Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib - FOTO
Nəsimi rayonunda küçələrin, parkların, məhəllələrin və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
1news.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində 450 sakinin yaşadığı Cavadxan küçəsi 34 və 38 saylı, hər ikisi 4 girişli, 5 mərtəbəli binalarda, həmçinin ətraf ərazidə abadlıq-quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq Cavadxan küçəsi 34 və 38 saylı binaların fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, giriş qapıları, pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, uşaq və əlil arabaları üçün panduslar quraşdırılıb.
Eyni zamanda, görülmüş işlər nəticəsində həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Sahibsiz ev heyvanları üçün damlar və quş yuvaları quraşdırılıb.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün həyətə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub, 100 ədəd şam ağacı, 500 ədəd mövsümi çiçəklər əkilib.
Qeyd edək ki, rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır. Rayon sakinləri görülən işlərə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirirlər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır, hər həftənin şənbə və bazar günləri müxtəlif ünvanlarda iməciliklər keçirilir, yeni ağaclar əkilir, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq edilir.