ADY fermerlərə mal-qara ilə bağlı tövsiyə edib
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmiləri fermerlərə mal-qaranın dəmir yolundan keçirərkən heyvanlar üçün ayrılmış xüsusi keçidlərdən istifadə etmələrini tövsiyə edib.
1news.az ADY-yə istinadən xəbər verir ki, qurum "Təhlükəsizlik həftəsi"ndə Hacı Zeynalabdin qəsəbəsində dəmir yolu yaxınlığında fəaliyyət göstərən fermerlərlə görüş keçirib.
Bildirilib ki, fermerlərə mal-qaranın dəmir yolundan keçirərkən heyvanlar üçün ayrılmış xüsusi keçidlərdən istifadə etmələri, qatarların intensiv qrafiki nəzərə alınmaqla onları dəmiryol ərazisinə nəzarətsiz buraxmamaları tövsiyə edilib.
Qeyd edilib ki, bu ilin 6 ayı ərzində qatarlar nəzarətsiz buraxılmış mal-qara ilə 19 dəfə toqquşub: "Bu hadisələr zamanı qatarlar ciddi zərər görür, nəzarətsiz buraxılan mal-qaranın sahibi isə qanunvericiliyə uyğun olaraq cərimələnir. Həmçinin hadisə nəticəsində heyvanlar tələf olur, maşinistin təcili tormozlaması nəticəsində sərnişinlər və qatar heyətinin həyatı təhlükə altına düşür, qatarların hərəkət qrafikində gecikmələr yaşanır".