Sumqayıtda azyaşlı uşağın ölümündə adı çəkilən şəxs cüdo üzrə məşqçi deyil - Açıqlama
Azərbaycan Cüdo Federasiyası (ACF) Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb.
1news.az xəbər verir ki, federasiya açıqlamasında yayılan xəbərdə cüdo idman növünün adı çəkildiyini və bununla əlaqədar kütləvi informasiya vasitələrindən çoxsaylı sorğuların daxil olduğunu qeyd edib.
“İlk əvvəl bütün cüdo ailəsi adından bədbəxt hadisə nəticəsində vəfat etmiş Fərid Bakarovun ailəsinə dərin hüznlə başsağlığı diləyir, mərhumun vəfatından kədərləndiyimizi bildiririk.
İctimaiyyətin diqqətinə çatdırırıq ki, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo idman növü üzrə məşqçi deyildir. Belə ki, o, rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib və hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər idman növü üzrə keçirilib.
ACF olaraq, məşq zamanı məşqçilərin müvafiq təhlükəsizlik prosedurlara riayət etmələrinə və idmançılarının təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm veririk. Cüdo məşqləri zamanı azyaşlı uşaqların üzərində mürəkkəb fəndlərin göstərilməsi qəti qadağandır. Həmçinin, məşqlərə yeni başlayan uşaqlara ilk növbədə təhlükəsiz yıxılmalar öyrədilir və yalnız bir neçə aydan sonra müvafiq sadə fəndlərin öyrədilməsinə başlanılır. Bütün bu məsələlərə Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə birlikdə təşkil edilən məşqçilik kurslarında və seminarlarda xüsusi diqqət yetirilir.
Onu da qeyd edək ki, ACF tərəfindən 13 yaşa qədər uşaqların yarışlarında sağlamlığa xətər yetirə biləcək fəndlərin, xüsusilə başın yerə qoyulmasına səbəb ola biləcək fəndlərin istifadə olması qadağan edilib və məşqçilərə bu məsələyə diqqətlə yanaşmaları üçün qəti şəkildə tapşırıq verilib.
Qadağan olunmuş fəndlərə daxildir: “Ura-nage”, “Yoko-guruma”, “Yoko-otoshi”, “Tani-otoshi”, “Sode-tsurikomi-goshi”, “Tomoe-nage’’, “Makikomi” texnikaları və iki qolu götürməklə atılan bütün fəndlər. Həmçinin, hücum və ya əks hücum edərkən diz və ya dizlərindən istifadə edərək fənd tətbiq etməyə cəhd edilməsi (məsələn, dizləri yerə qoymaqla çiyin üzərindən atmalar) qadağan edilib.
Azərbaycan Cüdo Federasiyası bir daha Fəridin vəfatından dərindən kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə baş sağlığı diləyir. Allah rəhmət eləsin!”, - deyə ACF-dan bildirilib.