Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3,3 milyard manat olub.
1news.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 % çoxdur.
O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,1 % artaraq 2,1 milyard manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 12,4 % artaraq 118,2 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,2 % artaraq 88,2 milyon manata çatıb.
İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8 % artaraq 578,9 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,2 % artaraq 406,5 milyon manat olub.