Deputat: “Azərbaycan və Serbiya arasında münasibət artan xətt üzrə inkişaf edir”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiyaya işgüzar səfəri və səfər zamanı səsləndirilmiş fikirlər, imzalanmış sənədlər onu deməyə imkan verir ki, ölkələrarası münasibət artan xətt üzrə inkişaf edir”.
Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputatın sözlərinə görə, yaxın gələcəkdə də Azərbaycanla Serbiya arasındakı münasibətlərdaha da inkişaf edəcəkdir:
“3 il yarım bundan öncə İlham Əliyev Serbiyada səfərdə olmuşdu, bu müddət ərzində münasibətlərin inkişaf etməsi üçün, həm Prezidentlər səviyyəsində, həm də Kommisiyalar səviyyəsində işlər görülmüş, xüsusilə də Azərbaycan məhsullarının Serbiyaya çatdırılması, Serbiyaya Azərbaycan qazının nəqli ilə bağlı da müəyyən işlər görülüb. Sonuncu dəfə məhz Bolqarıstana Azərbaycan qazının ötürülməsi üçün xəttin açılış mərasimində Balkan ölkələrindən olan Prezidentlərin iştirakı zamanı da Serbiya Prezidenti Azərbaycan Prezidenti ilə bağlı çox müsbət fikirlər söyləmişdir. Azərbaycanın Avropaenerji təhlükəsizliyində mühüm rol oynadığını da vurğulamışdır. Bu gün baş tutan bu görüşdə də bir daha bu fikirlər təkrarlandı”.
N.Həmzəyev vurğulayıb ki, bu ilin sonuna qədər Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ölkəmizdə rəsmi səfərə gələcək:
“Böyük ehtimal ilin sonuna qədər Serbiyanın Prezidentinin də Azərbaycana səfəri olacaqdır. Ən əsası da odur ki, iki dövlət arasında münasibətlərin sürətli inkişafı ilə bağlı gündəlik mövcuddur və bu gündəlik əsasında işlər təşkil ediləcəkdir. Bu da hər iki ölkənin inkişafına, xalqların rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaqdır”.
Qeyd edək ki, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərdə idi. Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılamışdı.
Aynurə Xudaverdiyeva