“Xocəsən” metrostansiyası istiqaməti üzrə avtobuslar istifadəyə verilib - FOTO
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması, sıxlığın azaldılması, nəqliyyat infrastrukturunun səmərəli istifadəsi ilə bağlı tədbirlər çərçivəsində Ceyranbatan-“Xocəsən” metrostansiyası-Ceyranbatan, Masazır-“Xocəsən” metrostansiyası-Masazır müntəzəm avtobus marşrutlarını istifadəyə verib.
Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Marşrutlar Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin nəticəsinə əsasən fəaliyyətə başlayıb.
Ceyranbatan qəsəbəsi-“Xocəsən” metrostansiyası istiqaməti üzrə 505 nömrəli marşrut xətti 6, Masazır qəsəbəsi-“Xocəsən” metrostansiyası istiqaməti üzrə 506 nömrəli marşrut xətti isə 7 orta tutumlu avtobusla sərnişinlərə xidmət göstərir. Saat 06:10-dan 22:00-dək sərnişindaşımanı həyata keçirən avtobuslar arasında interval 15-20 dəqiqə təşkil edir.
Uzunluğu 24,2 km təşkil edən Ceyranbatan qəsəbəsi-“Xocəsən” metrostansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: Ceyranbatan qəsəbəsi, Bakı Mühəndislik Universiteti, “AAAF Park” yaşayış kompleksi, “Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Xırdalan dairəsi, Sulutəpə, “Xocəsən” metrostansiyası.
16,7 kilometrlik Masazır qəsəbəsi-“Xocəsən” metrostansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: “Abşeron City” yaşayış kompleksi, “Qurtuluş-93” yaşayış kompleksi, “Yeni Bakı” yaşayış massivi, Masazır dairəsi, “Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Sulutəpə, “Xocəsən” metrostansiyası.
Qeyd edək ki, şəhərlərarası və şəhərdaxili marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.