Binəqədidə qumbaraatan mərmisi aşkar edilib - FOTO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Binəqədi rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın RPQ-7 tank əleyhinə əl qumbaraatanının 1 ədəd PG-2 mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.