Deputat: “Düşünürəm ki, belə əfv sərəncamları ilin sonuna qədər də davam etdiriləcək”
"Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə əfv sərəncamı imzalaması çox əla bir xəbər oldu".
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif deyib.
“Bu sərəncam bir çox ailələrin evində sevincə səbəb oldu. Düşünürəm ki, belə sərəncamlar ilin sonuna qədər də davam etdiriləcək. “Heydər Əliyev ili” 2023-cü ildə ilboyu icra edilir, ilin sonunda da belə bir sərəncamın olma ehtimalı var. Möhtərəm Prezidentin bu günə qədər dəfələrlə əfv sərəncamını imzalaması onun humanist dəyərlərə malik olmasının bariz nümunəsidir. Biz düşünürük ki, əfv sərəncamı vasitəsilə azadlığa çıxacaq və yaxud məhkumluq müddəti azaldılmış şəxslər bu şansı düzgün dəyərləndirəcəklər. Əfv olunmuş bütün şəxsləri və onların ailə üzvlərini təbrik edirəm”.
Qeyd edək ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 801 məhkum əfv olunub, 463 şəxs azadlıqdan məhrumetmə cəzasından azad edilib.