuat konfransı Vətən müharibəsindən sonra meydana çıxan bir çox suallara aydınlıq gətirmək baxımından mühüm əhəmiyyətə malik oldu. Burada verilən suallara aydınlıq gətirilməklə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış kifayət qədər ciddi mesajlar verildi.
Prezidentin mətbuat konfransında toxunduğu vacib məqamlardan biri də işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün dövlət tərəfindən atılacaq addımlarla bağlı oldu. İşğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin, nəqliyyat-logistika proqramları reallaşdırılması ölkənin həyatında yeni bir mərhələnin başlanmasına səbəb olacağı ilə bağlı dövlət başçısının mühüm açıqlamaları oldu.
Mətbuat konfransı zamanı diqqət çəkən nüanslardan biri də iranlı jurnalistin qərəzli və natamam sualı ilə əlaqədar oldu. Görünür bu kimi təxribat xarakterli sualları hazırlayanlar dövlət başçısının siyası bacarığının, diplomatik hazırlığının yüksək səviyyədə olduğundan xəbərsiz olmaqla yanaşı, obyektiv və ədalətli mövqedən çox-çox uzaqda dayanıblar. Mətbuat konfransında ünvanlanan bu sualdan daha çox Prezidentin həmin jurnalistə reaksiyası maraq doğurdu. Prezident İlham Əliyev öncə xanım jurnalistə öz məqsədini daha anlaşılan tərzdə ifadə etməsi üçün şans verdi. Sonra isə Azərbaycanın sülhə və əməkdaşlığa kökləndiyini vurğuladı. Jurnalistə cavabında ölkə başçısı bəyan etdi ki, Azərbaycan bütün bu proseslərdə qonşu İranı da tərəfdaş kimi görür. Bununla da məsələni əsassız terror mövzusuna yönəltmək istəyənlər öz layiqli cavablarını almış oldular.
Eyni zamanda Böyük Britaniyadan olan jurnalist Aynur Tattersalın sözləri yerinə düşdü. O bildirib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı ölkə prezidentinin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O, Prezidentin çoxlarının nümunə götürməli olduğu rekorda imza atdığını dilə gətirib.
Yaxın tarixdə gerçəkləşən Yeni Azərbaycan Partiyasının VII qurultayında İlham Əliyev yekun nitqi ilə bir sıra məsələlərə aydınlıq gətirmiş oldu. Ölkə başçısı çıxışı zamanı şəhid ailələrinə göstərilən dövlət dəstəyindən söz açaraq bildirdi ki, bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq. Eyni zamanda Prezidentin çıxışı azad edilən torpaqlara böyük qayıdışın həyata keçirilməsi və bunun üçün qarşıda duran vəzifələr dolğun şəkildə əhatə edirdi. Prezident “Qarabağımızı ən qısa zamanda əsl cənnətə çevirəcəyik!” sitatı ilə Qarabağda aparılacaq quruculuq işlərini bütün dünyaya bəyan etmiş oldu!
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan gəncliyi dövlət başçısının dəstəyinə güvənərək öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir.
Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlib. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olublar. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edirlər. Son illər ərzində gənclərin ictimai fəallığı yüksəlib, onların idarəetmədəki rolu da artıb.
Prezidentin gənclərə olan inamı, ümidləri hər zaman onun siyasətində öndə gələn məsələlərdən olub. Qarabağın işğaldan azad olunmasında gənclərin əməyini vurğulayan dövlət başçısı bildirib:
“Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər”.
Eyni zamanda Prezident hər zaman gənclərdən özlərində təhliletmə qabiliyyətini formalaşdırmağı və düzgün nəticə çıxara bilmələrini tələb edir: “O dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalamış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, yarımmüstəmləkə kimi yaşaya bilərdi”.
Bu gün Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı təmin edilib. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlıq fəaliyyəti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı genişlənib. Neft və qeyri-neft sektoru günü-gündən inkişaf edir, ölkəyə xarici və yeri investisorların marağı artıb. İnamla demək olar ki, uzun illər Prezidentin həyata keçirdiyi bütün siyasi manevrlər öz bəhrəsini verdi. İndi Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarının hesabatlarında müxtəlif aspektlərdən ön cərgədə dayanır. Azərbaycan dünyanın ən çox islahatlar aparan ölkələrinin ilk onluğuna daxildir. Hökumətin islahatlara görə məsuliyyət əmsalı, yəni islahatçı imic əmsalına görə Azərbaycan dünyada beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası göstəricisi üzrə ölkəmiz 10-cu yerdədir. Hökumət tərəfindən siyasi sabitliyin təmin edilməsi göstəricisinə görə 11-ci yerdədir. İnfrastruktur layihələri sahəsindəki nailiyyətlər də heyranedicidir: dəmir yolu xidmətlərinin səmərəliliyi baxımından 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi üzrə ölkəmiz 12-ci yerdə qərarlaşır. Magistral yolların keyfiyyətinə görə Azərbaycan 24-27-ci yerlərdədir. Bu hesablama 74 inkişaf etməkdə olan ölkə arasında aparılıb.
Ölkə başçısının qarşıda duran hədəflərlə bağlı dediyi sitatı xatırlatmaq istərdim: “Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzü təmin etdik”.
Bu gün Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın hərtərəfli yüksəlişi, dünyaya inteqrasiyası və güclü siyasəti şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda oynadığı rolu, müstəqil Azərbaycanın varlığı və inkişafı üçün hazırladığı mükəmməl təməli İlham Əliyevin şəxsində öz layiqli davamçısını tapıb. XXI əsrin qalib sərkərdəsi Qarabağ zəfəri ilə bütün dünyaya Türkün gücünü sübut etdi. Bu yalnız güclü siyasi iradə və xalqına arxalanan dövlət başçısının əldə edə biləcəyi zəfər idi. Ona görə də böyük fəxarət və qürurla deyə bilirik - Azərbaycanın Müzəffər Ali Baş Komandanı, qalib Ordusu və sarsılmaz birliyi var. Bu amillər bölgədə danılmaz yeniliklər və reallıqları şərtləndirir. Bununla bağlı Prezident öz çıxışında bildirib:
“Bu gün yeni bir vəziyyət yaranıb, bu vəziyyəti biz yaratmışıq. Biz reallıqlar yaradan ölkəyik və bundan əvvəlki dövrlərdə də bizim təşəbbüsümüzlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirib, əməkdaşlığın yeni formatlarını şərtləndirib. Eyni zamanda, bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarıb, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır və bu, istər-istəməz bu ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir”.
Milli ruhda, tərbiyə olunan müasir Azərbaycan gəncliyi Prezident İlham Əliyevin dəstəyi ilə müstəqil Azərbaycana layiqli töhfələr verəcək və ölkəni daha inamla işıqlı gələcəyə aparacaq.
Qeyd edilənlər nəzərə alınmaqla əminliklə deyə bilərik ki, əldə olunan bütün naliyyətlər bundan sonrda da Azərbaycanın daha inamlı və qətiyyətli addımlar atacağına əsaslanır.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev